Modern.az saytının “Sabiqlər” rubrikasının budəfəki müsahibi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sabiq funksioneri, Gədəbəyin keçmiş deputatı Nizami Quliyevdir.
- Nizami müəllim, son zamanlar görünmürsünüz. Bunun səbəbi nə ilə bağlıdır?
- Deputat olduğum dönəmdə Milli Məclisin statusu ilə bağlı qanuna görə deputatlar xidməti mənzillə təmin olunmalı idi. Mən də xalq tərəfindən seçilmişdim və parlametdə də seçildiyim bölgəni layiqincə təmsil etməyə çalışırdım. Amma elə alındı ki, mən mənzillə təmin olunmadım. Kirayələrdə qaldım. Siyasi fəaliyyətlə də məşğul olmaq üçün insanın maddi durumu yaxşı olmalıdır. İndi rayondayam. Aktiv siyasi fəaliyyətlə məşğul ola bilməsəm də, informasiyaları internet vasitəsilə alıram, lazımi təhlilər edirəm. Müharibə zamanı səhhətimlə bağlı ciddi problemlər yaranıb. Bununla bağlı hələ deputat olduğum vaxt Prezidentə müraciətim oldu. Bir müddət Prezident yanında İdarəçilik Akademiyasında bələdiyyə sahəsi üzrə dərs dedim. Amma orada işləməyə də səbrim çatmadı. Müəllim-tələbə münasibətləri qura bilmədim. Bu səbəbdən də oradan uzaqlaşdım. Rayonda da işləmək fikrim var idi, amma alınmadı. Burada təsərrüfat işləri ilə məşğul oluram. Bizim rayonda əsas kartofçuluqdur, bizim də torpaq sahələrimiz var, əkib-becəririk.
- Keçmiş deputat dostlarınızla əlaqələriniz varmı?
- Tez-tez biri birimizi görməsək də, arda görüşürük. Qulamhüseyn Əlibəyli ilə demək olarki, həftədə iki, üç dəfə danışırıq. Şirzad Əyyubla, Mahir Əsədovla da əlaqələrimiz var.
- Qulamhüseyn Əlibəylidən danışdınız və münasibətlərinizin yaxşı olduğunu vurğuladınız. Siz onun rəhbərlik etdiyi Aydınlar Partiyasında yüksək postda idiniz. İndi o partiyada qalırsınız, ya siyasi fəaliyyətinizə birdəfəlik xitam veribsiniz?
- O partiyada yenə də həmin vəzifədə qalıram. Aydınlar Partiyası Ali Məclisinin sədriyəm. Amma Məclis keçiriləndən keçirələnə Bakıya gedirəm.
- Dediyinizdən belə çıxır ki, sizin proseslərə və məsələlərə marağınız qalmayıb...
- Mən buna maraq deməzdim. Bunun adını enerji qoyaq. Sanki bütün enerjimi və qüvvəmi itirmişəm. İnsanın iqtisadi durumu zəif olanda çətin olur, problemlər yaranır. Bunu belə ifadə edərdim.
- Azərbaycanın siyasi həyatında və müstəvisində olan hadisələri necə qiymətləndirirsiniz? Müxalifətin fəaliyyətində hansı yanlışlıqlar var?
- Müxalifət nəyi səhv edir ki? Onlar sosial bazadan məhrumdurlar. O bazanı dirçəltmək üçün müəyyən kömək lazımdır. Bu məsələ isə bir az çətindir. Millətimiz hər şeyi daha yaxşı görür. Millət siyasilərdən bir addım öndədir. Mən 1990-cı illərdə bunun şahidi oldum. İndi xalq Milli Şuranın fəaliyətini görür və perspektivinə o qədər də inanmır. Bunlar mənim fikrimdir. Ola bilər ki, səhv edirəm. Zamanı gələndə xalq nə Milli Şuranı, nə də başqa bir partiyanı tanımayacaq. Bəzi insanlar deyirlər ki YAP-ın üzvüyük. Onların çoxu özlərini qorumaq naminə bunu edirlər. Biz neft ölkəsi olmağımıza baxmayaraq, neftin qiyməti bahadır. Əgər Avropa standartlarına qiymətləri uyğunlaşdırırlarsa, gərək camaatın maddi durumunu da nəzərə alsınlar. Bu gün yeni iş yerlərinin açılmasına çox böyük ehtiyac var.
- Sabiq deputatlardan bəziləri elə düşünərlər ki, vəziyyətin belə yerə gəlib çıxacağını bilsəydilər əvvəlcədən maddi durumları barədə düşünərdilər. Siz necə düşünürsünüz?
- Mən düşünürəm ki, ən azından belə bir addımı atmaq üçün gərək düşərgəni dəyişəydim. Mənə heç vaxt ciddi təkliflər olmayıb. Bəzən yarızarafat, yarıciddi deyiblər ki, gəl, düşərgəni dəyiş, hər şeyin olsun. Mən qeyri-ciddi insanların sözlərinə heç vaxt inanmıram. Heç vaxt səlahiyyətlərimdən sui-istifadə etməmişəm. Buna isə təəssüflənmirəm.
- Siz cəhd etməyə bilərdiniz. Bəs ailəniz, sizə demədilərmi biz də yaxşı yaşamaq istəyirik?
- Mən bir şey deyim ki, müharibə veteranıyam. Amma əlil deyiləm. Müharibədə qəlpə yarası almışam. Buna görə pensiya alıram. İndi maddi cəhətdən çətinliyimiz olsa da, birtəhər dolanırıq.
- Siz torpaqlarımızın işğaldan azad olunmasında fəal azərbaycanlılardan biri olmusunuz. İndi Qarabağla bağlı son hadisələri necə qiymətləndirirsiniz?
- Ermənilərin bizim doğma torpaqlarımızı işğal etdikləri danılmaz faktdır. İkinci Dünya Müharibəsindən sonra beynəlxalaq hüquqlar, normalar yarandı. Amma ondan əvvəl hər şey etmək mümkün idi. Amma o akta görə mən güman edirəm ki, torpaqlar zor yolu ilə olsa da, geri alınmalıdır. Ermənistan hansı gücün sahibi olursa olsun, bu məsələ həll olunmalıdır. Burda bir məqam ondan ibarətdir ki ermənilər də gərək onu dərk etsin ki, beynəlxalq layihələrdən geri qalırlar. Bu sülh prosesi nə qədər tez gerçəkləşərsə, bir o qədər yaxşıdır. Burada yəqin ki, Rusiyanın təsiri çox böyükdür. Bu ısə imkan vermir ki, ermənilər addım atsınlar. Onların siyasi elitası üçün çox sərfəli olardı ki, münaqişənin sülh yolu ilə çözülməsinə razılıq versin və ərazilərimizi işğaldan azad etsinlər.
- İndiki deputatlarla münasibətləriniz varmı?
- Bakıya nə zaman gəlsəm, imkan daxilində bəzilərilə görüşürəm. Amma hamısı ilə salamımız var.
-Nizami müəllim, bundan sonra planlarınız nədir, hansı işləri görməyi nəzərdə tutursunuz?
-Hələki rayondayam. Elə imkanım da yoxdur ki, gəlib, Bakıda yaşayım. Amma orda evim, şəraitim olsaydı, yenidən aktiv siyasi fəaliyyətə başalayardım.
Pərvin ARZUQIZI