Modern.az

Heydər Əliyev Mərkəzində “Küknar” sərgisi - FOTOLAR

Heydər Əliyev Mərkəzində “Küknar” sərgisi - FOTOLAR

Təhsil

21 Dekabr 2013, 22:58

Dekabrın 21-də Heydər Əliyev Mərkəzi yeni layihəsini - “Küknar” Beynəlxalq incəsənət sərgisi və müsabiqəsini reallaşıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib, “Küknar” Beynəlxalq incəsənət müsabiqəsi çərçivəsində 2014-cü ilin tam fərqli tərtibatda bəzədilmiş Yeni il küknar ağaclarına baxıb.
Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, “Küknar” Beynəlxalq incəsənət müsabiqəsi Azərbaycanın və xarici ölkələrin sənət adamları arasında elan edilib. Artıq müsabiqəyə təqdim edilmiş 18 müasir incəsənət əsəri Heydər Əliyev Mərkəzinin parkında sərgilənib.
Anar Ələkbərov bu layihəni dəstəkləyən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlığını bildirib. O, Heydər Əliyev Mərkəzinin daha bir layihəsini elan edib. Diqqətə çatdırıb ki, bu, Novruz bayramı ərəfəsində reallaşacaq “Səməni” müasir incəsənət festivalı olacaq. Bu festival müddətində də sənətkarlarımız öz əsərlərini Heydər Əliyev Mərkəzinin parkında təqdim edəcəklər.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov Yeni il ərəfəsində belə bir beynəlxalq incəsənət sərgisinin və müsabiqəsinin keçirilməsinə görə Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin rəhbərliklərinə dərin minnətdarlığını bildirib və belə tədbirlərin sayının artacağına əminliyini ifadə edib.
Sonra müsabiqənin qaliblərinin adları açıqlanıb. Fərəc Rəhmanov müsabiqədə birinci, Novruz Məmmədov ikinci, Camiddin Murtuzəliyev isə üçüncü yerləri tutublar. Onlara diplomlar və pul mükafatları verilib.
Yeni il ərəfəsində həyata keçirilən bu layihənin məqsədi Azərbaycanda mədəniyyət və incəsənətin inkişafına töhfə vermək və Bakı sakinlərinə bayram ovqatı yaşatmaq olub.
Müxtəlif ölkələrdə fərqli ənənələrlə qeyd edilsə də, dinindən, dilindən, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün insanlar Yeni ili eyni ümidlərlə - yeni uğurlar, xoşbəxtlik arzusu ilə qarşılayırlar. Bayramın rəmzi olan bəzədilmiş küknar ağacı isə həm də bu diləklərin ölməzliyini ifadə edir. İnsanların Yeni il ağacının dövrəsində şənlənməsi bir növ gələcəklə bağlı xoş arzulara inamın əlamətidir.
Heydər Əliyev Mərkəzi Yeni il ərəfəsində Azərbaycanın mədəniyyət və incəsənət xadimlərini, sənətsevərləri, paytaxt ictimaiyyətinin nümayəndələrini 18 qeyri-adi küknar ağacının ətrafında toplayıb. Mərkəzin parkında quraşdırılmış bu nadir, fərqli tərtibatlı Yeni il küknar ağacları 18 heykəltəraş və rəssamın (onların arasında tanınmış sənətkarlarla yanaşı, gənclər də vardır) əsərləridir.
İki aya yaxın davam etmiş incəsənət müsabiqəsində rəssam və heykəltəraşların eskizləri əsasında hər birinin hündürlüyü 3 metrdən çox olan qeyri-adi formalı küknar ağacları hazırlanıb. Soyuğa və istiyə davamlı müxtəlif materiallardan hazırlanmış bu ağaclar rəssamlar tərəfindən dizayn edilərək bəzədilib.
Müsabiqənin qalibləri Heydər Əliyev Mərkəzinin parkında təşkil olunmuş mərasim iştirakçılarının səsverməsi əsasında müəyyənləşdirilib.
“Küknar” Beynəlxalq incəsənət sərgisi 2014-cü il martın 1-dək davam edəcək.

















Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!