Millət vəkili Qənirə Paşayeva "Reproduktiv sağlamlıq haqqında" Qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılması təklifi ilə çıxış edib.
O, deyib ki, "Reproduktiv sağlamlıq haqqında" Qanun layihəsinin qısa zamanda Parlamentdə müzakirəyə çıxarılmasına və qəbul edilməsinə ciddi ehtiyac var.
Millət vəkili belə bir qanuna ciddi ehtiyac olduğunu deyib: "Çoxlu sayda ailələr bizə müraciət edir, statistikalara baxırıq, boşanan ailələrin bir çoxunda övladsızlıq böyük rol oynayır. Bu cür ailələrə tibbi texnologiyalrın nailiyyətlərindən istifadə edərək övlad sahibi olmaları istiqamətində dövlət tərəfindən dəstək göstərilməlidir. Bu baxımdan, "Reproduktiv sağlamlıq haqqında" Qanunun parlament müzakirələrinə yenidən çıxarılması çox vacibdir. Orada ziddiyyətə səbəb olan bəzi maddələrin layihədən çıxararaq ilkin müzakirələrə gecikmədən başlamalıyıq. Ziddiyyətli məqamları isə sonrada cəmiyyət ilə birlikdə müzakirə edərək əlavə və dəyişikliklər şəklindən qanuna əlavə edə bilərik. Amma süni mayalanma məsələsi də daxil olmaqla, bir sıra vacib məsələlərin daxil olduğu "Reproduktiv sağlamlıq haqqında" Qanun layihəsini tez qısa zamanda müzakirəyə çıxarıb qəbul etməliyik. Çünki bu, minlərlə insanın həyatı ilə bağlı olan məsələdir. Süni mayalanma dinimizə də zidd deyil. Hətta müsəlman ölkələrində də bu məsələ tətbiq olunur və qəbul olunub ki, bu, ailəni dağılmaqdan qorumaq üçün tətbiq oluna bilər".
Q.Paşayevanın fikrincə, hələlik qanun layihəsindəki mübahisəli müddəaları bir kənara qoyaraq qanunu ümumilikdə qəbul etmək, həmin məqamları isə sonradan dəqiqləşdirmək mümkündür.
Millət vəkilinin bu təklifinə cavab olaraq spiker Oqtay Əsədov bildirib ki, artıq həmin qanun layihəsindən ziddiyyətli maddələr çıxarılıb.
Modern.az