Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.
Modern.az Palataya istinadən xəbər verir ki, iclasda ilk olaraq Azərbaycanın 2025-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyi müzakirə olunub.
Bildirilib ki, Rəy 2025-ci il üçün dövlət büdcəsinə dair Qanun layihəsinin və layihə ilə birlikdə hazırlanan və təqdim olunan aidiyyəti sənədlərin mövcud qanunvericilik aktlarına uyğunluğu, dövlət büdcəsinin gəlirləri və xərcləri, büdcə kəsirinin proqnoz göstəricilərinin düzgünlüyü və tamlığı, həmçinin bu göstəricilərin əsas makroiqtisadi parametrlərə və ölkənin strateji sənədlərinə uyğunluğu barədə kənar dövlət maliyyə nəzarəti orqanının mövqeyini ifadə edir. Rəyin hazırlanması zamanı INTOSAI-P 1 – Lima Bəyannaməsinin 2-ci maddəsinin tələbləri (pre-auditə dair) nəzərə alınıb, mütərəqqi təcrübə kimi “Proqnoz maliyyə məlumatlarının yoxlanılması” standartından da istifadə olunub.
Müzakirələrdə Rəyin hər bölməsində əks olunan əsas məsələlərə, aparılmış qiymətləndirmələrin nəticələrinə, verilmiş tövsiyələrə diqqət yetirilib. Müzakirələrin nəticəsinə əsasən Rəyin təsdiq olunması və Milli Məclisə göndərilməsi barədə qərar qəbul olunub.