Modern.az

Qarabağın ilk tələbələri: "Hər addımda şəhidlərimizin xatirəsini yada salırıq"

Qarabağın ilk tələbələri: "Hər addımda şəhidlərimizin xatirəsini yada salırıq"

Təhsil

15 Oktyabr 2024, 16:22

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılıb. 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Qarabağ Universiteti hazırda 3 tədris binasında yerləşir. Əsas tədris binasında Pedaqoji, Mühəndislik, Humanitar və sosial elmlər, İqtisadiyyat və Turizm fakültələri, 2-ci tədris binasında İncəsənət fakültəsi, 3-cü tədris binasında isə Beynəlxalq dil mərkəzi fəaliyyət göstərir.

 

Tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi üçün ilk tədris ilinin müvafiq ehtiyacları nəzərə alınmaqla universitetdə 6 (Fizika, Kimya, Mexatronika, Robototexnika, Kompüter və qrafiki dizayn, Kompüter və proqramlaşdırma) laboratoriya yaradılıb

 

Modern.az Qarabağ Universitetinin tələbələri ilə hömsöhbət olub.

 

500 balla Qarabağ Universitetinin kompüter mühəndisliyi ixtisasında təhsil alan Məhəmməd Ələkbərli bildirib ki, Salyan rayonundan təhsil almaq üçün Xankəndiyə gəlib:

 

“Qarabağ Universitetinin ilk tələbələrindən biri olmaq mənim üçün qürur vericidir. Universitetimiz hər bir şey ilə təmin olunub. Bura tam tələbəyə məxsus bir yer kimidir. Əsasən xarici dil keçirilməsi bizim gələcəyimiz üçün çox əhəmiyyətlidir. Burada heç bir universitetdə olmayan şərait var. Əminəm ki, universitetimiz gələcəkdə daha yüksələcək və dəyəri daha da artacaq. 4 il sonra buranın ilk məzunlarından olma düşüncəsi insana ayrı bir qürur verir”.

 

549 balla Qarabağ Universitetinin Xarici dil müəllimliyi ixtisasına qəbul olan Şıxalıyeva Fidan qeyd edib ki, Qarabağ Universitetində təhsil almaq üçün Bakıdan gəlib:

 

“Bu mənim üçün çox xüsusi bir təcrübədir. Burada təhsil almaq mənə güclü akademik baza qazandırır və müəllimlər tələbələrin inkişafına böyük dəstək verirlər. Universitetin texnoloji infrastrukturu və müasir tədris metodları təhsil prosesini daha maraqlı və effektiv edir. Eyni zamanda, burada tələbələr arasında dostluq və əməkdaşlıq ruhu çox güclüdür. Qarabağla bağlı xüsusi vətənpərvərlik hissi burada oxumaq hissini daha da dəyərli edir”.

Qarabağın illər sonra ilk tələbələri olaraq Azərbaycanı təmsil etmək mənə böyük qürur hissi yaşadır. Bu, sadəcə bir təhsil almaq deyil, həm də tarix yazmaq, torpaqlarımızın yenidən canlanmasında bir pay sahibi olmaqdır. Hər addımda Qarabağ uğrunda mübarizəni və şəhidlərimizin xatirəsini yadda saxlayaraq oxuyuruq. Bu, həm böyük məsuliyyət, həm də öz torpaqlarımıza layiq şəkildə inkişaf etmə arzusu ilə doludur. Azərbaycanı Qarabağda təmsil etmək, həm də gələcək nəsillərə güclü bir miras qoymaq deməkdir”.

511 balla Qarabağ Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına qəbul olan Kamilova Aysunun sözlərinə görə, təhsili üçün Qubadan Xankəndiyə gəlib:

 

“Qarabağ Universitetində tələbə olmaq həm məsuliyyətli, həm də qürurverici bir hissdir. İllər sonra bu torpağa qədəm qoymaq mənim üçün sözlə ifadə olunmayacaq bir hissdir. Qarabağ Universitetinin ilk tələbələrindən biri olduğum üçün özümü şanslı hiss edirəm. Tələbəlik həyatı maraqlıdır, amma burada tələbə olmaq tamamilə başqa bir xoşbəxtlikdir. Qarabağ Universitetinə qəbul olmaq mənim üçün  sevindirici bir xəbər oldu. Qəbul xəbərini eşidəndə əsasən də sevincimin həddi-hüdudu yox idi.

 

Tələbələr üçün Qarabağ üniversestetində müasir standartlara əsaslanan hər cür şərait yaradılıb. Tələbələrin yüksək səviyyədə təhsil alması, hər şeyin yüksək səviyyədə olması üçün universitey heyəti çalışır. Bizə göstərilən diqqət üçün dövlətimizə sonsuz təşəkkürümü bildirirəm”.

513 balla Qarabağ Universitetinin kompüter mühəndisliyi ixtisasında təhsil alan Məmmədzadə Əli bildirib ki, Bakı şəhərindən Qarabağ Universitetində təhsil almaq, Xankəndinin quruculuq prosesində bir gənc kimi iştirak etmək üçün gəlib:

 

“Uşaqlıqdan bəri Qarabağda yaşamaq xəyalında olmuşam. Bir vaxtlar mümkünlüyünə şübhə elədiyim xəyalı yaşayıram. Bu tarixi hisləri sözlə ifadə etmək mümkün deyil. Qarabağ Universitetinin ilk tələbələrindən biri olmaq mənə böyük xoşbəxtlik hissi verir. Burda bizim üçün gözəl şərait yaradılıb. Savadlı və mehriban müəllim heyəti ilə dərs keçmək çox rahatdır. Müəllimlər diqqətini bizdən ayırmır. Dərsdən sonra  boşluqlarımızı doldurmaq üçün bizə əlavə vaxt ayırılır. Bu halda bizim tək missiyamız dərslərimizə məsuliyyətlə yanaşmaq öz sahələrimizdə uğur qazanıb Azərbaycan adına yeni tarixi nailiyyətlər qazanmaqdır”.

573 balla Qarabağ Universitetinin xarici dil müəllimliyi ixtisasında təhsil olan Nərmin Məhərrəmzadə isə Qarabağa Bərdə rayonundan gəlib:

 

“Qarabağ Universitetində təhsil almaq mənim üçün cox qürur verici bir hissdir, həm də bu universitet bizim gələcəyimiz üçün çox böyük imkanlar qazandırır. Qarabağ Universitetinin ən yaxşı tələbələri sırasında olmaq və gələcəkdə bu universitetinin tələbəsi olduğumu qürurla demək ən böyük hədəflərimdən biridir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI