Azərbaycanda bələdiyyə seçkiləri öncəsi yerli özünüidarəetmə orqanlarının birləşməsi müzakirə olunur. Bununla bağlı qanun layihəsi Milli Məclisdə ilk oxunuşda qəbul edilib.
İclasda bələddiyələrin maliyyələşməsi problemləri də gündəmə gətirilib. Qeyd edək ki, "Qrant" haqqında qanunda da dəyişikliklər ediləcək və bələdiyyələrin qrant almasına şərait yaradılacaq. Parlamentdə, həmçinin bələdiyyələrin borclarının silinməsi və ya dondurulması təklif edilib.
Bəs yerli özünüidarəetmə forması olan bələdiyyələr maliyə problemlərini necə həll etməlidirlər?
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən deputat Arzuxan Əlizadə bildirib ki, bələdiyələrin maliyə imkanları kifayət qədər aşağıdır.
“Bələdiyyələrlə bağlı bir çox problemlər təəssüflər olsun ki, hələ də qalmaqdadır. Bu qurum yalnız torpaq və əmlak vergisi üzərində büdcələrini formalaşdıra bilirlər ki, bu da bir çox hallarda kifayət etmir. Əksər kənd və qəsəbə bələdiyyələri hətta işçilərinin məvaciblərini, əlavə yaranan xərcləri ödəmək iqtidarında deyillər. Bu səbəbdən də qurumda borclanma yaranır və həmin bələdiyyələr faktiki olaraq fəaliyyət göstərmək imkanlarından məhrum olur. Bu səbəbdən həmin bələdiyyələrin borclarının silinməsi aktual mövzuya çevrilib və hesab edirəm ki, bununla bağlı bir qərar veriləcək.
Deputat onu da bildirib ki, xırda bələdiyyələrin birləşməsi yerli özünüidarəetmə orqanı kimi bələdiyyələrin fəaliyyətini aktivləşdirəcək% “Növbəti mərhələdə 1606 bələdiyyədən 685-i qalacaq və fəaliyyət göstərəcək. Ümid edirəm ki, eyni zamanda bələdiyyələrin maliyyə problemi ilə bağlı cidi addımlar atılacaq. Təkcə bir mənbədən - yalnız torpaq və əmlak vergisindən gələn gəlirlərlə bələdiyyə büdcəsinin formalaşması mümkün deyil. Bələdiyyələrin təsir imkanları da kifayət qədər azdır. Bəzi hallarda Mənzil Kommunal və Texniki Xidmət Sahələrinin səlahiyyətləri bələdiyyədən qat-qat çoxdur”.
O vurğulayıb ki, başqa bir problem isə sənədsiz evlərlə bağlıdır.
"Təkcə Bakı şəhəri üzrə verilən statistika göstərir ki, 500 000-dən çox ev sənədsizdir və bu sənədsiz evlərdən də bələdiyyələr əmlak və torpaq vergisi yığa bilmirlər. Əvvəllər bələdiyyələr üçün reklamdan gələn gəlir var idi, indiki dövrdə də bu aktual olsa da bələdiyyələr yalnız mülkiyyətində olan torpaq və ya əmlak üzərindəki reklamdan gəlir əldə edə bilərlər. Lakin faktiki olaraq bu gün bələdiyələr torpaqları əsasən icarəyə götür. Bu baxımdan kifayət qədər problemlər var, pozitiv adımmlar atılmaqdadır - bələdiyyələrin birləşməsi yerli özünüidarətemədə onların daha fəal iştirakını təmin etmək üçün münbit şərait yarada bilər” - deyə deputat sonda qeyd edib.