Modern.az

Tbilisidə vəziyyət: “Gürcü arzusu” prezidentin “vetosu”nu qıracaq - ŞƏRH

Tbilisidə vəziyyət: “Gürcü arzusu” prezidentin “vetosu”nu qıracaq - ŞƏRH

Analitika

28 Oktyabr 2024, 15:06

Gürcüstanda hakim “Gürcü arzusu” partiyasının qələbəsi ilə nəticələnən 26 oktyabr parlament seçkilərdən sonra siyasi böhran yaranıb: prezident Salome Zurabişvili seçkilərin nəticələrini tanımadığını bildirib, müxalifət də parlamentin işində iştirak etməyəcəklərini bəyan edib.

Seçkilərin nəticələrini tanımayan S.Zurabişvili vətəndaşları bazar ertəsi saat 19:00-da parlament binası qarşısında mitinq keçirməyə çağırıb. O, hazırkı hökuməti qeyri-legitim adlandırıb.

Gürcüstanın baş naziri İrakli Kobaxidze isə bildirib ki, heç kim Gürcüstanda keçirilən parlament seçkilərinin qeyri-legitim olduğunu göstərən faktlar təqdim edə bilməyəcək. O, həmçinin bildirib ki, Zurabişvili seçkilərdən sonra yeni parlamentin ilk iclasına mane ola bilməyəcək.

Rəsmi məlumata görə, Gürcüstanda hakim “Gürcü arzusu” partiyası səslərin 54 fazini əldə edib. Bu isə parlamentdəki 150 mandatdan 89-u deməkdir. Parlamentə daxil olan dörd müxalifət qüvvəsinin hamısı mandatlarından imtina etdiyini bildirib.

Yaranmış siyasi böhran fonunda açıq qalan suallar var.

Müxalifət parlamentin legitimlik qazanmasının qarşını ala bilərmi?

Modern.az-ın məlumatına görə, Gürcüstandakı vəziyyəti şərh edən siyasi ekspert Asif Nərimanlının sözlərinə görə, parlamentdə konstitusiya çoxluğuna (113 mandat) ümid edən “Gürcü arzusu” ilkin məlumata görə 89 mandat əldə edib. Bu, seçkiöncəsi vədlərin – kilsəyə xüsusi statusun verilməsi, LGBT təbliğatının qadağan edilməsi və s. yerinə yetirilməsini çətinləşdirsə də, parlamentin seçkinin nəticələrinə uyğun fəaliyyətini təmin edir:

“Gürcüstan konstitusiyasına görə, 150 yerlik parlamentdə deputatların 51 faizinin (76 deputat) iştirakı qanunverici orqanın səlahiyyətə başlamasına və hökumətin formalaşdırılmasına imkan verir. Bu baxımdan, müxalifət mandatdan imtina etsə belə, parlamentin legitimliyini poza bilməyəcək”.

Maraqlısı, seçkinin nəticələrini tanımayan prezident parlamentin fəaliyyətinin qarşısını ala bilərmi?

“Konstitusiyaya görə, Gürcüstan parlamentinin ilk iclası seçkinin nəticələrinin elan edilməsindən sonra 10 gün ərzində keçirilməlidir və ilk sessiyanı prezident təyin edir. Zurabişvilinin nəticəni tanımaması bu məsələdə çətinlik yarada bilər, lakin “Gürcü arzusu” legitimlik üçün lazım olan 76 deputatın olduğunu əsas gətirərək, prezidentin “vetosu”nu qıracaq. Konstitusiyada ilk iclasın prezident tərəfindən təyin olması qeydi ilə yanaşı, 10 gün ərzində keçirilməsi də yer alır və hökumət ikinci məqamı əsas götürə, parlament sədrinin qərarı ilk iclası keçirə bilər. Baş nazir İrakli Kobaxidze artıq bu haqda açıqlama verib”, - A.Nərimanlı bildirib.

“Gürcü arzusu”nun siyasi gedişi necə ola bilər?

A.Nərimanlının sözlərinə görə, hakim partiya artıq parlamentin fəaliyyətə başlayacağını, müxalifətin imtinasının heç nəyi dəyişdirməyəcəyini rəsmi şəkildə bildirib:

“Hərçənd, hadisələrin gedişində müxalifət partiyalarının biri, yaxud bir neçəsi ilə razılaşmaq istiqamətində addımların atılacağı da gözləniləndir. Mümkün konsensusun “Gürcüstan naminə” partiyası ilə baş tutması ehtimalı var. Partiya sədri Georqi Qaxariya “Gürcü arzusu” hökumətində baş nazir olub, hazırda mövqelər arasında kəskin ziddiyyətlər yaşansa da, keçmiş bağlılıq anlaşmaq perspektivlərini tam sıradan çıxarmır.

Bütün bunların fonunda seçkinin nəticələrini hüquqi baxımdan ləğv etmək imkanı olmayan müxalifətin aksiyalarla nəsə etməkdən başqa yolu qalmır. Hərçənd, bunun nə qədər effektiv olacağı sual altındadır.

Birincisi, hakim partiyanın əlində inzibati resurslar və 50 faizdən artıq elektorat var;

İkincisi, uzun müddətdir aksiya ssenarisini tətbiq edən müxalifətin gücünün hakimiyyəti dəyişdirməyə yetərli olacağı ehtimalı azdır;

Üçüncüsü, müxalifəti dəstəkləyən Qərbin prosesə müdaxiləsi hələki ritorik müstəvidən irəli getmir və mövqelərini tamamilə itirməmək, ən azı 50 faizə yaxın elektorata xitab edən müxalif güc üzərindən təsir imanlarını saxlamaq naminə praktiki müdaxiləni təxirə salacağı ehtimalı da mümkündür”.
 

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu