Modern.az

Şirməmməd Hüseynov Modern.az-a DANIŞDI: “Yaşıma görə bu gün mən çox tələsirəm”

Şirməmməd Hüseynov Modern.az-a DANIŞDI: “Yaşıma görə bu gün mən çox tələsirəm”

17 Dekabr 2013, 12:21

Azərbaycan mətbuatının ağsaqqalı, milli mətbuat tariximizin yorulmaz araşdırıcısı, Bakı Dövlət Universitetinin müəllimi, professor Şirməmməd Hüseynovun 89 yaşı tamam olur.

Şirməmməd Hüseynov 1924-cü il dekabrın 17-də Şəkidə anadan olub. Böyük ömür yolu keçən Şirməmməd müəllim Azərbaycan tarixinin ən önəmli olaylarının canlı şahidinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin irsinin öyrənilməsində, təbliğində onun misilsiz xidməti var.

Modern.az-a danışan 89 yaşlı, əvvəlki əhval-ruhiyyəsində və aktiv fəaliyyətində olan Şirməmməd Hüseynov özündən və qarşıdakı fəaliyyətindən danışıb:

“Rəsulzadənin əsərlərinin beşinci cildini hazırlayıram. Kitab hazırdır, yanvarın 5-6-da nəşriyyata verəcəyəm. İkinci bir kitab da hazırlayıram. Bu öz kitabımdı, artıq 400 səhifəsi kompüterdə yığılıb. “Milli varlığımızın keşiyində” adlanır. Burda mənim çap olunan və olunmayan məqalələrim yer alacaq. Vaxtilə “Pravda”, “İzvestiya” “Uçitelskaya qazeta”da, yəni Moskva mətbuatında bizim haqqımızda yazılanlara cavablardan ibarətdir. Bu vaxta qədər bu cavablar çap olunmayıb. Həm də vaxtilə yazdıqlarımdan da bəzilərini çap etmək istəmədim. İndi bunların hamısını bir yerə yığmışam, “Milli varlığımızın keşiyində” kitabında çap edəcəyəm. Təxminən 600 səhifəlik bir kitabdır.

Üçüncü bir iş üzərində də işləyirəm. Bu saat da masamın üstündədir. 1995-ci ildə Türkiyədə Səbahəttin Şimşik belə bir kitab buraxıb: “Məmməd Əmin Rəsulzadənin Türkiyədəki həyatı, fəaliyyəti və düşüncələri”. Bilirsiniz də o, cəmi 71 il yaşayıb. 36 ilə qədər Azərbaycanda, 35 ilə qədər də Türkiyədə. Onun fəaliyyətinin Türkiyə dövrünü oranın tədqiqatçıları çox əla tədqiq ediblər. İndi də araşdırırlar. Çünki Məmməd Əminin arxivi Türkiyədədir, Azərbaycanda yoxdur.

Azərbaycan tarixi hələ sovet dövrünün təsiri altından çıxmayıb. Bizim tarixçilərin başı sovet ideologiyası ilə yoğrulub. İstəsələr də istəməsələr də, adların nə qoysalar da aldıqları təhsil, düşüncə tərzi Müsavat düşmənçiliyində bu özünü göstərir. Vaxtilə Çingiz Aytmatovla söhbətimiz olmuşdu ki, bizdə həqiqi müstəqillik dövrü vətəndaşının yetişməsi üçün bir neçə nəsil dəyişməlidir. Bunu bilirsənmi, oğul?! İndi bu kitabı da işləyəcəyəm. 128 səhifəlik bir kitabdır. Elə də böyük bir problem deyil. Dil ayrıdır, sadəcə çevirmək qalır. Bir başqa fəaliyyətim də var. Rəsulzadə parlamentdə Müsavat fraksiyasının rəhbəri olub. Bizim parlamentdə 1918-ci il dekabr 7-dən 1920-ci il aprelin 27-dək 143 iclas olub. Bunların əksəriyyətində Rəsulzadənin çıxışları, replikaları olub. Onu yığıb bir kitab şəklində türklər buraxıblar, amma biz buraxmamışıq. O kitab parlamentin iki cildlik stenoqramı əsasındadır. Mən indi o stenoqramı orijinalla yoxlayıram. Görürəm ki, çox ciddi səhvlər var. Sağ olsunlar çap ediblər, əməklərini qiymətləndirmək lazımdı, amma gərək orijinalla da yoxlanıla. Onu vaxtilə riyaziyyat müəllimi Səhənd İbrahimov köçürüb. Mən yenidən yoxlayıram və görürəm ki, yenidən çap etmək lazımdı. Mən təxminən 40 iclasın protokolunu orijinalla yoxlayıb hazırlamışam. İlk parlamentimizin sənədləri 3 cilddə çap olunacaq. Bilirsən, yaşıma görə bu gün mən çox tələsirəm. Ayrı vaxtlar 6 saat işləyirdimsə bu gün 10 saat işləyirəm”.

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı