Modern.az

“Axır səni düzdə qoydu bu düzlük...” - Məmməd Arazın qızı

“Axır səni düzdə qoydu bu düzlük...” - Məmməd Arazın qızı

Mədəniyyət

14 Oktyabr 2024, 10:48

14 oktyabr tarixi Xalq şairi Məmməd Arazın doğum günüdür.

Məmməd Araz yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. Harada işləməsindən, hansı vəzifəni tutmasından asılı olmayaraq, Məmməd Araz bütün ömrü boyu bir vəzifəni icra edib: o da poetik Azərbaycan dünyasına xidmət, Vətən qarşısında vətəndaşlıq borcunu yerinə yetirməkdir.

Nə itim var – daş atalar, hürdürələr,
Nə atım var – çubuq çəkib hürküdələr,
Nə qoyunum, nə quzum var – qurda qismət…
Varım – yoxum beş – on sözdür – yurda qismət.

Bu il Məmməd Arazın 91 illiyidir.

Modern.az-ın məlumatına görə, mərhum şairin qızı İradə Tuncay ötən il olduğu kimi, bu il də sosial şəbəkədə aidiyyatı qurumların atasına biganəliyindən incikliyini gizlətməyib:

“Axır səni düzdə qoydu bu düzlük...”, - deyə o qeyd edib.

Qeyd edək ki, ötən il də şairin 90 illik yubileyi təntənəli şəkildə qeyd olunmamışdı.

Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Naxçıvan MR Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbəri olduğu ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib.
1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb, Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki ali ədəbiyyat kurslarının müdavimi olub.

Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olub.

1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib.

Xidmətlərinə görə 1991-ci ildə Xalq şairi adına, 1995-ci ildə “İstiqlal” ordeninə layiq görülüb.

Onun “Vətən mənə oğul desə”, “Məndən ötdü, qardaşıma dəydi”, “Mənim Naxçıvanım”, “Ata ocağı”, “Ana yurdum, hər daşına üz qoyum” şeirləri vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəridir. 

Şairin “Üç oğul anası”, “Araz axır”, “Mən də insan oldum”, “Paslı qılınc”, “Əsgər qəbri”, “Atamın kitabı” poemaları fundamental məsələlərə həsr olunub.

2004-ci ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər