Modern.az

SSRİ-dən qalan miras - MÜNAQİŞƏLƏR

SSRİ-dən qalan miras - MÜNAQİŞƏLƏR

25 Dekabr 2013, 12:08

XXI yüzillik insanlığın ən inkişaf etmiş mərhələsi kimi dəyərləndirilir. İnsanlıq isə ilk növbədə özü özlüyündə hər cür münaqişəni, müharibəni, vandallığı qəbul etmir. Amma yaşadığımız zaman içində dünyanın əksər bölgəsi qan-qada ilə doludur. Tarixən dünyada ağalıq uğrunda mübarizə fərqli formatlarda özünü göstərib. XX əsrə qədər dövlətlər mövqelərini başqa bölgələrdə güc yolu ilə möhkəmlətmək yolunu tutublar. İndi isə açıq savaş deyil, fərqli formalarla bu istilalar davam edir. Mahiyyət isə eynidir. Bu siyahıya təxribatlar yaratmaq, informasiya müharibəsi, iğtişaşlardan dövlətlərin öz mənfəətləri üçün yararlanması və s. kimi daha qorxulu olan tendensiyalar daxil edilib.

Çağdaş zamanımızda dünyada baş verən vətəndaş müharibələri, siyasi qarşıdurmaların terror formalarında təzahürü də deyilənlərə bariz nümunədir. Belə münaqişə ocaqları super güclər üçün öz maraqlarını təmin etməyə şərait yaradır. Məsələn, Cənubi Qafqazda Dağlıq Qarabağ problemi dondurulmuş münaqişələr kateqoriyasına aid edilə bilər ki, görünür bundan da Rusiya, ABŞ kimi nəhəng dövlətlər yararlanır. Dünya üzrə isə Dağlıq Qarabağ kimi münaqişələrlə yanaşı, vətəndaş müharibələrinin səngimədiyi bölgələr də mövcuddur.
Modern.az saytı dünyada olan münaqişə ocaqları, bölgələrdə konfliktlərin baş vermə səbəblərini araşdırmağa çalışıb.

SSRİ-nin miras buraxdığı münaqişələr


İngiltərənin nüfuzlu “Qardian” qəzetinin 2010-cu ildə apardığı araşdırmaya əsasən, ən qaynar nöqtələrin siyahısında münaqişələrlə dolu Şimali və Cənubi Qafqaz bölgəsi 8-ci yeri tutub. Regionun “barıt çəlləyi” Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycanın Qarabağla bağlı yaşadığı analoji problemlər Gürcüstanda da təkrarlanıb. 1992-ci ildə Gürcüstanın nəzarətindən çıxan gürcü-abxaz münaqişəsi Rusiyanın dəstəyi ilə 1993-cü ildə ikincinin xeyrinə nəticələnib. Gürcüstanın Şimal-Qərbində yerləşən separatçı rejim de-fakto müstəqil olsa da, de-yure dünya dövlətlərinin əksəriyyəti tərəfindən tanınmır. Nikaraqua, Venesuela, Nauru və Vanuatu istisna olmaqla, Abxaziya bütün dövlətlər tərəfindən Gürcüstanın tərkib hissəi kimi qəbul olunur.

Gürcüstan öz ərazi bütövlüyünü bərpa etmək üçün 2008-ci ilin 8 avqustunda Cənubi Osetiyanın paytaxtı Sxinvaliyə qoşun yeritdi və bu da Rusiyanın qəzəbinə səbəb oldu. Kreml rəhbərliyi az keçməmiş Gürcüstana açıq hərbi müdaxilə etdi və nəticədə həmin ilin 26 avqustunda separatçı Cənubi Osetiya Rusiya tərəfindən müstəqil dövlət kimi tanındı.

Qeyd etmək yerinə düşər ki, Rusiyanın Qarabağ müharibəsində Ermənistana dəstək durması işğalçı dövlətin “qalib” gəlməsinə zəmin yaratmışdı.Əslində Gürcüstan da Azərbaycanın yaşdığı analoji problemlə qarşı-qarşıya qalıb. Bu azmış kimi   Gürcüstanın Samstxe-Cavaxetiya regionu da etnik qarşıdurmalar məkanı sayıla bilər. Milli zəmində süni ajiotajdan yararlanmaqda maraqlı olan Cavaxetiyanın erməni əhalisi təxribat yaratmaq niyyətindədir. 2002-ci il Gürcüstanda alınan siyahıyaalmaya görə, bu ölkədə yaşayan 248 min erməninin 113 mini Cavaxetiyanın payına düşür.
(Yaddan çıxarılmamlıdır ki, ermənilər Gürcüstanda uzun illərdir soyadlarını gürcüləşdirərək yaşayırlar. Bu, onu göstərir ki, göstərilən statistika gerçəklik deyil-A.K).
Bu regionda yeni münaqişə ocağının Cavaxetiya olacağını söyləmək üçün əsaslar var. Süni şəkildə yaradılmış bu münaqişələrin region üçün təhlükə mənbəyi olaraq qalması təbii ki, “şimala” sərf edir. Məsələ ondadır ki, bu cür separatçı və provakativ təhlükələrdən Rusiya özü də siğortalanmayıb.

Rusiya özü qazdığı quyuya düşəcək

Rusiyanın başqa dövlətlərə qarşı oynadığı etnik-siyasi metodlar öz ərazisindən də yan keçmir. Dağıstan, Çeçenistan, İnquşetiya faktorları və indi bu ölkənin tərkibində olan xeyli regionlar var ki, bütün bunlar “Şimal ayısı” üçün təhlükə mənbəyidir. Radikal-dini ideoloji baxışlara malik terrorçu qrupların Şimali Qafqazdakı fəaliyyəti təbii ki, Kreml rəhbərliyini ciddi narahat edir. Şimali və Cənubi Qafqaz region üçün əsl “barıt çəlləyidir”.



Sovetdənqalma “əmanətlərindən” biri də Dnestryanı münaqişədir. Moldova Respublikası parlamentinin 1989-cu ildə qəbul etdiyi qərara görə, moldovan dili rəsmi dövlət dili elan olunur və kiril əlifbasından latın əlifbasına keçilir. Bu qərarın yerlərdə tətbiqi ciddi narazılıqlar yaradır. Əsasən Dnestryanı rayonların ruslardan və benderlərdən ibarət əhalisi bu addımları moldovanların hakim millətə çevrilməsi, ölkədə yaşayan digər xalqların isə ikinci dərəcəli hesab olunması kimi qəbul edir. Bununla da separatçılıq meylləri güclənib körüklənərək, miqyası genişlənir. 1990-cı ilin dekabrında referendum keçirilərək Dnestryanı Moldova Respublikası “müstəqil dövlət” elan olunur. Moldova tərəfinin bununla razılaşmaması problemi hərbi müstəviyə gətirib çıxarır. 1992-ci ildə başlayan və bir neçə ay davam edən silahlı münaqişə iyul ayında Moldovanın Dnestr çayının sol sahillərinə nəzarəti itirməsi ilə yekunlaşır. İyulun 22-də Rusiyanın vasitəçiliyi ilə Tiraspolla Kişinyov arasında atəşkəs sazişi imzalanır. Atəşkəs sənədinə əsasən, təhlükəsizlik zonası yaradılıb. Sülhyaratma əməliyyatlarına birgə sülhməramlı qüvvələr cəlb olunub. Qüvvələr nisbəti isə belə müəyyənləşdirilib: Moldovadan 300, Dnestryanıdan 300, Rusiyadan isə 500 hərbçi. O vaxtdan problemin həlli istiqamətində danışıqlar başlayıb. Danışıqlar prosesi əvvəlcə tərəflərin öz arasında aparılsa da, sonradan format genişlənib və “5+2" formatına (Moldova, Dnestryanı bölgə, ATƏT, Rusiya və Ukrayna, həmçinin ABŞ və Avropa İttifaqından müşahidəçilər) keçib. Bu münaqişədə separatçılara bölgədəki rus qoşunları fəal dəstək verib. Bu gün də təcavüzlə üz-üzə qalan Moldova danışıqlarda hər hansı bir irəliləyişə nail olmayıb. Separatçıların yaşadıqları bölgədə rus sülhməramlıları xidmət edirlər.

Mərkəzi Asiyada kənar qüvvələr

Dünya geosiyasi istiqamətlərinin müəyyən konturları və aparıcı xətti Mərkəzi Asiya bölgəsidir. Mərkəzi Asiyadakı proseslər mürəkkəbliliyi və daha çox istiqamətli olması ilə diqqəti cəlb edir. Dünya siyasi arenasında və iqtisadi sferasında bəlli hədəflərə çatmış Çinin bu regionda söz sahibi olmaq uğrundakı mübarizəsi onu Rusiya və ABŞ-la qarşı-qarşıya qoyur. Müttəfiq hesab olunan Rusiya ilə Çinin regionda maraqları toqquşduğundan belə qənaətə gəlmək olar ki, üç böyük gücün bölgədə “davası” gedir. Bir sözlə, Vaşinqton, Moskva və Pekin siyasi texnologiyalardan istifadə etməklə Mərkəzi Asiyada mübarizə aparır. Kremlin son zamanlar yeni SSRİ modeli olan Avrasiya İttifaqına keçmiş MDB ölkələrini cəlb etmək niyyətlərinin bu regiondan da yan keçməyəcəyini göstərir. Artıq Qazaxıstan Gömrük İttifaqına qoşulmaq barədə qərar verib. Ancaq digər ölkələr olan Tacikistan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın Rusiya prezidenti V. Putinin neosovet ideyalarına tam olaraq dəstək vermirlər. Bütün bu problemlərlə yanaşı, Mərkəzi Asiyada etnik münaqişə ocaqları da yox deyildir. Qırğızıstanın Oş vilayətində özbək diasporu fəaliyyət göstərir ki, bu da qırğızlarla toqquşmaların baş verməsinə səbəb olur. 2012-ci ildə rəsmi Daşkəndin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməsindən sonra Rusiya ilə münasibətlərdə soyuqluq yaranmasının ardından Moskvanın Daşkəndə qarşı etnik kartdan istifadə edəcəyi şəksizdir.

Moskva necə deyərlər bir əldə iki qarpız tutaraq, Tacikistanı da etnik özbək əhalisi ilə qorxudur. Görünür bunun nəticəsidir ki, Tacikistan prezidenti İmaməli Rəhman Rusiya bazalarının 2050-ci ilə qədər ölkəsində qalması haqqında razılığa gəlib. Tacikistanda taciklərdən sonra çoxluq təşkil edən özbək əhali (1.5 mln nəfər) ilə toqquşmalar baş verir. Regionun perspektiv siyasi durumunu şərh edərkən Çin və ABŞ amili də mütləq nəzərə alınmalıdır. Bu dövlətlərin də maraqları naminə Rusiya kimi bu bölgədə qarışıqlıq yaratmaq istəkləri gözardı edilməməlidir.

Mənə dəniz verin...


MDB məkanı üçün əsas problemlərdən biri də Xəzər gölünün hüquqi statusu ilə bağlı yaranmış fikir ayrılıqlarıdır. Beş ölkə -Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran (İran MDB məkanına daxil deyil-A.K) Xəzər dənizini bölüşdürməkdə çətinlik çəkir. Əvvəllər Xəzər İranla bölüşdürülmüşdüsə, Sovetlər Birliyi dağıldıqdan sonra bu ittifaqdan ayrılaraq müstəqilliklərini elan etmiş Xəzəryanı dövlətlər də özlərinə pay götürdülər. İran və Türkmənistanın status məsələsində tutduğu mövqedən geri çəkilməməsi vəziyyəti düyün nöqtəsinə gətirir. Xəzəryanı dövlətlər hər biri öz iqtisadi və siyasi maraqlarını önə çəkərək daha çox pay götürmək istəsə də, toqquşan maraqlar fonunda bu qeyri-mümkün görünür. Hazırda Rusiya, Qazaxıstan və Azərbaycan arasında dənizin dibinin milli sektorlara bölgüsü haqqında müqavilə olsa da, Xəzərin statusu məsələsi hələ ki, tam həll olunmayıb. İran və Türkmənistan Xəzərin hüquqi statusu məsələsində nümayiş etdirdiyi fərqli (qeyi-konstrukriv) mövqe aradan qalxmamış, bu iki dövlətin dənizin Azərbaycan sektorunda yerləşən bəzi yataqlara olan iddiaları Xəzəryanı dövlətlər arasında münasibətləri bir qədər də gərginləşdirir. 1990-cı illərin əvvəllərindən Xəzərlə bağlı başlayan danışıqlar isə hələlik tam həllini tapmayıb. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov isə 2014-cü ildə Rusiyada keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının sammitindən gözləntilər olduğunu vurğulayıb.

Ardı var...

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi