"Region mediası faktiki olaraq ölmüş sayıla bilər".
Bunu Modern.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət bildirib.
O qeyd edib ki, əksər bölgələrimizdə media adına heçnə fəaliyyət göstərmir.
"Düzdür sosial media geniş yayılıb, bəzi bölgələrdə blogerlər, hətta saytlar belə var. Amma ümumi götürəndə vəziyyət o qədər də ürəkaçan deyil. Yəni region mediası Azərbaycanda yox kimidir. Bir müddət əvvəl regional televiziya kanalları şəbəkəmiz var idi. Həmin şəbəkə də əvvəlki gücündə qala bilməyib. Həmin kanallar ya böyüyüblər ya da Bakıya daşınıblar. Nəticə olaraq region mediası ölkəmizdə yox kimi sayıla bilər”.
A.Həsrət qeyd edib ki, dünyanın ən inkişaf etmiş ölkələrində region mediası, özəlliklə qəzetlər çox populyardır, tələb olunandır, oxunaqlıdır və ehtiyac duyulandır:
“Çünki regionda insanlar yerli xəbərlərə ehtiyac duyur, maraq göstərirlər. Bizdə yerli xəbərləri əhatə edən, gözə gəlimli sayıla biləcək hansı qəzetlər, internet resursları var? Bunlar o qədər də çox deyil, hətta bəzən heç yoxdurlar. Əvvəllər rayon qəzetləri var idi ki, icra hakimiyyətləri tərəfindən təsis olunurdular. “Media Haqqında” Qanun qəbul edildikdən sonra dövlət qurumlarının qəzet təsis etmə hüququ da əlindən alındı. Bu qəzetlərdə başlı başına buraxılıb və yaşaya bilmirlər. Bu qəzetlər 2-3 ayda bir dəfə çıxırlar. Bu media demək deyil”.
Medianın İnkişafı Agentliyinin (MEDİA) şöbə müdiri Səidə Şəfiyeva bildirib ki, region jurnalistləri üçün bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Azər Həsrəy Medianın İnkişafı Agentliyinin bu təşəbbüsünün təqdirəlayiq olduğunu bildirib.
“Düşünürəm ki, bu addım region mediasının təşviq edilməsi üçün atılacaq addımlar çox faydalı olacaq. Eyni zamanda regiondakı iş adamlarını, dövlət qurumlarını, ümumiyyətlə hər kəsihəvəsləndirmək lazımdır ki, region mediası yenidən canlansın. Bir daha qeyd edirəm, dünyanın ən inkişaf etmiş ölkələrinin regionlarında hətta ən kiçik qəsəbələrdə belə qəzetlər olduqca populyar və oxunaqlı olur. Çünki yerli xəbərləri əhatə edir və insanlar bir-birləri haqqında yazılanları oxumağa həvəsli olurlar. Milli səviyyəli media təbiidir ki, daha böyük, ümumi məsələləri işıqlandırır. Tutaq ki, hansısa bölgənin xəbərlərinə meyl etmir, xəbər verəndə də ayrıntıları haqqında danışmır. Region mediası isə elədir ki, konkret bölgəni əhatə edir və ayrıntılara yer verir”, - o qeyd edib.