Parisə xəstə yaxınıma baş çəkməyə gedəndə Fransa məxfi xidməti (DGSE) tərəfindən zorakı şəkildə saxlanıldıq. Məlum oldu ki, bizi saxlamaq üçün məxfi xidmətin 40-a qədər nümayəndəsi cəlb olunub.
Modern.az xəbər verir ki, bu fikirləri BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Komitəsinin (İHK) 142-ci sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçirilmiş “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt və Fransız müstəmləkəçiliyinin nəticələri” adlı beynəlxalq konfransda Fransada həbs edilmiş siyasi fəal Kemi Seba AZƏRTAC-a açıqlaması zamanı söyləyib.
O bildirib ki, heç bir səbəb olmadan Fransada həbs edilib və işgəncələrə məruz qalıb. Ona antimüstəmləkə mövqeyinə görə xeyli suallar verilib və onu separatçılıqda günahlandırmağa çalışıblar, ancaq heç bir dəlil tamadıqları üçün onu azad buraxmağa məcbur olublar.
“72 saat müvəqqəti saxlama yerində olduq. Bizi dövlətin əsas maraqlarına təhlükə yaratmaqda günahlandırdılar. Mən soruşdum ki, dövlətin əsas marağı nədir: neokolonizm? Çünki biz neokolonizmə qarşı mübarizə aparırıq. Neokolonizmə qarşı mübarizə çərçivəsində hara istəsək gedəcək və nə istəsək edəcəyimizi bildirdik. Bizim səsimiz məhz neokolonizmə qarşı yüksəlir. Səsimiz öz müqəddəratımızı həll etməyi tələb edir. Fransa hakimiyyəti isə səsimizi boğmağa çalışır. Afrika ölkələri, eləcə də fransız müstəmləkəsi altında olan dənizaşırı ərazilər – Qvadelupa, Martinika, Qviyana, Reünyon, Frankofoniya ölkələri bu gün fransız hakimiyyəti üçün böyük qorxudur. Onlar bizi müxtəlif diabolik qruplarla əlaqələndirmək istədilər, ancaq biz mövqeyimizi aydın bildirdik. Fransızlar bizi fransız hakimiyyətinə, oliqarxiyaya, neokolonizmə qarşı mübarizədə günahlandırırlar. Biz isə yolumuzu dəyişməyəcəyik. Onlar müstəmləkəçiliyi uzun müddət saxlamaq istəyirlər. Kolonistlər hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır”, - deyən Kemi Seba müstəmləkəçiliyə qarşı mübarizəsini sona qədər davam etdirəcəyini bildirib.