Brilliant Dadaşovanın ifa etdiyi “Parij London” mahnısının klip çəkilişləri təxirə salındı. Rejissor Hüseyn Cavadzadənin sözlrəinə görə, klip çəkilişləri 2014-cü ilin ilk ayında baş tutmalıdır. Rejissor mahnının kliplə təqdimatının tərəfdarı olsa da, “Parij London” artıq radiolarda səslənməkdədir. Və Brilliant xanım televiziya kanallarının yeni il proqramlarında “Yeni il”mahnısını yeni versiyada və “Parij London”u ifa edəcək.
Məsələ ondadır ki, mahnı qeyri-müəyyən yolla saytların birində peyda olub. Bu barədə Brilliant xanım deyir:”Kimisə günahlandırmaq istəmirəm. Amma mahnı artıq saytlarda olandan sonra onu kliplə təqdim etməyin mənası qalmadı, ona görə də radiolara da verdik, yeni il proqramlarında da bunu ifa etməyə qərar verdim”. Klipə gəldikdə öyrəndik ki, o rəqslər əsasında qurulacaq. Brilliant xanım tamaşa süjetli kliplərə üstünlük vermədiyini söylədi: ”Düşünürəm ki, bu klip bayram-əhval ruhiyyəsi yaratmalıdır. Bu sözlərdə istehza, zarafat, sevginin şıltaqlığı var. Pariji Londonu yandırıb yaxaram, Dərvişi çağıraram, dünyanı dağıdaram. Bəzən gənclər məhəbbətdə çox acılar, ağrılar çəkir, sevincini, kədərini qabarıq yaşayır. Bütün hissləri sanki çılpaq olur. Məhəbbət əslində sevinc deməkdir, baxmayaq ki, bəzən gənclər kədər kimi qəbul edir. Sonradan biz başa düşürük ki, aşıq olmaq, həsrət çəkmək xoşbəxtlik imiş”.