İllər, yüz illər keçəcək Azərbaycan xalqının, dövlətinin və onun müzəffər ordusunun Prezident, Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə əldə etdiyi ədalətli və ləyaqətli Zəfərə aparan yolun hər qarışı daha dərindən nəzərdən keçiriləcək, torpaqlarımızın işğaldan azad edilməsinin, suverenliyimizin bərpasının alt qatlarında nə qədər böyük bir zəhmətin, strateji zəkanın, Vətən sevgisinin dayandığı daha aydın, daha qabarıq görünəcəkdir.
Sirr deyil ki, Prezident İlham Əliyev Azərbaycanın dövlət başçısı seçildiyi ilk gündən bir azərbaycanlı və bir övlad olaraq atasının və ataların vəsiyyətinin yerinə yetirilməsi istiqamətində bu gün sözlə ifadə edilməyəcək qədər çətin bir vəzifəni addım-addım, səbirlə, inadla, xalqını kataklizmlərdən, məhrumiyyətlərdən qoruyaraq yerinə yetirməyi bacarıb.
Bu müddət ərzində diplomatiya, iqtisadiyyat, ordu quruculuğu, mədəniyyət, idman və digər istiqamətlərdə həyata keçirilən siyasətin ayrı-ayrı detallarına nəzər saldıqca, qeyd olunan istiqamətlərdə atılan hər addımın Zəfər yürüşümüzün tərkib hissəsi olduğunu görə bilərik. Prezident İlham Əliyev təkcə Müzəffər Ali Baş Komandan deyil, bütün dünya azərbaycanlılarının milli birliyini təmin edən, onları Bütöv Vətən ideyası ətrafında birləşdirən tarixi bir missiyanın lideri, Böyük Zəfərimizin şanlı memarıdır.
Bu gün dünyada, xüsusilə də yaşadığımız bölgədə baş verən hadisələr Azərbaycan xalqının azad və müstəqil yaşamaq istəyini, istiqlal ideallarını, dağlarına, çaylarına, bütövlükdə hər qarışına ad verdiyi, uğrunda canını, ömrünü fəda etdiyi torpaqlarına sahiblənmək kimi müstəsna haqqını qəbul edə bilməyən gizli-aşkar, yaxud gizlindən aşkara çıxan düşmənlərimizin xəyanətkar simalarını daha aydın görə bilərik.
Ədalət hissini itirmiş, hiyləgər, məkrli düşmənlərin bitib tükənməyən tələlərindən sıyrılaraq dünya hərb tarixinə qızıl hərflərlə yazılan qəhrəmanlıq salnaməsini yazmaq sadəcə iti zəka, strateji düşüncə deyil, Vətəninə və xalqına nəhayətsiz sevgi, sonsuz sədaqət, milli iradəyə söykənən qətiyyət və xalqını bir yumruq kimi birləşdirmək, səfərbər etmək bacarığı tələb edir.
Şübhəsiz ki, bizi Zəfərə aparan yol 44 gündən ibarət deyil. 44 gün bu prosesin döyüş meydanında cərəyan edən hissəsidir. Uzun bir vaxt ərzində Azərbaycan prezidenti ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin güclənməsi və müttəfiqlərinin artması, ölkəmizin mövqelərini müdafiə edən dövlətlərin çoxalması, milli maraqlarımızın müdafiəsi istiqamətində ciddi addımlar atıb.
Bizim Zəfərimiz Prezidentin milli maraqlardan bir addım belə geri çəkilməmək konsepsiyasının, Azərbaycan xalqının iradəsinə güvənmək və onu həyata keçirmək məharətinin nəticəsidir. İndi Zəfərdən öncəki dövrə diqqət yetirəndə prezident İlham Əliyevin Azərbaycan Ordusunun gücləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin, ordunun maddi-texniki bazasının gücləndirilməsi üçün atılan addımların, bütün təzyiqlərə və basqılara baxmayaraq bu istiqamətlərdə mühüm irəliləyişlərin əldə olunmasının, beynəlxalq müstəvidə bir çoxlarının anlamadığı uğurlu manevrlərin bugünkü qalib Azərbaycanın ortaya çıxmasına zəmin yaratdığını görə bilirik.
Azər Kərimli
Milli Məclisin deputatı