Dekabrın 23-də Prezident İlham Əliyevin sədrliyi ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfrans keçirilib.
Dövlətimizin başçısı konfransdakı nitqində 2013-cü ildə Azərbaycanın uğurlu dinamik inkişafının təmin edildiyini, bu il ümumi daxili məhsulun təxminən 6 faiz, qeyri-neft sektorunun isə təxminən 10 faiz artdığını vurğulayıb.
“Bizim siyasətimizin əsas istiqaməti iqtisadi islahatlardır”, - deyən dövlət başçısı bu islahatların dünyanın aparıcı maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev vurğulayıb ki, son 10 ildə fəal işlər nəticəsində Azərbaycanın siyasi, iqtisadi uğurları təmin edilib. Ən böyük nailiyyətlərdən biri isə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməyidir. “Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır”, - deyən dövlət başçısı vurğulayıb ki, bu gün mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən Bakı dünyanın mərkəzlərindən birinə çevrilib. Bununla da Azərbaycanın paytaxtı dünya xəritəsində öz layiqli yerini tutub. Bunu Bakıya gələn qonaqlar da təsdiqləyirlər.
Azərbaycan Prezidenti son 10 ildə regionların sosial-iqtisadi inkişafına dair iki dövlət proqramının qəbul olunduğunu, nəticədə bölgələrin inkişafında mühüm uğurlar qazanıldığını, eləcə də ölkə iqtisadiyyatına qoyulan sərmayələrin dinamik inkişafı təmin etdiyini bildirib. Dövlət başçısı qeyd edib ki, növbəti illər üçün də konkret proqramlar var və ölkənin dayanıqlı inkişafı gələcəkdə də təmin olunacaq.
Azərbaycanın neft strategiyasına toxunan Prezident İlham Əliyev bu sahədə reallaşdırılan layihələrdən danışaraq qeyd edib ki, bu yaxınlarda “Şahdəniz-2” layihəsinə start verilməsi gələcəkdə ölkəmizin müstəqil inkişafına daha bir töhfə olacaq. Bakı şəhərinin təkcə mərkəzdən ibarət olmadığını vurğulayan Prezident İlham Əliyev inkişafın paytaxtımızın qəsəbə və kəndlərində də müşahidə edildiyini, şəhərin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurla icra olunduğunu diqqətə çatdırıb. Bildirib ki, bu Proqramın əsas hədəfi qısa vaxtda Bakıda mövcud problemlərin həllinə nail olmaq idi və artıq bu istiqamətdə əhəmiyyətli nəticələr əldə edilmiş, böyük infrastruktur layihələri icra olunub, bu layihələr elektrik enerjisi, qazlaşdırma, su-kanalizasiya layihələrinin həyata keçirilməsini, istilik sisteminin bərpasını, yeni yolların çəkilməsini, sosial və ictimai zonaların yaradılmasını əhatə edib.
Sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov və “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənov Dövlət Proqramı çərçivəsində görülən işlərlə bağlı məruzələrlə çıxış ediblər.
Konfransa yekun vuran Prezident İlham Əliyev bildirib ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət Proqram”ının icrası şəhərimizin abadlaşması üçün böyük təkan olub. Dövlət başçısı bundan sonra da Bakı və onun qəsəbələrinin infrastruktur məsələlərinə daha böyük diqqətin göstərilməsinin vacibliyini vurğulayıb. Gələcəkdə yeni elektrik stansiyalarının tikintisi, qazlaşdırma, içməli su və kanalizasiya, istilik sistemi layihələrinin davam etdirilməsinin zəruriliyini bildirən Azərbaycan Prezidenti lift təsərrüfatının yenidən qurulması, yaşayış binalarının həyətlərinin abadlaşdırılması, yeni yolların, yol qovşaqlarının salınması, ictimai nəqliyyat sahəsində vəziyyətin yaxşılaşdırılması, yeni metro stansiyalarının tikilməsi ilə bağlı tapşırıqlarını verib.
Prezident İlham Əliyev Bakıda yeni yaşayış binalarının tikintisinə nəzarətin gücləndirilməsinin vacibliyinə toxunaraq daha çox paytaxtda park və istirahət məkanlarının yaradılmasının diqqət mərkəzində saxlanmasının zəruriliyini bildirib.
2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq baxımından gələn ilin həlledici il olacağını da vurğulayan dövlət başçısı 2014-cü ildə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının qəbul ediləcəyini diqqətə çatdırıb.