Bir neçə gündən sona ömrümüzün daha bir ilini tarixin arxivinə təhvil verəcəyik. Belə vaxtlarda insan həmişə öz-özünə götür-qoy edir, fikirləşir ki, hansı işləri yoluna qoydum, nəyi çatdıra bilmədim, kimin xahişini, tapşırığını həyata keçirəmmədim. Suallar, suallar və cavablar... Belədə cavablar bəzən natamam, yarımçıq olur, axı qəlbindən keçənlərin hər birini tamam-kamal, ədəb-ərkanla yerinə yetirmək heç də hamıya qismət olmur.
Deyəcəksiniz bu nə filosofluqdur, hamı üçün güzgü təki aydın olanları beynimizə sırıyır bu adam. Sadəcə qələm dostum Mənzərə Sadıqovaya bir bəraət istəkli müraciətdə bulunmaq keçdi ürəyimdən. Ona bu yazıdaca demək istəyirəm ki, xanım, bağışla ki, "YaşaM" kitabınla bağlı yazı yazmaq vədimə baxtında əməl edə bilməmişəm, indi ilin sonlarında ürəyimdə dolandırdıqlarımı ifadə etmək istəyindəyəm.
Mənzərə xanım, yadındamı, AzTV-nin "Xəbərlər"ində birgə çalışdığımız vaxtlarda səni həmişə nədə qınayırdılar? Qoy deyim. Adicə hadisələrdən bəhs edən qısa informasiyaları belə bədii, obrazlı dildə yazardın, quru, protokolvari üslubdan vaz keçərdin həmişə. Deyim ki, bəlkə də çoxları tam dəqiqliyi ilə bilmirdi ki, sənin mayan hələ uşaqlıqdan ədəbiyyatla, fəlsəfi-bədii düşüncələrlə, şerlə, dastanla yoğrulub. Hələ İrəvanda orta məktəbdə oxuyanda yazıların yerli qəzetlərdə dərc olunar, radioda səslənərdi. Sonralar doğma el-obandan didərgin düşüb Bakıdakı ocağını yandıranda da söz boxçanda boy atan dürlü-dürlü sözlərini, fikirlərini Azərbaycan Radiosunda, qəzet və jurnallarda, sonralar Azərbaycan televiziyasında açıb qoydun ortaya. Sənin oxucularla, dinləyici və tamaşaçılarla hər görüşün açıq-aydın nişan verirdi ki, jurnalistikamıza, əbəbiyyatımıza yeni səs, yeni nəfəs gəlir. Elmlər namizədi olandan sonra gördük ki, yox, bu qız özünü elmdə də sınamağa qadirdir. İş stolumun üstündə çox qiymətli bir hədiyyə kimi saxladığım, ara-sıra vərəqlədiyim "YaşaM" kitabına öz söz yazan alim dostum Nizami Cəfərov çox haqlı olaraq sənin elmi, publisistik, bədii seçmələrinin son 30 ilə bir güzgü tutduğunu, yaşadığımız dövrün özəlliklərini, cəmiyyətdə baş verən prosesləri ziyalı nöqteyi nəzərdən təhlil edən nümunələr hesab etdiyini bildirir. Doğurdan da sənin qənaətlərin dünya hadisələrinə, dövrümüzün gerçəkliklərinə fəlsəfi yanaşma tərzi ilə olduqca maraqlı, obrazlı, qəbuledləndir.
Mənzərə, mən səni kim nə deyir desin, ən çox informasiya jurnalisti kimi tanıyır, xoşlayıram. Yazırsan ki, informasiyanın gəlişi ilə gedişi bir göz qırpımında baş versə də ictimai rəyə təsiri uzun müddət qalır. Əlahəzrət informasiya ictimai şüura öz möhürünü vurur. Tam razıyam, lakin o halda ki, informasiyanı məhz sənin kimi savadlı, səriştəli, ləyaqətli, vicdanlı jurnalist hazrılaya, araya-ərsəyə gətirə. Bax, onda möhür öz siqlətini təmin etmiş olar. Hörmətli həmkarım, sənin yaradıcılığında qürbət mövzusu keçmişlərdə deyildiyi kimi, qırmızı xəttlə keçir. Yazılarında çox vaxt Qürbətdə Yaşayan obrazı boy göstərir. Bu obraz yüzə-yüz faiz sən özünsən... Yazılarının birində deyirsən ki, yemək istəməyən canavara ehtiram bəslənmir. İnsanlar qorxduqları adama hörmət edirlər. Şərin gücündən çəkilənlər çoxdur. Nə yazıq ki, bəzən cəmiyyətdə hörməti ali duyğular deyil, daha çox qorxu hissi şərtləndirir. Təbii ki, sənin qənaətlərinə hörmətim var, amma pessimist olmağına bütün dostların kimi, mən də dözmürəm. Çünki, səni həmişə optimist, xoş ovqatlı, ürəyiaçıq, özünə və başqalarına ali dərəcədə hörmət bəsləyən bir yazar, dost, vətəndaş kimi tanımışıq. Milli Məclisin Mətbuat Xidmətində işlərinin çoxluğuna, məsuliyyətinə baxmayaraq xeyir-şərə də çatırsan, dostlarının çağırışına, dəvətlərinə də. Bax, belə ol həmişə. Mən də ki, ədəbiyyat tənqitçisi olmadığıma, ümumən bu işə baş qoşmadığıma görə ilin son günlərində elə bu bir-iki kəliməni sənə ünvanlamaq və bayramını təbrik etmək istədim.
Uğurlar, cansağlığı və qürbət hisslərinə son qoyulması arzusu ilə.
Akif CABBARLI