Modern.az xəbər verir ki, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İspaniyanın və ümumilikdə Avropanın ən nüfuzlu informasiya agentliklərindən olan “EFE” agentliyinin redaktoru, tanınmış jurnalist Karmen Klara Rodriges Alonso ilə görüşüb.
Görüşdə qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları haqqında ətraflı məlumat verən Əli Həsənov son 200 il ərzində Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlıların bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qaldıqlarını deyib.
Əli Həsənov qeyd edib ki, 1923-cü ildə Azərbaycanın az sayda ermənilərin yaşadığı ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. XX əsrin ortalarında - Stalinin hakimiyyəti dövründə xüsusi qərarla azərbaycanlılara qarşı deportasiya tətbiq olunub. Mixail Qorbaçov Sovet İttifaqının rəhbəri olduqdan sonra onun rəğbətindən istifadə edən ermənilər “böyük Ermənistan” yaratmaq iddialarını daha da fəallaşdırıblar. 1988-1992-ci illərdə Ermənistan ərazisindən azərbaycanlılara qarşı son etnik təmizləmə siyasəti misilsiz bir qəddarlıq və vəhşiliklə həyata keçirilib, 250 min soydaşımız öz ata-baba yurdlarından qovularaq qaçqına çevrilib.
Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin – Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını faktlarla diqqətə çatdıran Baş nazirin müavini Xocalı soyqırımı barədə də qonağa məlumat verib.
Əli Həsənov bildirib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan iqtisadiyyatına təxminən 300 milyard ABŞ dolları dəyərində ziyan vurulub.
Əli Həsənov diqqətə çatdırıb ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair aparılan danışıqlar heç bir nəticə verməyib. Minsk qrupunda təmsil olunmuş ölkələrdə güclü erməni lobbisinin fəaliyyət göstərməsi Azərbaycanın bununla əlaqədar haqlı narazılığına əsas verir.
Qonağa 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı məlumat verən Ə.Həsənov bildirib ki, 1918-ci il martın 31-də başlayan bu proses həmin il aprelin 4-dək davam edib. Bu soyqırımı o zaman Azərbaycanı işğal etmiş bolşeviklər tərəfindən ölkəmizə rəhbər təyin olunan Stepan Şaumyan tərəfindən təşkil olunub. Beş gün ərzində davam edən proseslərdə 50 min azərbaycanlı qətlə yetirilib, 150 min insan yaralanıb, 400 min nəfər isə yaşayış yerini dəyişib.
20 Yanvar faciəsindən danışan Komitə sədri qeyd edib ki, bu dəhşətli hadisə 1990-cı il yanvarın 20-də sovet qoşunları tərəfindən törədilib. Həmin qoşunların tərkibinin böyük əksəriyyətini məhz ermənilər təşkil edib.
Karmen Klara Rodriges Alonso ətraflı məlumata görə təşəkkür edib, təmsil etdiyi agentlik haqqında məlumat verib.
O, ölkəmizə səfərinin əsas məqsədinin Azərbaycan xalqının zamanla üzləşdiyi faciələri dünya ictimaiyyətinə çatdırmaq olduğunu söyləyib. Qonaq görüşdə əldə etdiyi məlumatların ona bu işində çox böyük kömək göstərəcəyini vurğulayıb.
Azərbaycanda gördüyü inkişafı yüksək qiymətləndirən qonaq Bakının müasirliyin və qədimliyin vəhdət təşkil etdiyi şəhər olduğunu diqqətə çatdırıb.
Modern.az