Modern.az

Tağı Əhmədov jurnalistlərin yaddaşında: əlçatan məmur, kobud cavablar...

Tağı Əhmədov jurnalistlərin yaddaşında: əlçatan məmur, kobud cavablar...

19 Oktyabr 2024, 13:07

“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov ötən gün vəfat edib. Sabiq məmur müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

 

75 yaşında vəfat edən Tağı Əhmədov uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi, o, bir müddət əvvəl yerimə qabiliyyətini də itirmişdi. Şahbuz rayonundan olan keçmiş rəis 16 il Bakı metrosuna rəhbərlik edib.

 

Tağı Əhmədov hakim Yeni Azərbaycan Partiyasının (YAP) işində də fəal iştirak edib. O, 2015–2022-ci illərdə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri olub.

 

Mərhumun jurnalistlərlə də maraqlı anları olub. Onun vəzifədə olduğu vaxt metroda yaranan problem zamanı jurnalistlərə verdiyi cavablar yaddaşlarda qalıb.

 

Modern.az jurnalistlər arasında Tağı Əhmədovla bağlı sorğu keçirib.

 

"Report.az" İnformasiya Agentliyinin Baş redaktoru Murad Əliyev bildirib ki, mərhum jurnalistlə özü arasında keçilməz baryerlər qurmurdu:

 

"Jurnalist kimi Tağı Əhmədovdan, dəfələrlə, müsahibələr almışam. Təbii ki, hər kəsin yadında qalan müsahibələri viral olaraq yayılan videolardır. Lakin bundan başqa da hansısa rəsmi qəbulda və digər tədbirlərdə yaxınlaşıb sual verəndə açıqlaya bildiyi məsələləri danışırdı, danışmaq istəmədiyi məsələlərlə bağlı da özünə xas kobud yumorla yayınırdı. Bir dəfə bir tədbirdə söz aldı mətbuat nümayəndələri ilə məşhur dialoqlarının izahı ilə bağlı geniş çıxış etdi. Danışdıqlarının xəbər yükü olmadığından onda işlədiyim informasiya agentliyinə xəbər kimi ötürə bilmədim, tam mətnini çıxarıb "Tağı Əhmədov ürəyini boşaltdı" başlığı ilə bloqda yerləşdirdim. Heyif ki, 15 il əvvəl yaradılan həmin bloqa giriş imkanım yoxdur, yoxsa sizinlə paylaşardım. Yəni, demək istədiyim odur ki, Tağı müəllim hər zaman əlçatan məmurlardan idi, jurnalistlə özü arasında keçilməz baryerlər qurmurdu".

"Bakıvaxtı.az" saytının baş redaktoru Qalib İbrahimoğlu Tağı Əhmədov jurnalistlərin xatirində daha çox onların suallarına kobud, bəzən də aşağılayıcı, təhqiredici formada verdiyi cavablarıyla qalacaq:

 

"Onun "ə, bir-bir, sənə borcum yoxdu", "sən oradan cızıldayırsan, bu buradan" kimi cavabları təkcə media nümayəndələrinin deyil, cəmiyyətin yaddaşına hopub. Hətta bəzən birinin başqası ilə mübahisə etdiyi zaman Tağı Əhmədovun dediyi sözlərdən istifadə etdiyinin şahidi oluruq. Amma metropoliten əməkdaşları onun bir rəis kimi işçilərin qeydinə qaldığını da deyirlər. Allah rəhmət eləsin".

 

"Yeni Sabah.az" saytının rəhbəri Elnur Məmmədli isə söyləyib ki, Tağı Əhmədov gözəl insan olub: "Allah rəhmət eləsin və  günahlarını bagışlasın. Gözəl insan idi"

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu