
Bu gün “Azadlıq” qəzetinin ad günüdür.
Modern.az saytı 24 yaşı tamam olan qəzetin redaktoru Sücəddin Şərifovdan ad günü təəsüratlarını öyrənib. “Ad günümüzü adi iş günü kimi qeyd edirik. Sadəcə tarixi əlamətdir, vəssalam. İndi yəqin redaksiyamız yığılıb bir tort kəsəcək. Amma belə böyük tədbir nəzərdə tutulmayıb. Qəzetin 24 yaşı tamam olur. Əlamətdarlığı həm də ondadır ki, ayın 24-ü 24 yaşımız tamam olur. Yəni, o tarix və yaş bir dəfə üst-üstə düşür. Amma elə bir xüsusi tədbirimiz, planımız yoxdur. Çünki həm yubiley yaşı deyil, həm də qəzetin indi maddi problemləri var”. S.Şərifov “Azadlıq”ın gələcək işlərindən də danışıb: “Gələcək planımız qəzetin internet saytının rus, ingilis versiyalarının hazırlanması ilə bağlıdır. Düzü, bu gün gündəlik nəşr olunmaq qayğısı o qədər başımızı qatıb ki, daha böyük planlar haqqında düşünə bilmirik. Əsas planımız maliyyə məsələsinin həll olunmasıdır”. "Azadlıq" qəzeti 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin həftəlik nəşri kimi yaradılıb. İlk sayı həmin il dekabrın 24-də işıq üzü görüb. Qəzetin ilk redaktoru Nəcəf Nəcəfov olub.
Misranə Həsənzadə