Paytaxtın Nizami rayonunda iaşə obyektinin yanaması ilə bağlı saat 17:32-də FHN-in “112” qaynar xəttinə məlumat daxil olub.
Modern.az xəbər verir ki, bunu APA-ya açıqlamasında FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Taleh Babayev bildirib.
O, qeyd edib ki, yanğınsöndürənlər çağırışdan 4 dəqiqə sonra hadisə yerinə çatıb. Vəziyyət qiymətləndirilib və çoxsaylı çağırışla bağlı qərar qəbul olunub:
“Yanğının digər iaşə obyeltləri və fərdi yaşayış məskənlərinə keçməsinin qarşısı alınıb. Yanğın qısa nüddətdə məhdudlaşdırılaraq tam söndürülüb”.
Qeyd olunub ki, sahəsi 2000 kv/m olan iaşə obyektinin təminən 800 kv/m hissəsi yanıb. Xəsarət alan olmayıb.
***
19:17
Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən obyektdə baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.
Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
***
19:05
Bakının Nizami rayonu ərazisində yerləşən obyektlərdən birində baş vermiş yanğın məhdudlaşdırılıb.
Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd edilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətimdə tədbirlər davam etdirilir.
***
18:00
Bakıda Babək prospektində yanğın başlayıb.
Modern.az xəbər verir, ərazidə yerləşən obyekt yanır.
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Yanğın hadisəsi ilə bağlı əraziyə polis əməkdaşları cəlb olunub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yerində təhlükəsizlik tədbirləri təmin olunur, nəqliyyatın hərəkəti tənzimlənir və digər zəruri tədbirlər görülür.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib ki, yanğın hadisəsi səbəbindən Fəhlə küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.