2013 Azərbaycan jurnalistikası üçün nəylə yadda qaldı? Modern.az ilin yekunu ilə bağlı müxtəlif jurnalist təşkilatlarının rəhbərlərini sorğulayıb.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı: “Mənim nöqteyi-nəzərimcə il çox ağır keçdi. İnkişaf adına bir şey baş vermədi”.
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli: “Düşünürəm ki, 2013-cü il media üçün ölü il olmadı. Dediklərim birmənalı qarşılanmsa da, jurnalistlərin evlə təmin olunması üçün prezidentin sərəncam verməsi böyük hadisədir. Jurnalistlərə ev paylanması tədbirində prezident özü şəxsən iştirak etdi. Dünya standartları ilə götürsək, jurnalist hər hansı məmurdan, dövlətdən bəxşiş almamalıdır. Fikrimcə, bu ümumi münasibətdir. Jurnalist təbəqəsi Azərbaycanda ən az təminatlı sosial təbəqədir. Aldığı maaş onun ailəsini saxlamağa, yaşamağa və üstəlik mənzil almağa heç cür imkan vermir. Bu baxımdan iqtisadiyyatı sürətlə inkişaf edən bir ölkədə jurnalistlər də öz payına düşəni almalıdır. Bu cür yanaşdıqda bu çox əlamətdar hadisədir.
Noyabrın 24-də ”Jurnalistlərin dostu “mükafatının təqdim edilməsi mərasimində prezidentin jurnalistlərlə görüşünü də vurğulamaq istərdim. Dövlət başçısınınjurnalistlərlə çox açıq şəkildə söhbəti, onların problemləri ilə maraqlanması təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Bu hadisədən sonra jurnalist peşəsinə inam artıb. “Şantajçı jurnalistika”dan fərqli olaraq həqiqi jurnalistikaya dəyər vermə artıb.
O ki qaldı problemlərimizə, demək olmaz ki, medianın problemləri yoxdur. Demokratik yoldursa, orda sonsuza qədər inkişaf var. Media müstəqillik yolunda mübarizə aparmalıdır. İqtisadi asılılıq olmamalıdır. Müstəqil medianın formalaşması üçün fundamental zəmin olmalıdır. Təəssüf ki, bizim mətbuat iqtisadi cəhətdən güclü deyil, deməli, azad da deyil”.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli: “2013-cü il Azərbaycan mətbuat tarixində xüsusilə yaddaşda qaldı. Tarix boyu mediada nə bu qədər inkişaf olub, nə də bundan sonra olacaq. Media sahəsində görülən işlər, atılan addımlar, inkişaf ümumiyyətlə Azərbaycan jurnalistika tarixi üçün yeni bir eranın başlanğıcını qoydu. Xüsusi olaraq jurnalistlər üçün ev tikilməsi, təqdim olunması nəinki bizim, hətta dünya mediasında görünməmiş haldır. Bu ilk dəfə respublikamızda tətbiq olundu. Tikilmiş bir binanın təhvil verilməsi, yeni birinin tikilməsi üçün sərəncam verilməsi mühüm bir addımdır. Cənab prezidentin jurnalistlərlə görüşünü qeyd etməmək olmaz. Bu deməyə əsas verir ki, medianın problemi, inkişafı, yeni çağırışları birbaşa prezidentin diqqətindədir. Ümumi şəkildə götürəndə jurnalistlərin sosial durumunun yaxşılaşdırılması üçün atılan addımlardır. Ayrı-ayrı müsabiqələrin keçirilməsi də jurnalistikanın inkişafı üçün yaxşı təsir edir”.
Parlament Jurnalistləri Birliyinin rəhbəri Elşad Eyvazlı: “2013-cü il Azərbaycanda jurnalistlərin həyatında müxtəlif hadisələrlə yadda qaldı. Mən bu sırada Prezident tərəfindən jurnalistlərə ev verilməsi məsələsini xüsusilə vurğulamaq istərdim. Bu, böyük bir hadisə oldu. Eyni zamanda jurnalistlər üçün yeni binanın tikilməsi bu işin davamlı olacağından xəbər verir. Bu sırada ölkə jurnalistlərinin qurultayının keçirilməsi də var. Bu il həm də internet jurnalistikasının qəzet, televiziya və digər media növlərini üstələməsi ilə müşahidə olundu. Hər halda uğurlar çoxdur. Amma həbsdə olan jurnalistlərimiz də var. Onların tezliklə azadlığa çıxmasını arzulayıram...
2013-cü ildə dünya üzrə jurnalistikanın vəziyyətinə nəzər yetirdikdə sanki bu sahəyə ögey baxışlar hiss edilir. Mən 2013-cü ildə Azərbaycan Prezidentinin "Jurnalistlərin dostu" mükafatına layiq görülməsini hadisə kimi qiymətləndirirəm. Prezident jurnalistlərin dostudursa, deməli, jurnalistin məmurdan qorxusu olmayacaq”.
Gülşən Raufqızı