Bu gün Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Şükürbəyli kəndində, cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərlə görüş keçirib.
İcra Hakimiyyətindən Modern.az-a bildirlib ki, görüş zamanı hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön xəttdəki səngərlərə baş çəkilib, burada xidmət edən əsgərlərin xidməti vəziyyəti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbətlər aparılmış, onlara bayram sovqatları çatdırılıb. Şəxsi heyət ilə keçirilən görüşdə çıxış edən rayon icra başçısı Alı Alıyev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə əsgərləri təbrik edib, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıb. Alı Alıyev bildirib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır: “Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik”.