Modern.az

Zahid Oruc: “Dövlət öz əsgərinin meyitinə də sahib çıxmalıdır”

Zahid Oruc: “Dövlət öz əsgərinin meyitinə də sahib çıxmalıdır”

24 Dekabr 2013, 13:59

“Etiraf etmək lazımdır ki, müharibə şəraitində yaşayan bir ölkənin nə qədər arzu olunmasa da, hər hansı bir hərbçisi düşmən gülləsinə tuş gəlir. Şübhəsiz ki, cəmiyyət bunu böyük ağrı, təəssüflə qarşılayır, valideynlərinin üzüntülərini və faciələrini bölüşür. Ancaq bu məsələ reqlamentləşdirilmədən, adət-ənənələrimizin tələblərinə müvafiq qaydada həllini tapır. Bunun daha dəqiq hüquqi çərçivəsi yaradılmaq istənilirsə, biz parlament üzvləri, ancaq təqdir edə bilərik”.

Bunu Modern.az-a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.

Azərbaycanda hərbi xidmət zamanı həlak olmuş və dünyasını dəyişmiş hərbçilərin dəfni ilə bağlı xüsusi qaydalarla bağlı məsələni şərh edən deputatın sözlərinə görə, özlüyündə sözügedən qaydanın hazırlanması müsbət hadisədir.

“İlk növbədə hər bir əsgərimizin qorunmasının müddəalarını, onun şəraitini və gərəkən bütün resursları görməliyik. Gəlin bu məsələni həddindən artıq abstraktlaşdırmayaq ki, döyüşçü, əsgər, hərbi qulluqçu, bilavasitə səngərdə olduğu təqdirdə həyatını itirə bilir. Belə olduğu zaman, şübhəsiz ki, onun dəfn mərasiminin daha rəsmi şəkildə təşkilinə ehtiyac duyulur. Ən çox bu məsələdə Türkiyənin nümunə kimi göstərmək olar. Bu da həqiqətdir ki, qardaş ölkədə silahlı  qüvvələr yaxşı mənada nüfuza və sayğıya  malikdirlər. Ona görə həyatını itirmiş əsgərin və ya zabitin dəfn  olunması dövlətin bütün elitar şəxslərinin, o cümlədən, rəhbər nümayəndələrinin, digər strukturların təmsilçilərinin birgə iştirakı ilə baş verir. Bu, bir görsəniş kimi təqdim olunur. Etiraf edim ki, indiki gerçəklikdə Azərbaycanda hərbçilər dəfn mərasiminə qatılır, rayon rəhbərlərindən kimlərsə olur. Onların çoxu da öz təşəbbüsləri ilə həyata keçirilir. Konkret olaraq, müxtəlif aktlarla, sənədlərlə bu cür mərasimlərin daha hüquqi bir səviyyədə həyata keçirilməsi çox müsbət bir hadisə, vətənpərvərlik nümunəsi kimi dəyərləndiriləcək. Unutmayaq ki, əsgərə və zabitə verilən şərəf, dəyər, bu milləti, dövləti qoruyan insanlara göstərilən münasibətin güzgüsüdür”.

Ulduz İBRAHİMOVA 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...