ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenter Bakı və İrəvana səfəri zamanı ölkə liderlərinə Co Baydenin məktubunu təqdim edib.
Bayden məktubda qeyd edib ki, ABŞ Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına dəstək verməyə hazırdır.
"Mənim administrasiyam sülhə yol açacaq cəsarətli təşəbbüslərin irəli sürülməsinə hazırdır. Xahişimlə xüsusi köməkçim, Avropa üzrə baş direktor Maykl Karpenter atmağa hazır olduğumuz müəyyən addımlarla bağlı Sizi məlumatlandıracaq və Ermənistanla müzakirələrə dair Sizin mövqeyinizi öyrənəcək", - ABŞ Prezidenti bildirib.
O, məktubda sözügedən "müəyyən addımların" nələrdən ibarət olduğunu açıqlamayıb.
Modern.az xəbər verir ki, "Azadlıq" radiosunun erməni bürosu məsələ ilə bağlı ABŞ Dövlət Departamentinə məktub ünvanlayıb.
Departamentdən bildirilib ki, Birləşmiş Ştatlar uzunmüddətli və ləyaqətli sülh razılaşmasına nail olmaq üçün Ermənistan və Azərbaycanın səylərini dəstəkləyir.
"Tərəflər sülh sazişinin yekunlaşdırılması istiqamətində mühüm irəliləyiş əldə ediblər. ABŞ tərəflər üçün faydalı olan istənilən şəkildə bu prosesi dəstəkləməyə sadiqdir", - deyə cavabda qeyd olunub.
Ancaq Dövlət Departamenti də sözügedən təkliflərin nə olduğunu açıqlamayıb.
Xatırladaq ki, Prezident İlham Əliyev Karpenteri qəbul edən zaman sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarının məhz Azərbaycan olduğunu bildirib. Dövlət başçısı vurğulayıb ki, ölkəmiz regional sülh gündəliyini dəstəkləyir. Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərməsi bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müəyyən suallar doğurur.
Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneə olduğunu bildirən Prezident İlham Əliyev ölkəmizin prosesin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcəyini vurğulayıb.