Milli Məclisin bu gün keçirilən iclasında deputat Flora Qasımova Xankəndi ilə bağlı məsələ qaldırıb. Modern.az saytının parlamentdəki əməkdaşının verdiyi məlumata görə, Flora Qasımova Azərbaycanın işğal altında olan Xankəndi şəhərinin icra strukturunu yaratmağı təklif edib.
Deputat deyib ki, işğal edilmiş ərazilərimizlə bağlı işıq üzü görən bir sıra nəşrlərdə və həyata keçirilən layihələrdə işğal altında olan rayonların işğal tarixi göstərilsə də, Xankəndinin işğal tarixinin göstərilməməsi ciddi narahatlıq doğurur: “O Xankəndi ki, bizim əzəli torpağımız və böyük yaşayış mərkəzimiz olub. O Xankəndi ki, indi separatizm yuvasıdır. Ölkə başçısı da dəfələrlə bəyan edib ki, Azərbaycan bayrağı işğal olunmuş torpaqların mərkəzi olan Xankəndi və Şuşada dalğalanacaq. İşğal olunmuş digər rayonlar haqqında ölkə ictimaiyyətinə geniş məlumat verilsə də, Xankəndi haqqında bu edilmir. Məndə belə təsəvvür yaranır ki, ictimaiyyətdə Xankəndi haqqında çox az məlumat var.
Xankəndi 1991-ci ildən respublika tabeli şəhərdir. Onun ərazisi 8 min kvadratmetrdir. Biz Xankəndi, onun tabelçiliyində olan yaşayış məntəqələri, əraziləri və digər vacib əhəmiyyətli məlumatları ictimaiyyətə, eləcə də xaricdən gələn qonaqlara çatdırmalıyıq. Bizdən fərqli olaraq ermənilər Xankəndini Stepanakert adı ilə dünyaya təqdim edirlər”.
Deputat hesab edir ki, ola bilsin, buna səbəb Xankəndinin icra strukturunun olmamasıdır: “Hazırda Azərbaycanın müxtəlif bölgələrində Xankəndindən olan məcburi köçkünlər yaşayır. Hesab edirəm ki, Xankəndi icra strukturu yaradılmalıdır ki, bu məsələlər kompleks həllini tapa bilsin”.
Milli Məclisin sədri Oqtay Əsədov Flora Qasımovaya deyib: “Sizin fikirlərinizdə həqiqət var və ümid edirəm ki, bu təklifləriniz gələcəkdə nəzərə alınacaq”.
Modern.az