Modern.az

Həyatın mənşəyi ...  və gələcək dəyişikliklər

Həyatın mənşəyi ...  və gələcək dəyişikliklər

12 Noyabr 2024, 15:26

Dünyada baş verən bütün kataklizmlər və iqlim dəyişmələrinin gətirdiyi bəlaların böyük hissəsi bəşər övladının öz əməllərinin nəticəsidir desək, yanılmarıq. Bəli,  dünya nizamına  edilən müdaxilə, göstərilən istənilən təsir, bu və ya digər şəkildə fəsadlarla üstümüzə qayıdan əks-təsirlə müşahidə olunmaqdadır. Zəlzələlər, fırtınalar, subasmalar, buzlaqların əriməsi, ozon dəliyinin yaranması, fəsillərin qanunauyğunluğunun pozulması və s. bu kimi hadisələrlə müşahidə olunan fəlakətlər getdikcə bəşər həyatını gətirdiyi təhlükələrlə ağuşuna almaqdadır. Əlbəttə, alimlər, elm mərkəzləri elmi araşdırmalarla, tədqiqatlarla mövcud vəziyyəti analiz edir, təhlükənin hüdudları və səbəb ola biləcəyi hadisələr barədə vaxtaşırı məlumatlar dərc edirlər.  Müşahidələr göstərir ki, bəşəriyyətin təbiətə təsiri nəinki azalmır, faciəli hadisələrə gətirə biləcək dərəcədə artmaqdadır.  Nəticənin çox ağır olacağını, yer üzərində həyatın sönməsinə  qədər gətirib çıxara biləcəyini ehtimal edən araşdırmaçılar sözün həqiqi mənasında həyəcan təbili çalırlar...

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının hər il keçirilən Tərəflər Konfransında (COP) müzakirə edilən başlıca mövzunun birincisi yuxarıda haqqında danışlıan məsələlərin, eləcə də iqlim dəyişmələrinin qarşısını almaq məqsədilə bütün dünya ölkələrinin öhdəsinə düşən tədbirlərin və birgə fəaliyyətin  müəyyən edilməsidir. Konfransa  sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur və bu il sessiyaya ev sahibliyi Azərbaycana həvalə edilib. COP-29-un ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada güclənən nüfuzunun göstəricisidir. Bizim də olduğumuz dünyanın ən aktual probleminin həlli üçün bütün ölkələrin birgə fəaliyyət istiqamətlərinin Bakıda müəyyən edilməsi əlamətdar hadisədir.

Bu nüfuzlu beynəlxalq tədbir çərçivəsində aparılacaq müzakirələrin mövzusuna uyğun olan, yaxın günlərdə işıq üzü görmüş “Kainat haqqında düşüncələr... mühəndislik fəlsəfəsindən yanaşma” adlı kitabımda bəhs etdiym bəzi nüansları oxucularla bölüşməyi zəruri hesab edirəm. Fikrimcə, elm öndə getməlidir ki, arxasınca gələn cəmiyyətin yoluna işıq saçsın... 

Yerin yaranması, planetlərin düzülüşü, kainatın qurulması İlahi bir qanunauyğunluğun nəticəsidir. Bu yaranış dəmir nizama əsaslanır və hər yarananın öz parametrləri və ölçüləri vardır. Burada bir mühəndisi ölçmə, bir mühədislik fəlsəfəsi hökm sürür. Bu parametr və ölçülərə istənilən müdaxilə nizamın pozulmasına, fəsadlara gətirib çıxarır. Fikrimcə, dünyada baş verən iqlim dəyişmələrinin bir səbəbini də məhz həmin parametr və ölçülərin nə dərəcədə dəyişməsində axtarmaq lazımdır. Bəs planetimizin yaranması, kainatın formalaşması haqqında nələri bilirik?

- Planetimizin yaranması haqqında ən son məlumatlara görə bu hadisə təxminən 14 milyard il əvvəl - Böyük Partlayış nəticəsində baş verib. Bu an - dünyanın yaradılması Kainat tarixində ən qeyri-müəyyən, anlaşılmaz və ən həlledici hadisə olaraq qalır. Əvvəlcə nə Yer vardı, nə də onu isidən Günəş. Mərkəzində parlayan bir ulduz olan, müxtəlif planetləri və onların peyklərini özündə birləşdirən Günəş sistemi kosmosda təxminən 4,5 milyard il əvvəl peyda olub. O vaxtlar Kainatın həcmi bir atomun nüvəsindən kiçik olub. Sonra Kainat sürətlə genişlənməyə başlayıb... Alimlərin fikrincə, Günəş sistemi 4,6 milyard il bundan əvvəl kosmik fəzada, qaz və toz buludunda formalaşmağa başlayıb. Fırlanma sürəti get-gedə artan bu bulud tədricən sıxlaşaraq dairə şəklinə düşüb və onun mərkəzində yeni bir göy cismi yaranıb. Bu həyatın mənbəyi olan Günəşin yaranması haqqında fərziyyədir. Günəş sisteminin mənşəyini bilmək üçün müxtəlif yanaşmalar mövcuddur. Həmin yanaşmalardan biri bu sistemin səkkiz əsas planetinin xarakterik düzülüşü ilə bağlıdır. Günəşə ən yaxın planetlər - Merkuri, Venera, Yer və Mars əsasən silisium, oksigen, maqnezium və dəmirdən ibarət nisbətən kiçik bərk cisim birləşmələridir. Qara vulkanik bazalt kimi sıx süxurlar əsasən bu planetlərin səthində rast gəlinir. Astrofiziklərin fikrincə bunun əksinə olaraq dörd xarici planet - Yupiter, Saturn, Uran və Neptun əsasən hidrogen və heliumdan ibarət qaz nəhəngləridir. Bu nəhəng şarların bərk səthi yoxdur və atmosferin aşağı təbəqələrinə yaxınlaşdıqca onların sıxlığı artır.

Günəşdən məsafəsinə görə üçüncü yerdə olan Yer kürəsi həyat zonasının ortasındadır. Bu sahədə mövcud olan əlverişli atmosfer təzyiqi suyun çox hissəsinin maye şəklində qalmasına kömək edir. Yer təxminən 4,5 milyard il əvvəl, əsasən Günəş sistemindəki digər planetlər kimi xondritlərin toqquşması nəticəsində yaranıb. O, Günəşə çox yaxın yerdə yerləşir və kifayət qədər qızdırılır ki, əhəmiyyətli həcmdə hidrogen və heliumu Günəş sisteminin xarici sahələrinə qova bilir. Eyni zamanda Yer Günəşdən kifayət qədər uzaqdadır və soyudulur.

Alimlərin titanik tədqiqatları sayəsində biz Yerin mənşəyi haqqında çox şey bilirik. Günəş sisteminin əmələ gəlməsinin sübutu Günəşin özü və ona cazibə qüvvəsi ilə bağlı olan çoxsaylı obyektlərdir. On minlərlə meteorid kiçik planetlər erası haqqında kifayət qədər elmi  təsəvvür yaradır.

İlkin dövrdə Yerin inkişafı bir-biri ilə əlaqəli olan iki kimyəvi aspektin nəticəsi idi: kosmokimya (elementlərin yaranması) və neft kimyası (süxurların yaranması). Kainatda əsas rol oynayan oksigen, silisium, alüminium, maqnezium, kalsium və dəmir bütün digər ağır elementlərdən, xüsusən də bərk yerüstü planetlərdə əhəmiyyətli dərəcədə üstünlük təşkil edən elementlərdir. Bu altı element Yerin və həmçinin Ay, Merkuri, Venera və Marsın kütləsinin 98%-ni təşkil edir.

Əksəriyyətimiz oksigen dedikdə ilk növbədə bizi canlı saxlayan atmosferin vacib bir hissəsini təsəvvür edirik:  təxminən 21%. Maraqlıdır ki, nəfəs aldığımız havada oksigenin 99,8%-ni təşkil edən oksigenin ən geniş yayılmış izotopu yüngül oksigen 16-dır. Okean günəş şüaları ilə qızdırıldıqda, tərkibində yüngül oksigen-16 izotopları olan su, tərkibində oksigen-18 izotopları olan sudan daha tez buxarlanır. Buna görə də aşağı en dairələrindəki buludlarda suyun çəkisi okeanın özündən daha yüngüldür. Beləliklə, buludlar istər-istəməz qütblərə doğru hərəkət etdikcə, onları təşkil edən su molekullarındakı oksigen dəniz suyundakı oksigendən xeyli yüngüldür.  Bu qısa məlumatlarla oxucuda yerin yaranması haqqında, eləcə də  yaranışda olan qanunauyğunluqlar və fərziyyələr barədə müəyyən təsəvvürlər yaratmağa çalışdıq. İndi isə planetimizin bütün sakinlərini düşündürən  ən  vacib suala aydınlıq gətirməyə çalışacağıq.

Planetimizi gələcəkdə nə gözləyir?!

Bir şey dəqiqdir: Yer dəyişməyə davam edir. Bütün Yer kürəsində qlobal dəyişikliklər müşahidə olunur. Qarşıdan gələn dəyişikliklər sırasında qlobal istiləşmə və buzlaqların əriməsi, mülayim iqlimin soyuması, tektonik və vulkanik proseslərin bir çox əlamətləri var.

