Nizami Rayon İcra Hakimiyyəti "8-ci km bazarı"nın ("Vosmoy bazarı") sökülməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
Modern.az-ın məlumatına görə, İcra Hakimiyyətindən bildirilib ki, "8-ci km bazarı" ətrafında, Naxçıvanski küçəsi boyunca ərazidə olan qanunsuz küçə ticarətinin və antisanitar vəziyyətin aradan qaldırılması ilə bağlı tədbirlər görülür.
Nəzərə çatdırılıb ki, qanunsuz quraşdırılmış, şəhərin ümumi görünüşünə xələl gətirən köşklər götürülür. İşlər yekunlaşdıqdan sonra ərazidə təmizlik, abadlıq və yaşıllıq işlərinin aparılması nəzərdə tutulur: “Qeyd edək ki, bir ay öncə Naxçıvanski küçəsi boyunca qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərə ərazidə abadlıq işlərinin aparılacağı barədə xəbərdarlıq edilmişdir”.
***
10:44
Bakının Nizami rayonunda yerləşən "8-ci km Ticarət Mərkəzi"nin ətrafındakı küçə ticarətinin yığışdırılmasına başlanılıb.
Modern.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntülər paylaşılıb.
Nizami Rayon İcra Hakimiyyəti məlumatı təsdiq edib.
Qurumdan bildirilib ki, ötən gündən başlayaraq bazarın yaxın ətrafında küçə ticarətinin yığışdırılmasına, ərazidə səliqə-sahmanın bərpa olunmasına start verilib.
"Bu istiqamətdə həyata keçirilən işlər çərçivəsində küçə tiçarətinin təşkil olunduğu piştaxtalar sökülərək ərazidən yığışdırılır", - "iqtisadiyyat.az"a verilən açıqlamada qeyd olunub.