Modern.az

Emin Əmrullayevdən Lerikdə məktəblərin bağlanmasına REAKSİYA

Emin Əmrullayevdən Lerikdə məktəblərin bağlanmasına REAKSİYA

Təhsil

20 Noyabr 2024, 16:48

"Bu ilin sentyabrında Lerikdə 8 məktəb bağlanıb, lakin şagirdlərin digər məktəblərə daşınması məsələsi indiyədək həll olunmayıb."

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

Deputat problemin həlli üçün iclasda iştirak edən elm və təhsil naziri Emin Əmrullayevə müraciət edib:

"Bu problemin tezliklə həll edilməsi vacibdir. Rayonda daha 10 məktəbin də bağlanıb komplektləşdirilməsi nəzərdə tutulur. Lerik dağlıq ərazidir, rayonun bir tərəfindən o biri tərəfinə 100 kilometrə qədər məsafə var. Elə inzibati ərazi dairələri var ki, burada olan 10 kənddən 5-6-da ibtidai məktəb, 3-də ümumi orta məktəb var, amma inzibati ərazi dairəsində bir dənə də olsun tam orta məktəb yoxdur. Belə olan təqdirdə, 9-cu sinifi bitirən şagird 10-15 kilometr uzaq məsafədə yerləşən bir kəndə məktəbə getmək və ya ailəsi ilə birlikdə həmin ərazidən köçmək məcburiyyətində qalır. Bu problemin həlli üçün bir inzibati ərazi dairəsindəki ümumi məktəblərdən heç olmasa birinin tam orta məktəbə çevrilməsini xahiş edirəm."

Millət vəkili həmçinin Lerikdə bir çox məktəblərdə odun tədarükünün edilmədiyini vurğulayıb:

"Payız-qış mövsümünün gəlməsinə və soyuqların düşməsinə baxmayaraq Lerik rayonunun məktəblərinin bir çoxuna indiyədək odun tədarük edilməyib. Lerik rayonunun odunla qızdırılan 36 məktəbindən 3-ü istisna olmaqla qalanlarına indiyədək odun verilməyib. Bu məsələnin tezliklə həll edilməsini xahiş edirəm."

 

Elm və təhsil naziri Emin Əmrullayev isə bildirib ki, Lerikdə bağlanan məktəblərin şagirdlərinin daşınmaması məsələsini nəzarətə götürüb. O qeyd edib ki, bağlanan məktəblərin şagirdlərinin daşınması təmin olunmalıdır: “Əgər olunmayıbsa, bunu araşdırarıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi