Xocalı faciəsi zamanı hər iki valideynini itirən 25 nəfərin bu gün də mənzil problemi həll olunmamış qalır. Bir neçə dəfə Milli Məclisin deputatları bu məsələnin müzakirəsini aparsalar da, məsələyə çözüm verilməyib.
Millət vəkili Qənirə Paşayeva Modern.az-a açıqlamasında artıq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla bu məsələni müzakirə etdiklərini dedi. “Təxminən yarım saat Səlim Müslümovla danışdıq. Bütün məsələləri diqqətə çatdırdım. Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş uşaqların problemləri ilə bağlı müraciət etdiklərini və bu məsələdə onlara kömək edilməsini istədiklərini dedim. Uşaqların üzləşdiyi şəhid ailəsi statusundan tutmuş onların mənzil, iş problemlərinə qədər olan məsələləri diqqətə çatdırdım. Nazirdən xahiş etdim ki, bu məsələ onun xüsusi diqqətində olsun. Qeyd edim ki, bu məsələni necə və hansı istiqamətdə edəcəyimizi ciddi müzakirə etdik. Səlim Müslümov vurğuladı ki, çox qısa zamanda bu məsələ ilə şəxsən özü birbaşa məşğul olacaq. Bilirsiniz ki, deputatların 25 nəfərlə görüşümüz olmuşdu. Bundan əvvəlki nazirlə də görüşdə bu məsələ müzakirə olunmuşdu. Səlim Müslümov dedi ki, bu məsələ ciddi şəkildə müzakirə olunacaq və yaxın günlərdə nazirlik bu istiqamətdə onlara kömək üçün ciddi addımlar atacaq”.Millət vəkili Fuad Muradov da bu məsələdə nazirə müraciət etmək fikrindədir. “Milli Məclisin son iclasında Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş 25 nəfərin mənzil probleminin həll edilməsi məsələsini qaldırmışdım. Komitə iclasında da bu məsələni Rövşən Rzayevlə birgə qaldırmışdıq. Hətta əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məsələ ilə bağlı müraciət də etmişdik. Füzuli Ələkbərov 25 nəfərlə görüşüb söhbət etmişdi. Xocalı faciəsində hər iki valideynin itirən 25 nəfərin təkcə mənzil problemləri deyil, onlar işsizlik problemi ilə də üz-üzədirlər. Təbii ki, biz zaman-zaman öz üzərimizə düşən problemləri həll edirik. Məsələ ilə bağlı bu yaxınlarda, Səlim Müslümova müraciət edəcəyik”.
“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Bayram Səfərov isə məsələnin həll olunması üçün bir qədər vaxt lazım olduğunu dedi. “Mənzil tikilməsi hər gün baş vermir. Bu elə-belə iş deyil. Əslində, mənzil məsələsi mənim nəzarətimdə deyil. Xocalıdan olan hər iki valideynini itirən uşaqlarla bağlı dəfələrlə müraciət etmişik. İnanıram ki, zamanı gələndə Xocalıdan olan uşaqların mənzil məsələsi həll olunacaq. Köçürmə prosesi proqram çərçivəsində həyata keçirilir. Xüsusi dövlət proqramı var. Yataqxana boşalır, mənzil tikilməsi üçün ərazi sahəsi müəyyən olunur. Köçkünlərə dövlət tərəfindən göstərilən qayğı göz qabağındadır. Çox güman ki, bu məsələ də həll olunacaq”.
Namidə BİNGÖL