1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılmış "Ümumdünya Hökuməti" olan Birləşmiş Millətlər Təşkilatının əsasını qoydu. Hazırda dünyanın 193 ölkəsi, 500 asılı ərazi, Antarktida materiki, Qərbi Səhra, Dünya okeanı bütünlükdə yer kürəsinin 80 — % ərazisi, BMT-nin mandat sisteminə daxildir.
BMT-nin baş qərargahı Nyu-York şəhərində yerləşir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir.
Modern.az BMT günü ilə bağlı Milli Məclisin Təhlükəsizlik, Müdafiə və Korrusiya ilə Mübarizə Komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyevin məqaləsini təqdim edir.
Azərbaycan Respublikasının BMT ilə əməkdaşlığının rəsmi başlanma tarixi 2 mart 1992-ci ildə bu universal təşkilata üzv qəbul olunduğumuz tarixdən başlayır. Təxminən 20 il sonra, ölkəmiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasət kursunun nəticəsi olaraq 2012-2013- illər üçün BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü seçilmişdir. Dünyada sülhün və təhlükəsizliyin qorunması və təmin edilməsi BMT Nizamnaməsi əsasında BMT Təhlükəsizlik Şurasının preroqativinə aid edilmişdir. Bu mühüm diplomatik nailiyyətin əldə olunması üçün ölkəmiz 2011-ci ilin oktyabrında Şərqi Avropa qrupundan 17 raundluq səsvermə nəticəsində Macarıstan və sonra Sloveniyanı qabaqlayaraq, 155 dövlətin səsini qazana bilmişdir. Azərbaycan iki dəfə, 2012-ci ilin mayında və 2013-cü oktybarında BMT TŞ-yə sədrliyi dövründə qlobal əhəmiyyətə malik məsələləri gündəmə çıxara bilmişdir. Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdidlər və terrorçuluqda mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi mövsuzunda 2012-ci ilin mayında keçirilən BMT TŞ-nin yüksək səviyyəli iclasına Azərbaycan Prezidenti İlham Əliyev şəxsən sədrlik etmişdir. Yekun sənəd kimi Təhlükəsizlik Şurası Sədrinin bəyanatı qəbul edilmişdir. BMT TŞ-də sədrlik Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə verilən mühüm töhfələrdəndir.
Ermənistanın təcavüzü və BMT TŞ-nin Qətnamələrinin hüquqi təbiəti
BMT platformasında Ermənistanın təcavüzünə hüquqi qiymət verilməsi və siyasi müstəvidə ifşası baxımından da bu təşkilatla əməkdaşlığın əhəmiyyətini qeyd etmək vacibdir, baxmayaraq ki, burada məsələ bir mənalı deyildir. Ermənistanın 1990-ci illərin əvvəllərində Azərbaycan ərazilərini hərbi yolla işğal etməsi və yüz minlərlə insanı güc tətbiqi ilə yolu ilə qovması ilə regionda sülhə və təhlükəsizliyə yaranan təhdidə və beynəlxalq hüququn pozulmasına cavab olaraq BMT TŞ 1993-cü ildə 822, 853, 874, 884 saylı Qətnamələr qəbul etmişdir.
Bu Qətnamələrində BMT Nizamnaməsinin VII fəslinə uyğun sanksiyalar tətbiqi nəzərdə tutulmasa da, Qətnamələr məcburi hüquqi qüvvəyə malikdir (legally binding) və qoyulan tələblər BMT Nizamnaməsinin (25, 24, və 25) maddələrinə uyğun üzv dövlətlər tərəfindən yerinə yetirilməlidir. Belə ki, BMT Nizamnaməsinin 25-ci Maddəsində nəzərdə tutulur ki, BMT üzvü dövlətlər TŞ-nin qərarlarını qəbul etməyə və BMT Nizamnaməsinə uyğun icra etməyə razılıq verirlər. TŞ-nin Qətnamələrinin ümumilikdə hüquqi məcburi qüvvəyə malik olması şərhi Beynəlxalq Məhkəmənin (İCJ) 1971-ci il Namibiya Məşvərətçi Rəyində gəldiyi nəticə ilə də təsdiq edilmiş və bu rəy 1993-cü il məlum Qətnamələrinə də məhdudiyyətsiz şamil edilir.
44-Günlük Vətən müharibəsi və BMT TŞ-nin Qətnamələrinin tələblərinin implementasiyası
BMT TŞ 1993-cü il Qətnamələrinin əsas tələblərini və öhdəliklərini qısa belə xarakterizə etmək olar. Azərbaycan Respublikasının (AR) o vaxtı “Dağlıq Qarabağ regionu daxil olmaqla, suverenliyini və ərazi bütövlüyünü birmənalı olaraq bir daha təsdiq etmişdir. İşğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş ərazilərdən çıxarılmasını tələb etmiş, beynəlxalq sərhədlərin toxunulmazlığını təsdiq etmişdir. Ərazi əldə edilməsi üçün güc tətbiqinin beynəlxalq hüquqla yolverilməzliyi vurğulanmışdır. Qətnamələrdə zor tətbiqinin pislənilməsi və işğala son qoyulması tələbi birmənalı olaraq hüquqi məcburi xarakterlidir. Məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə geri qayıtması təmin edilməlidir.
Azərbaycan Respublikasının 2022-ci ilin sentyabrında Ermənistanın növbəti dəfə etdiyi hücüm və törətdiyi çoxsaylı təxribatların qarşısını almaq və işğala son qoymaq məqsədi ilə başlatdığı cavab tədbirləri də BMT TŞ-nin 1993-cü il Qətnamələrində təsbit olunmuş tələblərin icrasına xidmət etmişdir.
1993-cü il TŞ Qətnamələri hücum və bombardman nəticəsində öz ərazilərindən qovulmuş insanların pozulmuş hüquqlarının və təhlükəsizliyin bərpası üçün fəaliyyət göstərməyi tələb edirdi və bunun üçün beynəlxalq hüquqa uyğun əsas yaradırdı. Bu mənada Azərbaycan Respublikasının BMT Nizamnaməsinin 51-ci maddəsi əsasında özünümüdafiə məqsədi ilə beynəlxalq sərhədləri çərçivəsində və suverenliyə malik olduğu ərazilərində pozulmuş sülhün və təhlükəsizliyin təmini və ərazi bütövlüyünün bərpası məqsədi ilə 2020-ci il 27 sentyabr-9 noyabr tarixlərində aparmağa məcbur olduğu hərbi əməliyyatlar 1993-cü il Qətnamələrinin tələbləri ilə tam şəkildə üst-üstə düşür”.
Zəngəzur dəhlizinin açılması və BMT TŞ-nin Qətnaməsinin tələbi
Azərbaycan, Ermənistan və Rusiya siyasi liderlərinin 2020-ci il 9/10 noyabr tarixli Üçtərəfli Bəyanatının 9-cü maddəsində yer almış “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir.” tələbi 1993-cü ildə qəbul edilmiş 874 saylı Qətnamənin 5-ci bəndi ilə də üst üstə düşür. Belə ki, 5/874 saylı Qətnamədə “kommunikasiyalar və nəqliyyat üçün bütün maneələrin aradan qaldırılması üçün qarşılıqlı və təxirəsalınmaz addımların dərhal həyata keçirilməsinə” çağırış edilmişdir. Qətnamədəki bu tələbə istinad edərək, 2020-ci 9 noybar Üçtərəfli Bəyanatında yer almış “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir” bəndinin icrasını tələb etmək üçün hüquqi əsas vardır.
Qlobal çağırışlar fonunda BMT-nin gələcəyi
BMT Təhlükəsizlik Şurası, ümumilikdə isə BMT-də islahatlar keçirilməsi artıq qlobal çağırışların tələbidir və bu davamlı olaraq səsləndirilir. Azərbaycan ərazilərinin 30 il Ermənistanın işğalı altında qalması, talan və qarət edilməsi, orada qanunsuz məskunlaşdırmanın həyata keçirilməsi kimi beynəlxaq hüquq və beynəlxalq humanitar hüququn pozulmasının qarşısnın alınmasında BMT TŞ-nin göstərdiyi gücsüzlük və fəaliyyətsizlik də bunu islahatların həyata keçirilməsini zəruri edən tələblər sırasındadır.