Modern.az

Qərb Gürcüstanı xaosa sürükləyə bilər - AÇIQLAMA

Qərb Gürcüstanı xaosa sürükləyə bilər - AÇIQLAMA

Analitika

19 Oktyabr 2024, 15:50

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. Seçkilərdə iştirak edəcək partiya və siyasi təşkilatlar artıq namizəd siyahılarını açıqlayıblar.  Tam proporsional seçki sistemi əsasında baş tutan seçkilərdə partiyalar parlamentə düşmək üçün azı 5 faiz səs toplamalıdır. 

 

Budəfəki seçkilərə Qərbin müdaxilə və təzyiqlərinin olacağı düşünülür. Ölkə hakimiyyəti bu barədə xəbərdarlıq edib və hazırlıqlara başlayıb.

 

Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov bildirib ki, indidən Gürcüstan cəmiyyətinin yol ayrıcında qaldığını demək olar:

 

"Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. Gürcüstan cəmiyyəti ya Avropa Birliyini seçmək, ya da Rusiya istiqamətinə üstünlük vermək yolunu tutmalıdır. Təhlillər onu göstərir ki, hələlik Gürcüstan ictimaiyyəti Avroatlantik inteqrasiyaya daha çox üstünlük verir. Amma eyni səviyyədə Rusiya ilə münasibətlərin bərpası və inkişafının tərəfdarı olanların sayı da az deyil. Onu da qeyd etmək olar ki, budəfəki seçkilər bir sıra aspektlərinə görə unikaldır. İlk dəfə proporsional seçki sistemi tətbiq olunacaq. İlk dəfədir ki, seçicilərin 90 faizi seçki məntəqələrində quraşdırılmış elektron cihazlardan istifadə etməklə səs verəcəklər. Bu, tamamilə yeni hadisədir. Parlament partiyası olmaq üçün 5 faiz baryer aşılmalıdır. Ona görə də bir çox partiyalar bu seçkilərə koalisiya halında gedirlər. İndidən 5 faizlik baryeri aşa biləcək əsas namizədlər bəllidir. Artıq üç müxalifət partiyasının koalisyası ilə "Gürcüstan Uğrunda" Partiyası Gürcüstan xartiyası adlı sənədə imza atıblar. Onlar konsolidasiya şəklində seçkilərə qatılmaq istəyir. Beləliklə, hakim "Gürcü Arzusu" qalib gəlmək niyyətini gizlətmir. Nəzərə alaq ki, hakim partiya da öz ətrafında "Xalqın Gücü" adlı ictimai siyasi hərəkatı birləşdirib. Bundan savayı seçkilərdə "Gürcüstanın Xilası Naminə Birlik", "Dəyişikliklər naminə Koalisya" və bu kimi siyasi partiyalar öz iddialarını ortaya qoyublar".

Elman Nəsirov vurğulayıb ki, Gürcüstanda keçirilən seçkilərə Qərbin çox ciddi təzyiqləri var:

 

"Bu da seçki proseslərinə yeni nüanslar əlavə edir. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Cozef Borrel indidən hakim "Gürcü Arzusu" partiyasının rəhbərliyini tənqid edir. Hesab edir ki, onların yolu Avropa İttifaqından uzaqlaşmaq yoludur. Xarici Agentlər haqqında sənədin əleyhinə olmaması da rəsmi Brüsseli xeyli narazı salıb. Oktyabrın 10-da Almaniya Bundestaqı da Gürcüstandakı seçkilərlə bağlı qətnamə qəbul edib. Bu qətnamədə Gürcüstan cəmiyyəti daha düzgün seçim etməyə təhrik edilir. Seçimin Avropa məkanı olduğu vurğulanır və hakim partiya çox kəskin tənqid olunur. Eyni zamanda Qərbin bir sıra digər dövətləri də analoji yol seçərək, Gürcüstanda keçirilən seçkilərdə təsir göstərməyə çalışırlar. ATƏT-in demokratik təsisatlar və insan haqları bürosu da indidən seçkilərin nəticələrinə kölgə salmağa başlayır. Seçkidə hakim partiya qalib gələrsə, ölkə daxilində vəziyyətin nəzarətdən çıxarılması və ciddi vətəndaş toqquşması, siyasi partiyaların üz-üzə gəlməsi və Gürcüstanı xaosa sürükləyəcək addımların atılması mümkündür. Xüsusilə, Qərb siyasi dairələri prosesin bu istiqamətdə inkişafında maraqlıdır".

 

Deputat Azərbaycanın seçkilərlə bağlı mövqeyindən də danışıb:

 

"Azərbaycan Gürcüstanı özünə strateji tərəfdaş hesab edir. İndiki hakimiyyətin yeritdiyi siyasətə royal münasibət var. Qonşu dövlətdə normal, şəffaf, demokratik seçkinin keçirilməsində maraqlıyıq. Güclünün qalib gəlməsini istəyirik. Güclü isə xalqın dəstəklədiyi siyasi qüvvədir. Xalqın seçiminə Azərbaycan hökuməti həmişə hörmətlə yanaşıb. Bundan sonra da analoji yanaşma öz qüvvəsini qoruyub saxlayır. Biz qonşu dövlətdə siyasi proseslərin qanun çərçivəsində inkişafının marağındayıq. Proseslərin xaosa istiqamətlənməsinin əleyhinəyik. Çünki qonşuda ev yanarsa, digər qonşu heç vaxt təhlükəsiz vəziyyətdə olmur. Ona görə biz qonşu dövlətdə normal sakit, sivil, demokratik seçkilərin keçirilməsinin tərəfdarıyıq. Azərbaycan bundan sonra da qonşu Gürcüstanla strateji tərəfdaşlıq münasibətlərinin qorunub-saxlanılmasında maraqlı olduğunu dəfələrlə bəyan edib".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu