Gəncə şəhəri Dədə Qorqud küçəsi, bina 50, ev 33-də yerləşən yaşayış binasında bir kişi evdə qadını girov götürüb.
Trend-in məlumatına görə, hələlik şəxsiyyəti dəqiqləşdirilən həmin kişi mənzilin eyvanına çıxaraq əlindəki qumbara ilə girov götürdüyü şəxsi partladacağını iddia edir və bundan vaz keçmək üçün bəzi tələblərinin olduğunu bildirir. Əlində qumbara olan kişinin həmin evin sahibi olub-olmaması, həmçinin girov götürdüyü şəxslə hansı əlaqəyə malik olması hələlik bəlli deyil. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Binaya sakinlərin girişi qadağan olunub.
Partlayış törətmək istəyən şəxslə danışıqlar aparılıb. Daha sonra polis həmin şəxsi zərərsizləşdirə bilib. Əlindəki qumbara da alınaraq kişi polis idarəsinə aparılıb.
Müvafiq strukturlar ərazidə axtarış tədbirləri həyata keçirir.
***
Gəncə Şəhər Baş Polis İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, saxlanılaraq Polis İdarəsinə aparılan şəxs 32 yaşlı Əflatun Abdıyevdir. Onunla birgə evdə olan qadının isə 1985-ci il təvəllüdlü Gülnar Nəbiyeva olduğu aşkarlanıb. Onların qeyri-rəsmi olaraq bir yerdə yaşadıqları bildirilir.
İlkin məlumatlara görə, hadisəyə onların arasında yaranmış mübahisə səbəb olub.
Ə. Abdıyevdən “F-1” əl qumbarası götürülüb. G. Nəbiyeva da onunla birgə saxlanılaraq Polis İdarəsinə aparılıb.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.