2013-cü ildə Milli Məclisdə bir sıra məsələlər müzakirəyə çıxarılıb qəbul edildi. Bəs il boyu parlamentin iclaslarında parlament jurnalistləri üçün ən yadda qalan qanun layihəsi oldumu? Yaxud parlament jurnalistləri hansı qanun layihəsinin qəbulunu gözləyirdilər, amma ümidlər puça çıxdı?
Modern.az saytı 2013-cü ilin yekunlarına dair parlament jurnalistləri arasında sorğu keçirib.
“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı qəbul edilən qanunlar arasında fərq qoymur. “Məncə, Milli Məclisin qəbul etdiyi bütün qanunlar vacibdir. Ona görə də qanunlar arasında hər hansı fərq qoymaq istəmirəm. Adətən, daha çox əlavə və dəyişikliklər edilir. Bütün qəbul olunan qanunlar əhəmiyyətli və vacibdir”.
“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy yola salacağımız ildə bir çox məsələlərə deputatların soyuqqanlı yanaşdığını deyir. “Əslində gözlənilən büdcə müzakirəsi idi. Bu müzakirələr komitə iclaslarında daha ciddi müzakirə olundu. Reqlamentin 5 dəqiqəyə endirilməsi, məsələyə ötəri baxış, hökumət üzvlərinin müzakirələrdə candərdi iştirakı da o qənaəti yaratdı ki xalqın və dövlətin taleyini müəyyən edən dövlət büdcəsi haqqında qanunun müzakirəsinə ötəri yanaşıldı və digər məsələlərin üstündən keçildi. Buna baxmayaraq, bir sıra gözləntilər də var idi. “Diffamasiya haqqında” Qanun layihəsi qəbul edilmədi. Qarabağla bağlı müzakirələr və işğal edilmiş ərazilərlə bağlı əlahiddə qanunun qəbulu olmadı. Bu da təəssüf doğuran hal idi. Bir çox hallarda deputatların özləri də həm iqtidara yaxın, həm də bir sıra müxalif partiyaların rəhbərlərinin fikirlərini eşitdik ki, onlar bir növbəli iclasların keçirilməsinə etirazını bildirdilər. Sanki onlar harasa tələsirmişlər kimi parlamentdə müzakirələrə qatılmasına qarşı çıxdılar. Payız sessiyası da bu ovqatda yekunlaşmaq üzrədir. Yalnız bir iclas qalıb. Ondan da fövqəladə nəsə olacağını gözləmirəm. Ölkə vətəndaşı 10%-lik artımın ardınca bahalaşma ilə üz-üzə qaldısa parlamentdə bunun qarşılığında hansısa bir əks arqumentlə çıxış etməyə qadir olmadısa ictimai rəydə xoş ovqat necə formalaşa bilər?! Ümid edək ki, növbəti ildə qalan boşluqlar öz həllini tapar”.
Publika.az saytının əməkdaşı Vasif Həsənli vacib qanunların qəbul edildiyi qənaətindədir. “Bu il bir çox qanunların qəbulu ilə yadda qalan oldu. Mənim üçün ən yadda qalanı isə Milli Məclisdə 2014-cü ilin dövlət büdcəsinin təsdiqi və “İctimai iştirakçılıq haqqında” Qanun layihəsinin birinci oxunuşda qəbulu oldu”.
“Bakupost” qəzetinin əməkdaşı Fərəh Sabirqızı 2013-cü ilin daha çox sərtləşdirici qanunlarla yadda qaldığını deyir. “Milli Məclis il ərzində təbii bir çox faydalı sənədlər qəbul edib. Amma nədənsə bu il mənim yaddaşımda daha çox məhdudlaşdırıcı və sərtləsdşdirici qanunlarla yadda qalıb. Məsələn, “Yol hərəkəti haqqında” Qanuna xeyli dəyişiklik oldu. Avtoxuliqanlara qarşı mübarizə sərtləşdirildi, cərimələr yüksəldildi. Həmçinin, dini ədəbiyyatla bağlı bir sıra məhdudlaşdırıcı dəyişikliklər oldu. Yeni qanunlardan ən faydalısı kimi “Uşaqların icbari dispanserizasiyası haqqında” sənədi qeyd etmək istərdim. Məncə, bu, çox önəmli və hər bir ailəyə faydası ola biləcək bir qanun olacaq. Təəssüf ki, reproduktiv sağlamlıq, təhsil siyasəti, təhsil kreditləri kimi zəruri sənədlər yenə də baxılmamış qaldı”.
“Azvision.az” saytının əməkdaşı Sevinc İltifatqızı qalmaqala səbəb olan qanun layihələrinin qəbulundan danışdı. “Milli Məclisdə qəbul edilən ən yaxşı qanun layihəsi, fikrimcə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil haqlarından azad olunması ilə bağlı qanun layihəsidir. Amma qalmaqala səbəb olan qanun layihələri də var. Məsələn, deputatların maaşının qaldırılması, eləcə də məhkəmə hakimlərinin maaşının artırılması ilə bağlı qanunlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu”.
“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı siqaret əleyhinə qanun layihəsinin qəbul edilməsini gözləyir. “Reproduktiv sağlamlıqla bağlı və siqaret əleyhinə qanun layihələrinin qəbulu mənim üçün çox maraqlıdır. Bu sənədlərin qəbulunu vacib sayıram. Həm də gecikməsi məni çox maraqlandırır. Düşünürəm ki, görəsən, biz tütünə nə vaxt qalib gələcəyik?!”.
Modern.az saytının əməkdaşı Aytən Əliyeva: “Mənim üçün valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil haqqından azad edilməsi ilə bağlı qanun layihəsi yadda qalan oldu. Amma qəbul edilməyən qanun layihələri də var. Elm siyasəti, ali təhsil haqqında qanunların qəbul edilməməsini göstərmək olar. Buna baxmayaraq, ən maraqlı qanun layihələri də oldu. 2014-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsinin həm komitələrdə, həm də plenar iclaslarda müzakirə edilməsi maraqlı oldu”.
“Mediaforum”saytının əməmkdaşı İmdad Əlizadə ən yadda qalan layihələrdən birinin internetlə bağlı olduğunu düşünür. “Milli Məclisin 2013-cü ildə qəbul etdiyi mühüm layihələrdən biri amnistiya aktıdır. Yadımda qalan layihələrdən biri də internetlə bağlı Cinayət Məcəlləsinə edilən əlavə və dəyişikliklərdir. Həmin dəyişikliyə əsasən böhtan və təhqirə görə cinayət məsuliyyəti internetə də şamil olunub. Bundan başqa 2013-cü ildə qanunvericiliyə bir sıra əlavə və dəyişikliklər edilib. Əsasən də Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, "Yol hərəkəti haqqında", "Dini etiqad azadlığı haqqında" qanunlara xeyli əlavə və dəyişikliklər olub. Bu əlavə və dəyişikliklər əsasən cəzaların sərtləşdirilməsi, cərimələrin artırılmasını nəzərdə tutulurdu”.
Namidə BİNGÖL