Modern.az

Miilli Məclisin deputatı Xankəndi ilə bağlı təklifin əleyhinə çıxdı

Miilli Məclisin deputatı Xankəndi ilə bağlı təklifin əleyhinə çıxdı

24 Dekabr 2013, 15:34

Milli Məclisin son iclasında millət vəkili Flora Qasımova şəhər statusunu saxlamış Xankəndində icra strukturunun yaradılması təklif ilə çıxış edib. Milli Məclisin spikeri Oqtay Əsədov da bu təklifin reallaşmasının mümkün olduğunu vurğulayıb.

Parlamentin Regional məsələlər komitəsinin üzvü, millət vəkili Tahir Rzayev Modern.az saytına açıqlamasında Xankəndində icra strukturunun yaradılmasının məqbul olmadığını dedi.

“Xankəndində icra strukturunun yaradılması çətin məsələdir. Bu məsələ əvvəllər də bir neçə dəfə qaldırılıb. Amma bu gün orda məskunlaşan ermənilər Azərbaycan vətəndaşıdır. Biz onları özümüzdən təcrid edə bilmərik. Onları özümüzdən təcrid etməklə biz torpaqları onlara vermiş oluruq. Bu məsələdə dərindən fikirləşmək lazımdır. Çox istərdim ki, Dağlıq Qarabağda olan adamların hardasa bu gün icra strukturu olsun ki, bunlar müəyyən qaydada müraciət eləsinlər. Düzdür, seçki məntəqəsi yaratdıq. Ordan seçilən deputatımız da var”.

Deputat Xankəndində icra strukturu yaradılarsa, ermənilərin reaksiyasının fərqli olacağını düşünür.

“Müəyyən məsələlər var ki, ona ciddi yanaşılmalıdır. Demək olar ki, icra hakimiyyəti də yaradılsın, polis şöbəsi də olsun. Ancaq bunlara xidmət edilməsi çətin məsələdir. Dağlıq Qarabağsız Laçının, Qubadlının, işğal olunmuş digər rayonların hamısının icra hakimiyyəti var. Bir həqiqətlə razılaşmaq lazımdır ki, Xankəndindən olan adamlar çox azdır. Elə bilirəm ki, bu bir növ, siyasətimizə uyğun gəlmir. Əlbəttə ki, müvafiq orqanlarımız bu barədə fikirləşir. Doğurdan da bu məqbul olsaydı, bir neçə il bundan əvvəl təkliflər vardı. O zaman bu məsələ qaldırılardı. Qarabağın işğal olunmuş bütün rayonlarının hamısının icra strukturları var. Əsas məsələlərdən biri də odur ki, Xankəndində son dövrlərdə ermənilərin sayı artıb.

Xatırladım ki, əvvəllər Xankəndinin özünün strukturu var idi. Bu strukturda da işləyənlərin hamısı ermənilər idi, azərbaycanlıların sayı çox azdı”.

 

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi