“Demokratik Təsisatlar və İnsan Haqları bürosunun builki seçkilərlə bağlı mövqeyi obyektivliyə kifayət qədər yaxın mövqedir. Əslində, bu rəy Azərbaycanda keçirilən seçkilərlə bağlı ən böyük etimad qazanmış bir rəydir. Təsadüfi deyil ki, dünyanın bütün aparıcı dövlətlərinin rəsmi şəxsləri, deyək ki, dünya birliyi ATƏT-in İnsan Haqları Bürosunun 2013-cü ildə 9 oktyabr seçkilərindəki rəyi ilə bağlı qətiyyətli mövqe ortaya qoyub”.
Bunu Modern.az-a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, Milli Şuranın üzvü Arif Hacılı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda keçirilmiş prezident seçkisinə dair yaydığı yekun rəyə münasibət bildirərkən deyib. O bildirib ki, siyasi qüvvələr bu rəydən nəticə çıxarmalıdır: “İlk növbədə Azərbaycan hakimiyyəti bu rəydən nəticə çıxararaq, ölkədə demokratik islahatlara başlamalıdır. ATƏT-in seçki ilə bağlı rəyindən Azərbaycan cəmiyyəti də nəticə çıxarmalıdır. Azərbaycan cəmiyyəti demokratik, azad cəmiyyətin üstünlüklərini dərk etmək səviyyəsindədir. Cəmiyyət beynəlxalq birliyin bu mövqeyinə arxalanaraq, öz haqları uğrunda mübarizəyə qalxmalıdır. Təəssüflər olsun ki, bundan əvvəl də beynəlxalq birliklərin bu tipli açıqlamalarından hakimiyyət nəticə çıxarmayıb. Azərbaycan hakimiyyətinə ölkədə demokratik islahatlara başlamaq üçün ATƏT tərəfindən uzun illər ərzində müxtəlif tövsiyələr irəli sürülüb, ancaq hakimiyyət nəinki ölkədə demokratik dəyişikliklərə rəvac verən addımlar atır, əksinə, hər dəfə müxtəlif bəhanələrlə gah siyasi partiyaların, gah da QHT-lərin fəaliyyətini məhdudlaşdırır”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri, Milli Şuranın üzvü Həsən Kərimov ATƏT-in belə mövqe ortaya qoymasının gözlənilən olduğunu deyib: “Belə bir yekun rəyin olması ATƏT-dən gözlənilən idi. Bununla bağlı əvvəlcədən mövqe ortaya qoyulmuşdu. İlkin açıqlamalarında da seçkidə baş verən neqativ halların olması xüsusi vurğulanırdı. Əgər bu, olmasaydı, ATƏT-in ilk rəyinə kölgə salınmış olacaqdı. Biz də onların bu mövqeyini obyektiv qiymətləndiririk. Güman edirik ki, Azərbaycan hakimiyyət orqanları ATƏT-in bu rəyindən nəticə çıxaracaq və ölkədə növbəti seçkilərin şəffaf keçirilməsi təmin edəcək. Doğrusu, hakimiyyətin bundan nəticə çıxaracağına inanmıram. Amma Ukraynadakı və bunların fonunda baş verən hadisələr göstərir ki, xalqın “səbr kasası”nı doldurmaq olmaz. Hakimiyyət bundan nəticə çıxarmalıdır”.
Qeyd edək ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkisinə dair yekun rəy yayıb. Sənəddə deyilir ki, seçki ifadə, toplaşma və birləşmə azadlıqlarına məhdudiyyətlər şəraitində keçirilib və bütün namizədlərə bərabər şərait yaradılmayıb, kampaniya seçicilərin qorxudulması ilə müşayiət olunub.
İlkin PİRƏLİ