“Azərbaycanla Türkiyə arasında siyasi-iqtisadi, sosial sahədə, həmçinin mədəni sferada böyük əlaqələr və əməkdaşlıq müstəvisi formalaşıb. Biz hər zaman arzulayırıq ki, bu, təhlükəsizlik sahəsində də davam etsin. Faktiki olaraq, 2011-ci ildən başlayaraq ölkə rəhbərinin daha real təşəbbüsləri iki dövlət arasında yüksək səviyyəli strateji tərəfdaşlıq şurasının formalaşdırmağa imkan verir”.
Bunu Modern.az-a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Azərbaycanla Türkiyə arasında Yüksək Səviyyəli Hərbi Dialoqun keçirilməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında üç dəfə yüksək səviyyəli zirvə toplantıları keçirilib: “Onların hər biri müxtəlif sahələrdə əlaqələrin yaxınlaşdırmaqla, xarici siyasət kursunu müəyyən etməklə bərabər, eyni zamanda hərbi dialoq, ordu qüvvələrinin imkanlarının yaxınlaşdırılması, birgə təlimlər, vahid hədəfə qarşı əlaqələrin qurulmasını özündə ehtiva edir. Biz hər zaman Türkiyə ilə hərbi müttəfiqliyin hüququ cəhətdən reallaşmasını arzulamışıq. Qeyd etdiyimiz sənədlər buna bir sıra parametrləri ilə cavab verir. Azərbaycanın bölgədə atdığı addımlar Türkiyəni fəal siyasi oyunçuya çevirib. Dünən imzalanan investiya qərarları da Türkiyənin bölgədə önəmini artırır. Bütün bunlar hərbi əlaqələrin güclənməsini də tələb edir. Çünki başqa halda bölgədə marağı olan dairələr var, onların Cənubi Qafqazda hərbi imkanları dərinləşib, xüsusilə də Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) imkanlarını artırırlar. Orada müasir silahlar, strateji mənzilli hərbi texnika yerləşdirilir. Belə olan təqdirdə Azərbaycan və Türkiyənin hərbi əlaqələrini bir az da irəliyə aparmağa ehtiyac var. Bu mənada obrazlı olaraq söyləyirik ki, bir millət, bir ordu anlayışının keçərliliyinə hər birimiz qəbul etməliyik. Söhbət vətəndaşlarımızın Türkiyədə xidmətindən və ya əksinə, addımlardan getmir. Bir sıra sahələr üzrə vahid ordu birləşmələrini yaratmaq mümkündür. Bir müddət öncə, Qaraheybət Təlim Mərkəzində və Naxçıvanda birgə təlimlər keçirildi. Ondan öncə isə Türkiyənin İstanbul şəhərində təlimlər reallaşdırılmışdı. Bu o deməkdir, Azərbaycanla Türkiyə arasında hərbi sahədə təmaslar yaranmaqdadır”.Z.Oruc qeyd edib ki, belə dialoqların keçirilməsi Türkiyənin, xüsusilə də yüksək çinli zabitlərinin Azərbaycandakı ordu quruculuğu prosesinə daha yaxından cəlb olunmasını özündə ehtiva edəcək: “720 min hərbi personalı olan, güclü orduya malik Türkiyənin NATO da seçilən bir dövlətin Azərbaycana müxtəlif sahələr üzrə yardımları vacibdir. Biz bu dialoqları əhəmiyyətli sayırıq”.
Qeyd edək ki, Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqu işə başlayıb. İki gün davam edəcək toplantıda iki ölkə arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığa dair müxtəlif məsələlər müzakirəsi planlaşdırılır.
İlkin PİRƏLİ