Azərbaycanda ilk dəfə məktəbəqədər təhsil müəssisələrinin işçiləri üçün diaqnostika imtahanı keçirilib.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev Modern.az-a bildirib ki, diaqnostik qiymətləndirmənin keçirilməsi prosesinə maraq tərbiyəçilər tərəfindən də böyük idi:
"İnsanlar bu imtahana maraqlı idi. Çünki onlar başa düşürlər ki, bu proses işdən çıxarma ilə bağlı məsələ deyil. Bu onlara yol göstərəcək bir addımdır. Bildiyimiz kimi sertifikasiya imtahanı 2 il sonra keçiriləcək. Bu imtahanın keçirilməsi sertifikasiyaya qədər həmin tərbiyəçilər üçün yol xəritəsi olacaq. Onlar biləcəklər ki, hansı tərəfləri zəifdir, nələri bilmirlər. Öz üzərlərində işləmək üçün 2 il vaxtları olacaq. Bu ciddi müddətdir. Düşünürəm ki, tərbiyəçilər bu prosesdən doğru şəkildə faydalansa, sertifikasiya prosesində problem olmayacaq".
Şura üzvü qeyd edib ki, sertifikasiya prosesində 13 min şəxs iştirak edəcək:
"Keçən il də dəyərləndirildiyi kimi, 13 min nəfərin 6-7 minə yaxını qeyri-ixtisaslıdır. Həmin şəxslərin sertifikasiyada iştirakı üçün mütləq şəkildə ixtisas dəyişməsinə, tərbiyəçiliklə bağlı biliklər əldə etməsinə ehtiyac var. Bu prosesi indidən başlatmaq çox yaxşı oldu. 2 il sonra böyük problemlə qarşılaşmamaq üçün diaqnostika çox vacibdir. Düşünürəm ki, tərbiyəçilər bunun müsbət tərəfindən faydalanacaq".
R.Dünyamalıyev qeyd edib ki, indiyə qədər Azərbaycan təhsilində belə bir şey olmayıb:
"30 il ərzində heç vaxt tərbiyəçilərin fəaliyyəti ilə bağlı inkişaf yönümlü addım atılmayıb. Xarici təşkilatların qrant müsabiqələri əsasında yaxud UNİCEF tərəfindən hansısa təlimlər keçirilib. Əvvəlki addımlardan fərqli olaraq bu strateji şəkildə həyata keçirilir. Bu ilk dəfə olduğu üçün nəticələr zəif ola bilər. Elm və təhsil naziri də açıqlamasında bildirdi ki, 2 ay müddətində 10 minə yaxın şəxsə kurikulumla bağlı təlim keçirilib. Amma bu təlimlər qısa müddətli təlimlərdir. Tərbiyəçilər uzunmüddətli, tam peşəkarlaşmaq üçün təlimlərə cəlb olunmayıb. O baxımdan nəticələr zəif ola bilər. Amma dediyim kimi nəticələrin zəif olmasına fokuslanmaq lazım deyil. Nəticələrin zəif olmasını bilməyimiz yaxşıdır ki, 2 il müddətində bunu inkişaf etdirə bilək. Ona görə də bu prosesə sertifikasiyada olduğu kimi yanaşmayaq. Çünki bu zaman az bal toplayan tərbiyəçilər elə biləcək ki, növbəti mərhələdə işdən çıxarılırlar. Ona görə də buna cəmiyyət olaraq o cür yanaşmamalıyıq. Kimin zəif, kimin güclü olmasını sertifikasiya müəyyən edəcək. Bu isə inkişaf istiqamətlərini müəyyən edən diaqnostikadır. Buna bu şəkildə yanaşsaq buradan çox fayda əldə edə bilərik. Əks halda bu demotivasiyaya gətirib çıxaracaq”.