Modern.az

Əslən azərbaycanlı qadın xəlifə - daha bir “Tarix tapmacası”

Əslən azərbaycanlı qadın xəlifə - daha bir “Tarix tapmacası”

18 Dekabr 2013, 11:13

Əkbər Nəcəf
Tarix üzrə fəlsəfə elmləri doktoru

Modern.az Azərbaycan tarixi və azərbaycanlılarla bağlı tarixin bir çox dolaşıq və qaranlıq, mübahisəli və yarımhəqiqət donu geymiş məqamları ilə bağlı növbəti yazını təqdim edir.

Abbasi xilafətinin yaranmasında türklərin böyük rolu olub. Xüsusilə xəlifə Məmun dövründən (813-833) etibarən Abbasi dövlətinin idarəçiliyi və xəlifələr türk komandanlarının nəzarətinə keçmişdi. Türklərlə qohumluğu özləri üçün şərəf hesab edən xəlifələr Məmundan etibarən, demək olar ki, hamısı türk qanı daşıyırdı. Xəlifələrin xanımları olan türk qadınları isə Abbasi tarixində mühüm rol oynamış, İslam tarixində bir sıra yeniliklərə imza atıblar. Bunlardan ən önəmlisi Şağab Xatun xilafəti 25 il idarə etmişdi. İslam tarixində vəqf müəssisəsinin əsasını qoyan, qadınları rəsmi vəzifələrə gətirən də Şağab Xatun idi. O, tarixdə “sultan” titulu alan ilk qadın hökmdar hesab edilir. Əsl adı Naim olan bu qadın 878-ci ildə anadan olub. Onun Azərbaycanın xəzər soylularının birinin qızı olub cariyə kimi saraya alındığı iddia edilir. Bu da onun hərbi səfərlərin birində əsri alındığını deməyə əsas verir. Amma istedadı, bacarığı və gözəlliyi ilə xəlifənin diqqətini cəlb edib və onunla evlənməyə qərar verib. Xəlifə Mutədid (892-908) ilə təqribən 900-cü ildə evlənən Naim Xatun üç il sonra Cəfər adında bir oğlan uşağı dünyaya gətirmişdi. Bu münasibətlə onun adı dəyişdirilib “Şağab”, yəni “axan ulduz” olur. Abbasi sarayına gəldiyi gündən nüfuzunu hiss etdirən Şağab Xatunın otağına xəlifə Mutədidin hörmət əlaməti olaraq baş əyərək girdiyi qeyd olunur. Dövlət dairələrini və idarə sistemini ciddi nəzarətdə saxlayan Şağab Xatunun əsas siyasi fəaliyyəti Mutədidin 908-ci ildə vəfat etməsi və oğlu Cəfərin xəlifə Müqtədir adı ilə taxta çıxması zamanı başlamışdır.    

 

