Bu gün Bakı Dövlət Universitetində (BDU) Mövlana Cəlaləddin Ruminin 740-cı ildönümü və Seyyid Yəhya Şirvaninin 550 illik yubileyi münasibətilə “Mövlana Cəlaləddin Rumi və Seyyid Yəhya Şirvani perspektivində Azərbaycandan Anadoluya irfan yolu” adlı konfrans keçirilib.
Modern.az-ın məlumatına görə, konfransda çıxış edən universitetin rektoru, akademik Abel Məhərrəmov Rumi və Şirvaninin yaradıcılıqlarından, ədəbiyyat sahəsindəki fəaliyyətlərindən danışıb. Rektor qeyd edib ki, bu şəxslər mütəfəkkir, alim kimi ədəbiyyata dəyərli əsərlər bəxş edib, dövrlərinin mötəbər elm adamları kimi tanınıblar: “Mövlana və Seyyid Yəhya həm də təsəvvüfün, xoşgörünün ən böyük şəxsiyyətlərindən biri olublar”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun alim-mütəfəkkirlərlə bağlı çıxış edərək, onların Türk-İslam dünyasına verdikləri töhfələrdən danışıblar.
Qeyd edək ki, konfrans BDU, Türkiyə Cümhuriyyəti Bakı Səfirliyinin Kültür və Tanıtma Müşavirliyi, Bakı Yunus Əmrə Türk Kültür Mərkəzi, Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə keçirilib.
Modern.az