Sədərək Gömrük İdarəsinin rəisi Mirməhəmməd Seyidovun Türkiyəni sarsıdan korrupsiya və rüşvət ittihamları ilə əlaqədar nəzarətə alınanlarla eyni vaxtda saxlanılması Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin işinə kölgə salıb. Bu barədə Modern.az saytına Dövlət Gömrük Komitəsindəki mənbədən məlumat verilib.
Türkiyə mətbuatının məlumatına görə, Mirməhəmməd Seyidov İğdırın Aralık mahalında yerləşən və Türkiyə ilə Naxçıvanı bir-birinə birləşdirən "Dilucu Sərhəd Qapısı"nda aparılan rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində həbs edilib. Onun barəsində 3 aylıq həbs-qəti imkan tədbiri seçilib.
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Sədərək Gömrük İdarəsinin rəisinin Türkiyədə saxlanılması ilə bağlı rəsmi məlumatında bildirib ki, M.Seyidov məzuniyyətdə olduğu müddətdə ailəsinin müalicəsi ilə əlaqədar 2013-cü il dekabr ayının 9-da Türkiyənin İstanbul şəhərinə gedib: “2013-cü il dekabrın 17-də İstanbul-Qars təyyarə reysində ailəsi ilə birlikdə geri qayıdarkən Qars Hava Limanında polis tərəfindən saxlanılıb. O, Türkiyədə əməliyyatlarda həbs olunanlarla əlaqədar bəzi məlumatların dəqiqləşdirilməsi üçün İqdır Vilayət Prokurorluğuna dəvət edilib”.
Məlumatda bildirilib ki, Azərbaycanın Türkiyədəki səfirliyi və Qarsdakı Baş Konsulluğu tərəfindən bu məsələnin tezliklə həlli istiqamətində lazımi tədbirlər görülür.
Modern.az-a verilən məlumatda bu hadisənin Naxçıvan MR Dövlət Gömrük Komitəsinin rəhbərliyində dəyişikliyə səbəb olacağı vurğulanır. Hətta Dövlət Gömrük Komitəsinin dəhlizlərində Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Asəf Məmmədovun tutduğu vəzifədən azad ediləcəyi barədə söhbətlər də dolaşır. Bununla əlaqədar müzakirələrə başlandığı da da qeyd olunur.
Qeyd edək ki, 1992-ci ildən gömrük orqanlarında işləyən general Asəf Mehdiyev müxtəlif vəzifələrdə çalışıb. 2004-cü ilin yanvarından isə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.
Modern.az