“2-ci qrup Qarabağ əlili Zaur Həsənovun məsələsi 2010-cu ildə həll olunub”. Bunu Modern.az-a açıqlamasında Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) mətbuat xidmətinin rəhbəri Nazim Ağamirov deyib.
“Kiməsə bəd informasiya lazımdır. Buna görə də çoxdan bitib həll olunan məsələni bir az da şişirdirlər. Elə bilirsiniz bu informasiyanı yayanların Qarabağ əlilinə ürəkləri acıyır? Onlar sadəcə, insanlığın nə olduğunu unudublar. 2010-cu ildə aşağı instansiya məhkəməsində, yuxarı instansiya məhkəməsində bu məsələyə baxılıb. Qanunla isbata yetirilməsi sübut olunub”, – deyə Nazim Ağamirov vurğulayıb.
Qeyd edək ki, bu gün AHIK-in qarşısında 2-ci rup Qarabağ əlili Zaur Həsənov özünü yandırmağa cəhd edib. Hazırda vəziyyəti ağır olan Z. Həsənov intihar cəhdindən əvvəl bildirib ki, mülkiyyət hüquqları Həmkarlar İttifaqı tərəfindən ciddi şəkildə pozulub: “Vaxtilə Heydər Əliyev tərəfindən Qarabağ əlillərinin yaşayışlarının yaxşılaşdırılması məqsədi ilə dəniz kənarında mənə torpaq sahəsi verilmişdi. Həmin torpaqla bağlı Həmkarlar İttifaqı tərəfindən 2010-cu ildə məhkəməyə verildim və yerim əlimdən alındı. Məhkəmənin qərarından sonra hər yerə şikayət etməyimə baxmayaraq boş-boş sözlər və vədlərdən başqa bir cavab verilmədi”.
Z. Həsənov torpaq sahəsində yerləşən obyektinin yeganə gəlir mənbəyi olduğunu bildiririb: “Özümü yandırmağımla bağlı verdiyim qərar qətidir. Evim bankda girovdadır və satışa çıxarılıb”.
Namidə BİNGÖL