2100-cü ilə qədər dünyanın necə dəyişəcəyinə diqqət yetirin. Alimlərin fikrincə, iqlim dəyişikliyini yumşaltmaq üçün səylər olmasa, altı aylıq yay və iki aylıq qış gələcəkdə yeni normaya çevrilə bilər.

 

1950-ci illərdə Şimal yarımkürəsində dörd fəsil proqnozlaşdırıla bilən və kifayət qədər müntəzəm bir sxem üzrə növbələşirdi. Amma indi bu sxem nəzərəçarpacaq dərəcədə dəyişib. Onilliklərin iqlim məlumatlarının tədqiqi göstərir ki, orta hesabla 1952-ci ildən 2011-ci ilə qədər yaylar 78 gündən 95 günə qədər artıb, qışlar isə 76 gündən 73 günə enib. Yaz və payız da müvafiq olaraq 124 gündən 115 günə və 87 gündən 82 günə enib. Bu dəyişikliklər şəkildə göstərilmişdir.

Tədqiqat müəlliflərinin fikrincə, fəsillərin dəyişməsi ətraf mühit, kənd təsərrüfatı və insanların sağlamlığı üçün ciddi nəticələrə səbəb olacaqdır. Şəkildə fəsil dəyişmələrinin 1952-ci ildə və 2011- ci ildə nə vaxt baş verdiyi və 2100-cü ildə nə vaxt baş verəcəyi göstərilmişdir.

Aralıq dənizi bölgəsi və Tibet Yaylası mövsümi dövrlərində ən böyük dəyişiklikləri yaşadı.

İstiləşmə ilə bağlı nadir hadisələrə fikir verin: Böyük səhrada son 42 il ərzində yalnız dörd dəfə qar yağıb, bu, 2021-ci ilin yanvarında baş verib. Beləliklə, bir neçə yüz milyon il sonra dünyanı təsəvvür etmək, gələcək barədə ipucları tapmaq məqsədilə keçmişə nəzər salmaq məcburiyyətindəyik.

Yer kürəsinin məhvi qaçılmazdır, lakin dünyanın bir çox alimlərinin fikrincə, bu hadisə çox gec, təxminən 250 milyon il sonra baş verəcək.

Kompüter modelləşdirmələrinin proqnozlarına görə, planetin simasının dəyişməsində qlobal tektonik proseslər mühüm rol oynamaqda davam edir.

İndi qitələr bir-birindən uzaqdır. Geniş okeanlar Amerika, Avrasiya, Afrika, Avstraliya və Antarktidanı ayırır. Bütün bu nəhəng torpaq sahələri daimi hərəkətdədir və onların sürəti ildə təxminən 2-5 sm - 60 milyon ildə 1500 km-dir. Bütün planet boyu bu hərəkətin indiki trayektoriyalarını nəzərə alsaq, bütün qitələrin növbəti toqquşmaya doğru irəlilədiyi məlum olur. Dörddə bir milyard ildən sonra Yer kürəsinin əksər hissəsi yenidən nəhəng super qitəyə çevriləcək və bəzi geoloqlar artıq onun adını - Novopangeya olacağını proqnozlaşdırırlar.

Qitələrin hazırki hərəkətini nəzərə almaq və yaxın 10 və ya 20 milyon il üçün onların yolunu proqnozlaşdırmaq mümkündür. Atlantik okeanı bir neçə yüz kilometr genişlənəcək, Sakit Okean isə təxminən eyni məsafədə daralacaq. Avstraliya şimaldan Cənubi Asiyaya doğru hərəkət edəcək. Afrika da yerində dayanmır, yavaş-yavaş şimala doğru - Aralıq dənizinə doğru irəliləyir. Bir neçə on milyon il sonra Afrika Cənubi Avropa ilə toqquşacaq, Aralıq dənizini bağlayacaq və toqquşma yerində Himalay böyüklüyündə dağ silsiləsi ucalacaq, onunla müqayisədə Alp dağları cırtdanlar kimi görünəcək.

Afrika platforması Avrasiya qitəsini şimala doğru sıxır. Çoxdan başlanmış bu proses əvvəllər millimetrlə hesablanırdı, indi isə artıq metrlərlə hesablanır. Yerin uzun müddət ərzində toplanmış enerjisi sərbəstləşir və zəlzələlər baş verir. Nəhəng platformaların yerdəyişməsi gələcəkdə yer üzündə yaşayanlar üçün böyük fəlakətlərə səbəb ola bilər.

Beləliklə, 20 milyon ildən sonra dünyanın xəritəsi fərqli görünəcək, bir qədər əyri olacaq. 100 milyon ildən sonrakı dünyanın xəritəsini modelləşdirərkən əksər proqram tərtibatçıları ümumi coğrafi xüsusiyyətləri müəyyən edə biliblər. Məsələn, onlar  Atlantik okeanı ölçüsünə görə Sakit Okeanı üstələyəcəyini və Yer kürəsində ən böyük su hövzəsinə çevriləcəyini göstərirlər.

Alman alimlərinin kompüter modelləşdirməsinə əsasən, 2100-cü ilə qədər Xəzər dənizinin səviyyəsinin təxminən 18 metr azalacağı güman edilir. İnsanlar Bakı bulvarından Nargin adasına quru yolla gedə biləcəklər!

Xəzər dənizinin sürətlə dayazlaşması həm yük daşımaları ilə bağlı dəniz  gəmiçiliyini fəaliyyətinə, həm də dənizin ekoloji sisteminə böyük ziyan vurur. Əgər əvvəllər suyun səviyyəsi ildə 5-9 santimetr azalırdısa, indi bu rəqəm ildə 20 santimetr təşkil edir.

Mövcud dəniz donanması və onun hazırkı infrastrukturu, əslində tezliklə aşağı səviyyəli su şəraitində fəaliyyət üçün yararsız hala düşə bilər.

Gələcəyi proqnozlaşdırmaq üçün bir-birindən fərqli başqa modellər də var. Belə modellərdən birinə görə, Atlantik okeanı açılmağa davam edəcək və Amerika qitəsinin Asiya, Avstraliya və Antarktida ilə toqquşmasına səbəb olacaq. Daha sonra Şimali Amerika şərqdə Sakit Okeanı bağlayaraq Yaponiya ilə toqquşacaq, Cənubi Amerika isə cənub-şərqdən saat əqrəbi istiqamətində əyilərək Antarktidanın ekvator hissəsi ilə birləşəcək, Novopangeanın sonunda isə ekvator boyunca şərqdən qərbə uzanan vahid qitə olacaq.

Beləliklə, super qitə ilə bağlı hər iki nəzəri model hələ populyardır. Polemika nəticəsində alimlər 250 milyon ildən sonra Yerin coğrafiyasının əhəmiyyətli dərəcədə dəyişəcəyi fikri ilə razılaşırlar. Bütün bu dəyişikliklər Yer kürəsinin bütün tarixi boyu təkrarlanacaq.

Mütəxəssislər həmçinin geoloji, bioloji və iqlim amillərini nəzərə alaraq Yer atmosferinin təkamülünü modelləşdiriblər. Nəticədə onlar müəyyən ediblər ki, Yer atmosferi təxminən daha bir milyard il nisbətən sabit qalacaq və bundan sonra bir neçə min il ərzində praktiki olaraq oksigensiz atmosferə çevriləcək.

Yaponiyanın Toho Universitetinin alimi Kazumi və onun amerikalı həmkarı Kristofer Reynhardın (Corciya Texnologiya İnstitutu) fikrincə, fəlakətin səbəbi Günəşin aktivliyinin artması olacaq, bunun nəticəsində atmosferdə karbon qazının miqdarı azalacaq, planetdə fotosintez prosesi pozulacaq və atmosferə oksigen axını dayanacaq.

Bu epoxal hadisələr bizə nə qədər yad görünsə də, Yerin əmələ gəlməsinə səbəb olan eyni kosmik hadisələri hər birimiz hər gün yaşayırıq. Bədənimiz və mühitimiz Yeri əmələ gətirən eyni maddələrdən, atom və molekullardan ibarətdir.

Amma bütün bu dəyişikliklər dünyanın sonu olmayacaq! Bütün bunlar bizim dünyamızın sonu olacaq. Bizim narahat olmağımıza ehtiyac yoxdur. Milyardlarla il ərzində planetimiz o qədər çox kataklizmlərdən sağ çıxıb ki, bizsiz də xilas olacaq! Bir həqiqət var ki, biz dünyamızın sonunun yaxınlaşmasını uzaqlaşdıra bilərik. Ekoloji tarzlığın pozulmasına təsir edən amilləri azaltmaqla iqlim dəyişikliklərinin qarşısını almaq, planetimizin ömrünü uzada bilmək isə özümüzdən asılıdır. Bu bir ölkənin, bir millətin, bir qitənin yox, ümumiyyətlə, bəşəriyyətin vəhdəti və birgə fəaliyyəti ilə mümkündür. Beləliklə, ümumi maraqlar və ümumi evimiz naminə bəşəriyyətin birləşməkdən başqa yolu yoxdur!

Əhəd Xanəhməd oğlu Canəhmədov,

Akademik

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi