Xeyli müddətdir ki, şagirdlərin Azərbaycanda muzeylərə, tarixi abidələrə ekskursiyası təşkil edilir.
İş ondadır ki, şagirdlər Şirvanşanlar Sarayına ekskursiya edərkən İçərişəhər yollarında avtomobillərin tıxacı ilə üzləşirdilər.
Artıq bu gündən İçərişəhərə avtomobillərin girişində məhdudiyyətlər tətbiq edilir.
Modern.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu məsələ uzun müddətdir cəmiyyətdə müzakirə olunurdu:
“İçərişəhərə kütləvi şəkildə avtomobillərin giriş-çıxışı müəyyən problemlər yaradırdı. Bunu hamımız görürdük. Biz hər birimiz orada gəzərkən sıxlıq problemi ilə üzləşirdik. Zaman-zaman bununla bağlı narazılıqların da şahidi olurduq. Görünür bütün reallıqlar nəzərə alınaraq belə bir qərar qəbul edilib. Təbii ki, bu qərarı müdafiə etmək lazımdır”.
Millət vəkili qeyd edib ki, bu məsələdə müəyyən istisnalar edilməlidir:
“Hesab edirəm ki, avtomobillərin daxil olması ilə bağlı məhdudiyyət anlaşılandır. Amma müəyyən istisnalar nəzərə alınmalıdır. Burada səfirliklərin nəqliyyat vasitələri, təcili yardım maşınları, təhsilalanlar üçün istisna hallar olmalıdır. Hesab edirəm ki, bu kimi istisnalar nəzərdə tutulub və açıqlama veriləcək”.