Qadın Sultan

Xəlifə Mutədidin vəfatı ilə Şağab Xatunun saraydakı nüfuzu nəticəsində Abbasi tarixində bir yenilik baş vermişdi. Belə ki, ilk dəfə Xilafətin başına 13 yaşındakı uşaq çıxmışdı. Şağab Xatunın oğlu Cəfərin adı xəlifə idi, onun 25 illik hakimiyyəti dövründə xilafətin bütün idarəçiliyi anasının əlində olub. Cəfər taxta çıxan kimi, Şağab Xatun onun naibəsi elan edilmişdi. Dövlətin bütün idarəsini öz əlində cəmləşdirdiyindən, ona “Qadın xəlifə”, “Seyyidə Xanım Sultan” və “Ümmül-Müqtədir” adları verilib. Ərəb həyat tərzinə və tarixinə İslam dininin gətirdiyi hüquqlara rəğmən, qadın ikinci dərəcəli insan qəbul edildiyindən, Abbasilər tarixində bir qadının xilafət məqamını 25 il idarə etməsi tarixi hadisə hesab olunur. Ən yaxşı halda, ərəb qadınları Xilafət sarayında hərəmin idarəçiləri olduqları halda, Şağab Xatunın “Sultan” və “qadın xəlifə” kimliyi ilə ortaya çıxması Abbasilər dövründə böyük səs-küy yaradıb. Qadınlığı səbəbilə günümüzdə də ərəb tarixçilərinin tənqidinə məruz qalan Şağab Xatun, mənbələrin şahidliyinə görə, adil, bacarıqlı hökmdar olmuş, xalqın mənfəətini ön planda tutmuş, rüşvətxor və zalım idarəçiləri vəzifədən uzaqlaşdıraraq ən yüksək dini məqam hesab edilən qazılıq üsul-idarəsinin başına bir qadını gətirməkdən çəkinməmişdi. Qaynaqlara görə, Şağab Xatunun baş məsləhətçisi onun kiçik bacısı “Xala Xanım” idi. Şağab Xatun xilafətdə bir sıra nüfuzlu orqanların başına da qadınları gətirmişdi. Bunlar arasında Farıma Xatun, Ümmi Musa Sükeynə, Semmel Xatun və Zeydan xanım xüsusilə qeyd edilməlidir. Buna görə də bəzi ərəb müəllifləri bu dövrü “Xilafət tarixində qadınlar dövrü” adlandırırlar. Şağab Xatunun güclü idarəsinin və hakimiyyətinin uzun davam etməsinin əsas səbəbi bu dövrdə orduya türk komandanlarının rəhbərlik etməsi və onların öz soydaşları olan Şağab Xatunu dəstəkləməsi idi.

 

  Xilafət tarixində qadınlar dövrü  

 

Dövlətin idarəetməsini əlinə aldıqdan sonra Şağab Xatun xilafət tarixində islahat hesab ediləcək böyük qərarlara imza atmışdı. Onun ilk icraatı saray qadınları ilə əlaqədar Kahramaniyə adlı bir qurum yaratması olmuşdu. Bu qurum dünya tarixində bütün idarəçilərinin qadınlar olduğu yeganə təşkilatdır. Bu qurumla xilafət sarayının bütün xərcləri, saray əhlinin maaşları və ehtiyacları, hətta ordunun xərcləri nəzarət altına alınmışdı. Şağab Xatunun bəlkə də İslam tarixində bir inqilab hesab ediləcək ikinci qərarı “Divani-Məzalim “adlı təşkilatın başına müsəlman bir qadını gətirməsi olub. Bu hadisə dövrün Abbasilər ictimaiyyətində böyük qalmaqal, etirazlar, hətta iğtişaşlar yaratmışdı. “Məcalisül-məzalim” və ya “Divani-məzalim” adlanan bu təşkilat məzlumların şikayətlərini dəyərləndirən və haqlarını qoruyan bir orqan olub, fəaliyyət göstərdiyi 500 illik tarixində ilk və tək olaraq 918-ci ildə Şağab Xatunun əmri ilə Semmel və ya Sümeyil adlı qadın qazı tərəfindən idarə edilib. Semmel xanımın divandakı ilk iclası Bağdad əhalisində böyük narazılıq doğurmuş və bir müddət xalq tərəfindən etirazla qarşılanıb. Etiraz olaraq, əvvəlcə heç kim divana müraciət etməmiş və məhkəmə işlərinə baxılmayıb. Amma Şağab Xatunun öz qərarını dəyişdirməməsi Semmel xanımın mövqeyini gücləndirmişdi. Semmel xanımın adil qərarlar çıxarması, yoxsulların haqqını qoruması və zalım məmurları cəzalandırması qısa müddətdə ona olan münasibəti dəyişmiş və Abbasilər dövrünün ən adil qazısı olmasına yol açmışdı. O dövrün tarixçisi və hadisələrin şahidi olan əl-Qurtubi belə yazırdı: “Bu təyinatdan zülmə məruz qalan insanlar çox istifadə etdilər. İnsanlar rahatlığa qovuşdu və ədalət gördülər. Halbuki daha əvvəl onlar Semmel xanımın məhkəmələrə baxmasına etiraz edirdilər”. Məşhur tarixçi-alim Təbəri də “Semmel xanımın vəzifəsini yaxşı icra etdiyini, xalqın onu sevdiyini, məhkəmələri aparmaq bacarığının çox təsirli” olduğunu qeyd edir. Semmel xanım, eyni zamanda, Şağab Xatunun bütün rəsmi yazışmalarını da aparırdı. Şağab Xatun xilafət sarayının təhlükəsizliyinin başına da Zeydan adlı bir qadını gətirmişdi. Məhz Zeydan xanımın casusluq fəaliyyətləri nəticəsində 922-ci ildə planlanan hakimiyyət çevrilişinin üstü açılmışdı. Şağab Xatunun ən mühüm icraatı Bağdadın Suku-Yahya Bazarı adlanan məhəlləsində ilk dəfə xalqa pulsuz xidmət göstərən “Ümmül-Müqtədir Validə Sultan” xəstəxanasını tikdirməsi olub. 918-ci ildə fəaliyyətə başlayan xəstəxanada 900 həkim işləyirdi. Həkimlər imtahan sistemi ilə işə alınır və onlara diplom verilirdi. Xəstəxanaya tələbin çox olması səbəbilə bir neçə il sonra Bağdadın Babüş-Şam adlı məhəlləsində ikinci xəstəxana da açılmışdı. Onu İslam tarixində əbədiləşdirən xidməti vəqf sisteminin əsasını qoymasıdır. Əsas məqsədi yoxsullara xidmət olan vəqflərin mülkiyyəti toxunulmaz elan edilmişdi. Sağab Xatun özünə aid 2 milyon dinarı (qızıl pul) vəqfə yatırmışdı. Onun açdırdığı vəqflər nəticəsində Məscidi-Haram, Məscidi-Əqsa və Məscidi-Nəbəvi təmir edilmiş, yeni yollar çəkilmiş və yol üzərində yoxsullar üçün qalacaq yerlər və pulsuz yeməkxanalar təsis edilmişdi. Dövrün tarixçilərindən İbn Hibban, Şağab Xatunun fəaliyyətlərini belə qiymətləndirmişdi: “Elm əhli, üləma hər yerdə inkişaf etdi və etibar gördü. Bağdadda onun dövründə əvvəlki illərlə müqayisədə böyük abadlıq işləri aparıldı və bura rifah ölkəsinə çevrildi”. İşsizləri işə cəlb edən Şağab Xatun vəqflərin torpaq mülkiyyətini sərfəli şərtlərlə torpaqsız ailələrə payladı. Bu kəndliləri vergidən azad edərək, illik müəyyən miqdar vəqf adına vergi müqabilində qanuni torpaq sahiblərinə çevirdi. Şağab Xatun dövrü siyasi cəhətdən Abbasilər tarixinin ən ağır dövrü idi. Məzhəblər arasında ixtilaflar müharibələrə çevrilmiş, bürokratik aparat dağılmışdı. Şağab Xatunın bir çox vəzifələrə inandığı qadınları gətirməsinin səbəbi sarayda fəaliyyət göstərən ərəb məmurlarına inanmaması idi. Onların çoxu intriqalar yaradır və öz məqsədlərini ön planda tuturdular. O, Bağdadda “Qatiatüd-Daqiq” adlı bir məscid də tikdirmişdi. Ağlı, bacaracağı, istedadı sayəsində 37 Abbasi xəlifəsi arasında 25 il xilafəti idarə edən beş xəlifədən biri olmuşdu. Qadın-xəlifə 927-ci ildə Bağdada hücum edən və şəhəri mühasirəyə alan qərmətilərə qarşı savaşmış, şəhərin müdafiəsinə öz şəxsi xəzinəsindən 3 milyon dinar ayırmışdı.  

 

Şağab Xatunun və Yusif Sac

 

Şağab Xatun dövrü Abbasi Xilafətinin müxtəlif müsəlman dövlətlərinə parçalandığı dövrə rast gəlir. Bu proses Şağab Xatundan hələ 100 il əvvəl başlamışdı. 889-cu ildə Azərbaycana hakim təyin edilən Məhəmməd əl-Afşin müstəqil siyasət aparmağa başlamış və Azərbaycanda Sacilər dövlətinin əsasını qoymuşdu. Sacilər Uşrusana (Orta Asiyada) əsilli türklərdən olub xilafət ordusunda sərkərdəlik etmişdilər. Sülalənin banisi Əbus-Sac Divdad hesab olunur. Sacilər dövləti Məhəmmədin qardaşı Yusif dövründə (901-927) özünün ən qüdətli dövrünü yaşamışdır. Onun dövrdə Sacilər Vaspurakan və Baqrat hakimlərini də özünün vassallarına çevirərək Cənub-Şərqi Anadoluda Bizansla rəqabət aparacaq siyasi-hərbi gücə çevrildilər. Yusifin Abbasi xilafətini tanımaması onun Bağdadla üz-üzə gəlməsinə səbəb oldu. Bu vaxt Abbasi ordularının başında dayanan bir digər türk əsilli sərkərdə Munis ət-Türki böyük ordu ilə Yusifinin üzərinə hərəkət etmiş və onu məğlub etmişdi. Döyüşdə əsir olaraq ələ keçirilən Yusif Bağdada aparılıb. Amma Şağab Xatunun araya girməsi ilə xəlifə Müqdədir Yusifi bağışladı. Hətta Şağab Xatunun təmin etdiyi pulla toplanan yeni ordunun komandanlığı Yusifə tapşırılıb və o, qərmətilərin üzərinə göndərilib. Yusif qərmətilərə qarşı apardığı müharibədə Şağab Xatun həm maddi və həm də mənəvi dəstək göstərmiş, bu ikisinin cəhdləri nəticəsində qərmətilərin Bağdada hücumlarının qarşısı alınmışdır. 927-ci ildə Bağdada hücum edən və şəhəri mühasirəyə alan qərmətilərə qarşı Şağab Xatun yenidən Yusif ibn Əbus-Sacdan kömək istədi. Təcili Azərbaycandan Bağdada gələn Yusif Şağab Xatunun öz şəxsi vəsaitindən ayırdığı 3 milyon dinarla topladığı yeni hərbi dəstələrlə qərmətilərə qarşı hərəkətə keçərək onları Bağdaddan kənarlaşdırmışdı. Amma döyüşlərin sonrakı mərhələsində əsir düşən Yusif qərmətilərin rəhbəri tərəfindən öldürülüb. Qeyd edək ki, Yusif ibn Əbus-Sac Azərbaycan tarixində ilk şair-hökmdar olmuşdur. Mənbələrdə onun ərəbcə yazdığı divanının olduğu qeyd edilir. Təəssüflər olsun ki bu divan araşdırılıb ortaya çıxarılmayıb.

 

Həllac Mənsurun edamı    

 

Şağab Xatun dövrünün ən mühüm hadisələrindən biri də məşhur sufi Həllac Mənsurun edamıdır. 921-ci ildə Xilafət tarixinin ən böyük fiqh alimlərinin iştirakı ilə Həllacın məhkəməsi gerçəkləşdi. Məhkəmə başçısı dövrünün ən tanınmış qazısı Əbu Ömər Məhəmməd ibn Yusif əl-Həmmadi, onun köməkçiləri isə Əbu Cəfər Məhəmməd ibn Əhməd əl-Ənbari ət-Tənuhi ilə Əbu Hüseyn Ömər ibn Malik əş-Şeybani idi. Həllac “peyğəmbərlik və allahlıq iddia etməklə” ittiham olunmuş və zındıq elan edilmişdir. İttihamı Abbasi xilafətinin rəsmi məzhəbi olan Mötəzilə fəqihi İbn Davud əz-Zahir irəli sürüb. Həllacın məhkəməsi ağıl ilə hissin mühakiməsi idi. Bir tərəfdə ağlı əsas alan mötəzilə, digər tərəfdə isə hissi əsas alan sufilik (ənəl-həqq) dayanırdı. Buna rəğmən məhkəmə Həllacın dinən məhkum olduğuna hökm verməyib. Buna görə də siyasi edamı qərarlaşdırıldı. Çox sayda din adamının etirazına səbəb olan edam hökm xəlifənin vəzirinin qazı Əbu Ömərin əlindən tutub hökmü imzalamağa məcbur etməsi ilə alındı. Hökm məhkəmədən beş ay sonra icra olundu. Hökmün beş ay gecikməsinə səbəb Şağab Xatunun xəlifəyə hökmü imzalamasına icazə verməməsi idi. Məsələylə bağlı Nasr əl-Kuşuri Şağab Xatunun hüzuruna çıxıb ondan hökmü dayandırmasını xahiş edib. Şağab Xatun onun bu xahişini diqqətə alıb, oğlundan fərmanı təsdiq etməməsini tələb etmişdi. Amma Şağab Xatunun əleyhdarları bunu özlərinin siyasi təbliğatına çevirmiş və Bağdad camaatını xəlifəyə qarşı üsyana təşviq etmişdilər. Buna rəğmən Şağab Xatun geri addım atmamış və Həllacın edamına qarşı çıxmışdı. Amma vəzirin təzyiqləri ilə xəlifə Muqtədir Həllacın ölüm hökmünü imzalamaq məcbur qaldı. Həllac həbsxana günlərinin böyük hissəsini və son gününü şagirdi Şibli ilə keçirmişdir. Əsərlərini ona bağışladı. Son namazını əda etmək üçün edam kürsüsünün üzərinə səccadəni də Şibli sərdi. Edam kürsüsünün üzərinə çıxdığı zaman qəh-qəhə çəkib güldüyü iddia edilir. Amma mürüdlərindən birinin ona gül atması Həllacın kövrəlib ağlamasına səbəb olmuşdu. O, 922-ci il martın 26-da edam edildi. Edam edildiyi yer bu gün də Mənsuriyyə adlanır. Oğlanlarından ən kiçiyi Əbdülsəməd həllaciyyə təriqətinin əsasını qoydu. Həllacın nəvələri Qahirə, Şam və Fələstinə köç etdilər. Bu gün də Fələstin və Küveytdə Xəllac nəslinin davamcıları yaşayır. Ən sadiq mürüdü olan Şibli müəlliminin fikirlərini və əsərlərini sufilər arasında yayaraq ömrünü tamamladı.

 

  Şağab Xatunun faciəvi sonu

 

Şağab Xatun 929-cu ilə qədər xilafəti idarə etdi. Ancaq bu tarixdə ordunu idarə edən türk sərkərdələri ilə münasibətlərinin korlanması hakimiyyətinin sona çatmasına səbəb oldu. 929-cu ildə türk əsilli komandan Munisin gerçəkləşdirdiyi hərbi çevriliş nəticəsində Şağab Xatun və oğlu Cəfər hakimiyyətdən uzaqlaşdırıldı və yerinə Qahir xəlifə elan edildi. Onun şəxsi sərvətini ələ keçirmək istəyən yeni xəlifə ona dözülməz zülmlər və işgəncələr vermişdi. Dövrün tarixçilərinin yazdığına görə, Şağab Xatun günlərlə ayağından asılmış şəkildə saxlanmış, ac və susuz qalmışdı. Bütün bu işgəncələrə rəğmən, Şağab Xatun heç bir şəxsi mülkünün olmadığını, bütün əmlakını və sərvətini xeyriyyələrə və vəqflərə bağışladığını demişdi. Vəqflərin mülkləri isə toxunulmaz olduğundan, onlar üzərində heç bir haqqa sahib olmadığını bildirmişdi. İşgəncələr sonunda xəlifə Qadir ondan ancaq 50 min dinar ala bilmişdi. Alınan bu pul isə Şağab Xatunın ev əşyalarının satılması nəticəsində əldə edilmişdi. Xəlifə Qahir türk komandanlarından olan Əli ibn Balıka, Şağab Xatunu zindana atmağı əmr etmiş, ancaq bu komandan onu öz evinə apararaq qayğısına qalmışdı. Lakin gördüyü ağır işgəncələrdən xəstələnən Şağab Xatun 933-cü ildə 55 yaşında vəfat etmişdi. Şağab Xatuna edilən zülm yerdə qalmadı, Əli ibn Balık hərbi çevrilişlə Xəlifə Qahirin hakimiyyətinə son qoydu... Xəlifə Qahir həyatının sonrakı illərini Bağdad küçələrində kor dilənçi kimi keçirdi. Tarixçi əs-Süyuti xəlifə Qahirin son günlərini belə təsvir edir: “Heç kim ona yaxınlaşmağa, hətta salam belə verməyə cəsarət edə bilmirdi. O, gözləri kor, ac, pərişan, nimdaş içində Bağdadın küçələrində dolaşıb dilənirdi. Bəzi vaxtlar da əl-Mənsur məscidinin divarına söykənib əl açırdı. Yanında keçən müsəlmanlara “mənə bir sədəqə verin. Mən sizin tanıdığınız birəyəm”, – deyirdi”.  

 

Ərəb mənbələridə Şağab Xatun  

 

Şağab Xatun 908-932-ci illər ərzində Abbasi Xilafətində söz sahibi olmuş və İslam tarixində böyük rol icra etmişdir. Tarixçi əs-Suli “Muqtədir Billah dövrünün əxbarı” adlı əsərində xəlifə Muqtədir dövrünü belə qiymətləndirib: “O xilafət məqamına oturduğunda yaşının kiçik olması səbəbindən kimsə ilə oturmaz, dövlət işlərini bilməz və bu məsələdə savadı yox idi. Siyasi cəhətdən zəif olduğundan dövlət məsələlərində təcrübəli insanlara müraciət etmirdi. Heç siyər və əxbar kitablarını belə oxuya bilmirdi”. Ərəb müəllifləri Şağab Xatun dövrü haqqında həddən artıq sərt və təhqiramiz ifadələr sərf ediblər. Xüsusilə xilafətdə ərəb qanadının nümayəndələri iftiralara varacaq dərəcədə Şağab Xatunu tənqid ediblər. əl-Qurtubi belə yazır:  “Anası və yaxın çevrəsindən olan bir çox qadınlar onun işlərinə müdaxilə edirdilər. Onlar olmasa idi əl-Muqtədir dövrü xalq üçün çox daha yaxşı keçəcəkdi”. İbn əl-İmada görə, “o, (Xəlifə Müqtədir – Ə.N.) 25 il hakimiyyətdə qalmasına rəğmən məntiqli və uzaqgörən biri olmadığı üçün zamanını oyun oynamaq, əylənmək və eyş-işrətlə keçirdiyi üçün xilafət məqamına uyğun biri olmadı. Çünki anası, xalası və əl-Qahramanə adlanan qadınlar böyüklərin işlərinə qarışır, bütün təyinləri və işdən azad etmələri onlar aparırdılar”. Tarixçi Məhəmməd Xudari isə Şağab Xatun dövrünü daha sərt üslubla tənqid edir: “Xülasə, əl-Muqtədirin xilafəti dövrü tamamilə Abbasi dövlətinin ən pis dövrüdür. Belə ki, o dövrdə qadınlar və qadın xidmətçilər dövlətin idarəsini ələ keçirdilər. Beləcə, israf və xərcmərclik dövrü başladı. əl-Muqtədir ya özü, ya anası, ya da əl-Qahramanələrindən birinə verilən rüşvətlə bir vəziri çıxarıb, başqasını təyin edirdilər. Pulunu verən vəzir ola bilirdi. Vəzir olanlar da bir tərəfdən verdiyi pulu yığmaq, digər tərəfdən də xilafətin vergilərini toplamaq üçün xalqı soyurdular. Bütün bunlar Abbasilər dövlətinin süqutundan xəbər verirdi”. Bəzi ərəb müəllifləri isə məsələni tamamilə “qadın düşmənçiliyi” şəklində qiymətləndiriblər. Halbuki mənbələr Şağab Xatunun saray ətrafında cəmləşən ərəb bürokratlarının dəbdəbəli həyat tərzinə qarşı necə mübarizə apardığı haqqında kifayət qədər məlumat verirlər.  

 


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI