Modern.az

Çəmənzəminli Nəsib bəy Yusifbəylidən nə istəyirdi?

Çəmənzəminli Nəsib bəy Yusifbəylidən nə istəyirdi?

Mədəniyyət

21 Dekabr 2013, 13:46

Modern.az saytı Azərbaycan Xalq Cümhuriyətinin banilərindən olan Nəsib bəy Yusifbəyli müəmmalı ölümü , tapılmayan məzarı , öyrənilməyən diplomatik və publisistik fəaliyyəti barədə söhbət açılıb. Bu dəfə isə  Nəsib bəyin baş nazir olduğu vaxt Azərbaycanın böyük yazıçılarından olan Yusif Vəzir Çəmənzəminli ilə əlaqələrindən danışılacaq. Həmin əlaqələrin kökündə o dövrün ziyalısının ürək ağrıları və çətin həyat tərzi əks olunub. Təsəvvür edin ki, Nəsib bəy baş nazir ola-ola yaşamaq üçün atasından borc pul istəyir. Bu tərəfdən də Cümhuriyyətin Ukraynadakı diplomatik nümayəndəsi olan Yusif Vəzir Çəmənzəminli oradakı həmvətənlərinin ağır həyat şəraitini Nəsib bəyə çatdırır və ondan , Azərbaycan dövlətindən bir kömək istəyir. Ən maraqlı məqam isə budur ki, həmin vaxt səfir olmasına baxmayaraq Yusif Vəzirin özü də məvacib almırdı. Kirayə qaldığı evin pulunu belə zorən ödəyirdi.

Mənə məvacib təyin edin. Heç olmasa kirayə pulunu verə bilim”

Azərbaycan Cumhuriyyətinin ilk baş naziri Fətəli xan Xoyski Yusif Vəzirin qeyri adi diplomatik qabiliyyətini, kritik məqamda qərar vermə keyfiyyətlərini nəzərə alaraq 14 yanvar 1919-cu ildə Milli Krım Direktorluğuna göndərdiyi məktubunda yazırdı:

 “.. Azərbaycan Respublikası və ona yaxın olan Krım Direktorluğu arasında sıx əlaqələri möhkəmləndirmək məqsədilə mən hökumətin 1 noyabr 1918-ci il qərarına əsasən Mir Yusif Vəzirova Cümhuriyyətin Krım hökuməti yanında nümayəndəsi olmağını tapşırmışam”

Yusif Vəzirə tapşırılan əsas missiya Ukrayna ilə Azərbaycan arasında münasibətləri bərpa etmək və Azərbaycan tarixini ədəbiyyatını mədəniyyətini orda təbliğ etmək idi. Yusif Vəzir işə çox həvəslə başlayır. Simferopolda olarkən səfir təyin edilir. Səfir təyin olunması barədə etimadnamə ona gedib çatmır. Çünki xarici işlər nazirliyinin diplomatik kuryeri etimadnamə ilə birgə 8000 manat pulu səhvən Kiyevə aparır. Yollar və Kiyevdəki vəziyyət təhlükəli olduğundan işin arxasınca getmirlər. Yusif Vəzir mədəniyyətin və ədəbiyyatın təbliğində aktiv fəaliyyətə başlasa da bəzi çətinliklər ev və maliyyə problemi onun işini çətinə salır. Qeyd edək ki hökumət diplomatik nümayəndə kimi ona maaş təyin etməmişdi. Buna görə də Yusif Vəzir hətta kirayə qaldığı evin pulunu belə verə bilmirdi. Bu haqda o, Cümhuriyyətin Xarici işlər nazirliyində Odessadan göndərdiyi məktubunda yazırdı:

“Xahiş edirəm tutduğum vəzifəyə görə mənə məvacib verəsiniz İşçilərin ştatını isə özüm sizə yollayacağam. Odessada pulsuz böhransız bir vəziyyətdə yaşayıram. Ayda 1200 manat mənzil pulu verirəm, çörəyin girvənkəsi isə 20 manatdır.”

Yazdığı məktubda səfir olmasına baxmayaraq  Yusif Vəzirin acınacaqlı yaşayışını həmən hiss etmək olar. Ən çətin məsələ bundadır ki, orada yaşayan həmyerliləri də Yusif Vəzirdən kömək istəyirdilər. Hər bir sahədə hətta ticarət etdikləri məhsulların Bakıya gətirilməsini belə ondan tələb edirlər. Odessada o zaman başlanana hərc-mərclik Yusif Vəzirin Bakıya qayıtmasını labüdləşdirir. Yusif Vəzir şəhərdəki vəziyyət Bakı hökumətinə göndərdiyi məktubda bu cür izah edir:  “Şəhərin vəziyyəti büsbütün alt-üst olmuş , hər zaman xüsusən də gecələr kefli əsgərlər güllə atır xalqın rahatlığını pozurlar.”

Yusif Vəzir Bakıya çox çətinliklə qayıdır. “Boris” adlı bolqar gəmisi ilə əvvəlcə İstanbula sonra isə vətənə qayıdır. İstanbulda olarkən oradakı azərbaycanlıların ağır yaşayışı onu qayğılandırır. Bakıya dönən kimi həmən Demokratik Cümhuriyyətin Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin qəbulunda olur. İstanbuldakı Azərbaycan qaçqınlarının məşəqqətli həyatı ,onların viza problemləri barədə Nəsib bəyə danışır. Sonda isə İstanbulda Azərbaycan səfirliyinin açılmasını təklif edir.

Nəsib bəy bu qərarı necə qarşıladı?

Görüşdən həmən sonra Çəmənzəminli  “Azərbaycan” qəzetində “Xarici siyasətimiz” adlı məqalə yazır. Həmin məqalədən bir neçə sitatı sizlərə təqdim edirik: “Avropa müharibəsindən sonra meydana çıxan yeni dövlətlər səfir göndərməklə istiqlaliyyətə birinci addımlar atdırlar. Məsələ, Ukrayna və Gürcüstan bu yolda çox ciddiyyət göstərdilər. Özlərinin müstəqil yaşamaq  meyllərini və istedadlarını göstərdilər.  Bu gün hər yanda gürcü təmsilçiləri var.  Biz bu gün hamıdan çox bağırmalıyıq. Özümüzü tanıtmalı , fikrimizi tərciv etməliyik , bu yoldakı müvəffəqiyyətimiz bizə milli müvəffəqiyyət qazandırar. Bu gün İstanbul hər tərəfdən bizə gərəkli bir şəhərdir. Bu gün İstanbul Bakı mədənlərinin məhsulları üçün yeganə xarici bazardır. Bundan əvvəl Bakı nefti Şimala gedirdi. Şimal indi bağlı olduğu üçün nefti bir ayrı nöqtəyə daşımalıdır. İstanbuldan başqa bir ayrı yer yoxdur. Lakin İstanbul bazarını qazanmaq üçün orada ticarət vəkilləri bulunmalıdır ki, bazarın övzanı  tez-tez Bakıya xəbər versin.”

Çəmənzəminli bu dəlillərini Nəsib bəyin qəbulunda bir daha səsləndirir. Həm də Maarif naziri olan Nəsib bəyə maarifin inkişafı və azərbaycanlı tələbələrin təhsili üçün İstanbulun çox əlverişli bir yer olmasını çatdırır.  Nəhayət Nəsib bəy 1919-cu ilin payızında Nazirlər Şurasının sədri kimi  demokratik Respublikanın İstanbulda səfirliyinin açılması barədə qərar e verir. Səfirin kim olması barədə isə onun öz namizədi var idi - Yusif Vəzirov. Nəsib bəyin bu təklifi kimsə tərəfindən etirazla qarşılanmır. Beləliklə, həm təhsil, həm siyasət həm də iqtisadiyyat baxımından gənc Azərbaycan üçün çox əhəmiyyətli  işlər görəcək bir insan öz missiyasına başlayır.

Həmin vaxt Yusif Vəzirin cəmi 32 yaşı var idi...

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza