“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri tərəfindən guya Alpinizm federasiyasının hansısa tədbir keçirmək cəhdləri zamanı kimlərinsə iplərinin kəsilməsi və yandırılması, onların həyatlarına təhlükə yaradılması barədə iddialar cəfəng və axmaq fikirlərdir”. Modern.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev deyib.
F.Əliyev bildirib ki, “məqsədli surətdə provakasiya yaratmaq üçün atılacaq addımların doğuracaq reaksiyasını əvvəlcədən bilərək uydurma bəyanatlara əsas yaratmaq niyyəti ilə 20-25 nəfərlik dəstə, guya hansısa tədbir keçirmək üçün heç kəsə demədən Qusarın Ləzə kəndinə gedib. Məlumatsız olan yerli orqanlar müvafiq strukturlara, o cümlədən Gənclər və İdman Nazirliyinə müraciət edib. Məlum olub ki, idman nazirliyi ilə də heç bir tədbirin keçirilməsi razılaşdırılmayıb. Təbii ki, yerli bələdiyyə adekvat addımlar ataraq bu dəstənin özbaşına hərəkətlərinin qarşısını almaq üçün yerli icra orqanlarına və ekologiya nazirliyinin ərazi şöbəsinə müraciət edib. Yerli icra orqanları bunun qarşısını alıb. Əfsuslar olsun ki, ETSN-nin işçiləri hadisə yerinə gəlib çata bilməyib. Çünki Ləzə kəndinin bələdiyyəsi qayalıqların özbaşına çapılması, oyularaq dəmir-metal alətlərlə zədələnməsi ilə bağlı tədbir görülməsi üçün müvafiq olaraq ETSN-nin ərazi ekologiya şöbəsinə rəsmi məktubla müraciət etsə də, müraciət Nazirliyin ərazi şöbəsinə gec daxil olub. Nazirliyin əməkdaşları gedib araşdırma aparmağa macal tapmayıb. Buna baxmayaraq, müraciətə operativ cavab vermədikləri üçün ərazi şöbəsinin əməkdaşlarına qarşı cəza tədbiri görüləcək” .
Nazir müavini qeyd edib ki, “baş verənlər bu dəstənin əvvəlcədən düşündüyü çirkli şər-böhtandır. İlk gündən də məqsədləri ancaq provakasiya yaratmaq olub. Belə olmasaydı bu dəstə ölkədə idman siyasətini həyata keçirən Gənclər və İdman Nazirliyi tərəfindən keçirilməsi təsdiq olunmuş, vaxtı xeyli əvvəldən müəyyənləşdirilmiş Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının milli çempionatına qarşı çıxıb, tez-tələsik yarış adı altında gülünc tədbirlərini eyni günə salmazdı. Zaman da göstərdi ki, bunların məqsədləri yarış keçirmək deyildi, milli çempionatı sabotaj etmək idi. Əminəm ki, həmin yerdə guya idmançıların ipinin kəsilməsi, yandırılması, buna görə yalandan hay-haray salınması da onların öz işidir. Hamısı bizə böhtan atmağa hesablanmışdı. Onlar hədlərini aşıblar, ağıllarına nə gəlir edirlər, bu cür hərəkətlərin hamısını onlardan gözləmək olar.
Bir daha bəyan edirik ki, ETSN-nin əməkdaşları sözügedən ərazidə olmayıb. Bu şərçi dəstənin məqsədli, iyrənc oyunları Nazirliyə böhtan atmağa hesablanıb.
"ETSN-yə qarşı aparılan şər-böhtan kampaniyasına son qoyulması üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq".Modern.az