Son illərdə ölkəmizdə dövlət gənclər siyasətinin yüksələn xətt üzrə inkişaf etməsi, eyni zamanda bu istiqamətdə xüsusi dövlət proqramlarının qəbul olunması bir sıra uğurların əldə olunmasına səbəb olmuşdur. Bu uğurlardan biri də ölkədə fəaliyyət göstərən və dövlət gənclər siyasətinin icrasında aktiv iştirak edən gənclər QHT-lərinin xarici donor təşkilatlarından maliyyə asıllığının azalmasıdır. Bir sıra statistik məlumatlarıla tanışlıq bu mənzərəni aydın göstərir.
2011-ci ilin 6 aprel tarixində prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam imzaladı. 2005-2009-cu illər üçün Azərbaycan Gəncliyi Dövlət Proqramına büdcədən 8 milyon 375 min manat ayrılmışdısa, yeni proqramda 80 milyon manat vəsait ayrılması nəzərdə tutuldu.
Əvvəcə qeyd edək ki, respublikamızda fəaliyyət göstərən gənclər QHT-ləri əsas etibarilə insan hüquqları və demokratiya, ailə, qadın və uşaq məsələləri, iqtisadi və sosial məsələlər, elm,təhsil, mədəniyyət, ekologiya və digər sahələrdə fəaliyyət göstərir və müxtəlif layihələr həyata keçirirlər. Onlar əhalinin yuxarıda qeyd olunan müxtəlif sahələrdə maariflənmsində, vətəndaşların sosial problemlərinin həllində bu layihələr vasitəsilə kömək etməyə çalışırlar. Statistikaya görə 2013-cü il ilə kimi 236 gənclər QHT-si Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Müqayisə üçün deyək ki, bu rəqəm 2003-cü ildə 51 olmuşdur.
Bu gün gənclər QHT-lərinin layihələrini dəstəkləyən əsas mill donorlar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Prezident yanında QHT-lərə dövlət Dəstəyi Şurasıdır. Son illərə kimi digər QHT-lər kimi gənclər QHT-lərinin layihələrinin əsas donorları arasında beynəlxalq donorlar üstünlük təşkil edirdisə, hal-hazırda bu nisbət yerli donorların hesabına dəyişmişdir. Bir sıra statistik məlumatlara nəzər salmaqla bunu aydın görə bilərik. 2006-cı ildə Azərbaycan gənclər QHT-lərinin 28 layihəsini Avropa Gənclər Fondu, 12 layihəsini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənmişdir. 2007-ci ildə bu nisbət demək olar ki, yaxın bir-birinə yaxın olmuşdur. 28 layihə Avropa Gənclər Fondu, 27 layihə isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənmişdir. 2008-ci ildə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyətə başlaması ilə digər QHT-lərlə bərabər gənclər QHT-lərinin də fəaliyyətində mühüm dönüş yarandı. Həmin ildə QHT-lərə Dövlət Dəstəyi Şurası gənclər QHT-lərinin 41, Gənclər və İdman Nazirliyi 14, Avropa Gənclər Fondu isə 33 layihəsini dəstəkləmişdir. 2009-cu ildən gənclər QHT-lərinin maliyyələşdirilməsində yerli donorların çəkisi daha da artmış və bu üstünlük bu günə qədər qorunub saxlanılır. Avropa Gənclər Fondunun dəstəklədiyi layihələr isə azalmışdır. 2012-ci ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi gənclər QHT-lərinin 120, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 47, Avropa Gənclər Fondu isə cəmi 4 layihəsinə maliyyə yardımı ayırmışdır. Bütövlükdə isə 2012‐ci ildə Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Avropa Gənclər Fondu tərəfindən dəstəklənmiş gənclər QHT-lərinin layihələrin sayı 171, dəstəklənmiş layihələrin ümumi məbləği 4.249.034 manat olmuşdur.
2012-ci ili isə gənclər QHT-ləri üçün vətəndaş cəmiyyətinin quruculuğunda və inkişafında mühüm dönüş nöqtəsi hesab etmək olar. Məhz həmin ildən Azərbycan gəncliyinin innovativ potensialından geniş istifadə etmək məqsədi ilə Azərbaycan Gənclər Fondu fəaliyyətə başladı. Qeyd edək ki, fəaliyyətə başladığı andan Azərbaycan Gənclər Fondu məqsədlərinə uyğun olaraq üzrə gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirməyə başladı. Bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycan Gənclər Fondunun yaradılıması ötən ildə hazırlanan və təsdiq olunan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında nəzərdə tutulumuşdur. Gənclər Fondunun əsasnaməsində gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək, maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etmək kimi öz əksini tapan maraqlı məqamlar bu gün praktiki olaraq icra olunmaqdadır. Gənclər Fondu elan etdiyi müsabiqələrlə gənclərin və gənclər təşkilatlarının ideya və təşəbbüslərinin reallaşmasına dəstək göstərirməkdədir. Azərbaycan Gənclər Fondunun fəaliyyətə başlaması gənclər QHT-ləri üçün müxtəlif yönümlü ideyaların dəstəklənməsinə, onların vətəndaş cəmiyyəti quruculuğu istiqamətində yeni imkanlar yaratmış oldu. Yəni Gənclər Fondu gənclərin inkişafına yönəlmiş yenilikçi bir ideya olaraq müxtəlif layihələr vasitəsilə gənclərin peşəkar idarəetmə, liderlik bacarıqlarının və biliklərinin artırılması, onların fəal vətəndaşlar kimi cəmiyyət həyatında iştiraka cəlb edilməsi və gənclərin sosial problemlərinin həllinə yönəlmiş təşəbbüslərin dəstəklənməsi üçün imkanları daha da təkminləşmiş oldu.
Qeyd edək ki, bu günə qədər Gənclər Fonduna maliyyələşdirilmək üçün 973 layihə təqdim olunub, onlardan 630-u maliyyələşdirilib. Maliyyələşdirilən layihələr üçün 5 milyon 531 min manat vəsait ayrılıb.Və gənclər QHT-lərinin ötən ildə dəstəklən layihələrinin həyata keçirilməsi cəmiyyət tərəfində müsbət qarşılanmış, eyni zamanda vətəndaş cəmiyyətinin inkişafına bir töhvə olmuşur. Bu il eyni zamanda Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 49 gənclər QHT-sinin layihəsinə dəstəkləyib.
Göründüyü kimi, gənclər QHT-lərinin vətəndaş cəmiyyətinin inkişafında atdıqları hər bir addımın yerli donorlar tərəfindən dəstəklənməsi gənclərin cəmiyyətdə özünü müəyyənləşdirmə, iqtisadi cəhətdən fəallıq və sərbəstlik və aid olduqları icmaların sosial və iqtisadi inkişafında fəal iştirakının təmin edilməsi üçün müvafiq bilik, bacarıq və münasibətlər aşılanmasına mühüm təsir göstərməklə bərabər onların xarici donorlardan asıllığını azalmasına da gətirib çıxardı.
Sonda onu da bildirək ki, dövlət gənclər siyasəti - gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir.