Beynəlxalq Valyuta Fondu Avropa iqtisadiyyatının bütün sektorlarında məhsuldarlığın aşağı düşdüyü barədə hesabat açıqlayıb.
Modern.az Fonda istinadən xəbər verir ki, məhsuldarlığın azalması bütün sektorları əhatə edir və regiona yayılmaqdadır. Enerji təhlükəsizliyi, iqtisadi parçalanma, əhalinin qocalması və iqlim dəyişikliyi kimi amillərdən yaranan problemlər vəziyyəti daha da mürəkkəbləşdirir.
Fond mütəxəssislərinin fikrincə, şirkətlərə və ev təsərrüfatlarına qeyri-müəyyənlikdən çıxmağa kömək edəcək davamlı makroiqtisadi siyasət həyata keçirmək lazımdır. Bu, fiskal kəsiri azaltmaqla bərabər neytral pul siyasətinə keçidi təmin edəcək.
Qeyd edək ki, oktyabrın 13-də Avropa Mərkəzi Bankı iqtisadiyyatı dəstəkləmək niyyətini təsdiqləyib. İdarəetmə Şurası baza faiz dərəcəsinin 4,25 faizdən 3,65 faizə, depozitlər və kreditlər üzrə isə müvafiq olaraq 3,5 və 3,9 faizə endirilməsi barədə qərar qəbul edib. Eyni zamanda, sentyabr iclasında tənzimləyici orqan Avrozona ölkələrində illik inflyasiya proqnozunu dəyişməyərək 2,5 faiz səviyyəsində saxlayıb.