Ukrayna və Rusiya enerji infrastrukturuna qarşılıqlı hücumlara son qoymaq üçün ilkin danışıqlar aparır.
Modern.az xəbər verir ki, bu barədə “Financial Times” yazıb.
Nəşrin məlumatına görə, avqustda Ukraynanın Kursk şəhərini işğal etməsi səbəbindən əvvəllər əldə olunmuş razılığın pozulmasından sonra danışıqlar Qətərin vasitəçiliyi ilə bərpa edilib. Bu razılaşma davam edən hərbi münaqişənin deeskalasiyası istiqamətində mühüm addım ola bilər.
“Hazırda enerji obyektləri ilə bağlı danışıqlar aparılır”, - deyə danışıqlardan xəbərdar olan diplomat vəziyyəti şərh edib.
Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl demişdi ki, belə bir razılaşma Rusiyanın daha geniş sülh danışıqlarına hazır olduğuna işarə ola bilər.
Ukraynanın yüksək rütbəli məmurlarının məlumatına görə, artıq hər iki tərəfdən enerji infrastrukturlarına hücumların tezliyində azalma müşahidə olunur ki, bu da ölkələrin kəşfiyyat xidmətlərinin ilkin razılaşmasının nəticəsidir.
Gözlənilir ki, danışıqlar prosesinin gələcək inkişafı hazırkı hərbi münaqişənin həlli imkanlarından və hər iki tərəfin qarşılıqlı şərtlərindən asılı olacaq.
Ukrayna lideri Vladimir Zelenski “Financial Times” qəzetinə müsahibəsində enerji obyektlərinə qarşılıqlı hücumların dayandırılmasının hərbi əməliyyatların sonunun başlanğıcı ola biləcəyi barədə fikir bildirib.
Avqust ayında “Vaşinqton Post” öz mənbələrindən Moskva və Kiyevin münaqişəyə son qoyulmasını müzakirə etmək üçün gizli danışıqlar aparmağı planlaşdırdığı barədə xəbərlər dərc etmişdi.
Tərəflər iki ay ərzində enerji obyektlərinə qarşılıqlı hücum etməmək haqqında sazişin bağlanması imkanlarını müzakirə ediblər.