Sosial şəbəkələrdə Milli Şuranın sədri Cəmil Həsənlinin fəaliyyəti bir neçə gündür ki, müzakirə olunur. Müxalifət nümayəndələrinin bəziləri C.Həsənlini tərəf kimi çıxış etməkdə suçlayıb. Müzakirələrdən aydın olur ki, Milli Şuranın sədri haqqında deyilənlərə səbəb onun əvvəllər AXCP-də təmsil olunması, hazırda Cəbhənin tədbirinə qatılması, əksər məsələlərdə mövqeyinin AXCP sədri Əli Kərimlinin mövqeyi ilə üst-üstə düşməsidir.
Milli Şuraya daxil olan partiya nümayəndələri isə deyilənləri yanlış hesab edir.Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Razi Nurullayev Modern.az-a açıqlamasında deyilənləri əsassız adlandırıb: “Cəmil Həsənlinin tərəf kimi çıxış etməsini istisna edirəm. Siz ən azından Milli Şura sədrinin sədr aparatının formalaşdırdığı tərkibə baxın. Orada AXCP üzvü yoxdur. Bütün mitinqlərdə yükün ağırlığını çəkən tərəflərdən biri AXCP olsa da, partiya bunu qabartmayıb. Hesab edirəm, Cəmil Həsənli Milli Şurada bərabərliyi və tərəfsizliyi qorumağa çalışır və bəzən buna nail də olur. Ona görə də deyilənlərlə razılaşmıram. Bu, Cəmil bəyin əvvəllər AXCP sədrinin müavini olması ilə bağlı ola bilər. Amma iddiaların əsası yoxdur”.
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı da bu cür iddiaların yanlış olduğunu bildirib: “Bunu Cəmil bəyin əvvəllər Cəbhənin üzvü olması ilə bağlayırlar. Mən onun Milli Şura daxilində hansısa partiyaya meyillənməsini müşahidə etməmişəm. O, daha çox gənclərə yer verir, onları Milli Şuranın fəaliyyətinə cəlb etməyə çalışır. Deyilənlər Müsavatın Milli Şura ilə bağlı mövqeyinin nəticəsi də ola bilməz. Çünki o partiyanın Milli Şura ilə bağlı mövqeyi 1 aydır ki, belədir, amma Cəmil Həsənli haqqında deyilənlər xeyli əvvələ təsadüf edir. Deyirdilər ki, Cəmil bəy Milli Şurada AXCP-yə daha çox yer ayırıb. Bu cür iddialar yanlışdır”.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin sədri Bəybala Əbil bildirib ki, Cəmil bəyin addımları əsl məqsəddən başqa tərəfə yönəlməz: “İnanmıram ki, o hansısa qrupa, partiyaya xüsusi dəstək versin. Cəmil Həsənli çox ağır bir yükü öhdəsinə götürüb. Bilirsiz ki, Milli Şuranın daxilində olan müxtəlif qruplar, partiyalar arasında müəyyən ziddiyyətlər var. Cəmil Həsənli bu məsələləri yoluna qoya bildi. Etiraf etmək lazımdır ki, indi də qurumda müəyyən böhran vəziyyəti var. Biz inanırıq ki, Cəmil Həsənli Milli Şuranı böhrandan çıxaracaq, hansısa partiyanın tərəfində olmayacaq. Əgər bu, baş verərsə, təşkilat dağılacaq. Cəmil bəy AXCP-də təmsil olunub. O, özünü ideya baxımından müsavatçı hesab edir. Düşünürəm, deyilənlər doğru deyil”.
Müsavat Partiyası başqanın müşaviri Mustafa Hacıbəyli isə məsələ ilə bağlı danışmaq istəmədiyini deyib.
İlkin PİRƏLİ