Modern.az

“Gürcü arzusu” hakimiyyət dəyişikliyinə imkan verməyəcəyini BƏYAN EDİB

“Gürcü arzusu” hakimiyyət dəyişikliyinə imkan verməyəcəyini BƏYAN EDİB

29 Oktyabr 2024, 13:10

Gürcüstanda keçirilmiş 26 oktyabr tarixli parlament seçkilərindən sonra vəziyyət gərgin olaraq qalır.
Hakim "Gürcü arzusu" partiyasının parlament seçkilərindəki qələbəsini tanımayan müxalifət tərəfdarları ötən gecə Tbilisidə izdihamlı mitinq keçirib. Müxalifət beynəlxalq nəzarət altında yeni seçki keçirilməsini tələb edib. Mitinqə qatılan Gürcüstan prezidenti Salome Zurabişvili də səsvermənin nəticələrini tanımadığını bildirib.

Xarici KİV-in məlumatına görə, mitinqdə vəziyyət kifayət qədər sakit olub, qarşıdurma və həbslər qeydə alınmayıb.

Yerli vaxtla saat 21:30 radələrində mitinqin başa çatdığı elan edilib, sonda Gürcüstan və Avropa İttifaqının himnləri səsləndirilib.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü arzusu” seçicilərin 53,9 faizinin səsini qazanıb. Müxalifətdə olan “Dəyişikliklər Alyansı” 11 faizə yaxın, “Vahid Milli Hərəkat” 10,1 faiz, “Güclü Gürcüstan” 8,8 faiz, “Gürcüstan naminə” 7,7% səs toplamaqla parlamentdə yer qazanıb.

Modern.az-ın məlumatına görə, Baş nazir İrakli Kobaxidze yerli mediaya açıqlamasında "Gürcü arzusu" partiyasının aşkar fərqlə qalib gəldiyini bildirərək, müxalifətin nəticələrin saxtalaşdırıldığı barədə iddialarını rədd edib.

Dördüncü dəfə hakimiyyətdə qalmağa hazırlaşan “Gürcü arzusu” 150 yerlik parlamentdə 89 yer tutacaq ki, bu da 2020-ci il seçkilərində olduğundan bir qədər azdır.
 

Dörd qərbyönlü müxalifət partiyası birlikdə 61 mandat alıb. Onlardan üçü - “Dəyişikliklər Alyansı”, “Vahid Milli Hərəkat” və “Güclü Gürcüstan” mandatdan imtina etdiyini açıqlayıb və parlamentə getməyəcəklərini elan edib.

Yalnız Georgi Qaxariyanın “Gürcüstan naminə” partiyası parlamentə gedib-getməyəcəyi barədə yekun qərarı elan etməyib.

“Gürcü arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze müxalifətin mandatdan imtina qərarına belə cavab verib: “Parlamentə girməyəcəyik deyirlərsə, gəlməsinlər. Biz vətənimiz üçün çalışmaqda davam edəcəyik və agentlər tərəfindən ölkəmizə qarşı hər hansı sui-qəsdin qarşısını alacağıq”.

Gürcüstan müxalifəti isə aksiyaları davam etdirəcəyini bəyan edib. Amma bunun işə yarayıb-yaramayacağı yaxın günlərdə məlum olacaq. Çünki hakim “Gürcü arzusu” partiyası müxalifətin qarşısından geri çəkilmək fikrində deyil və hakimiyyət dəyişikliyinə imkan verilməyəcəyini  bəyan edib.


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi