
“AZAL sərnişindaşımayla məşğuldur, hava limanında insidentin olub-olmadığını Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsi deməlidir”. Bunu Modern.az-a AZAL-ın mətbuat katibi Məhərrəm Səfərli deyib.
Öz növbəsində Polis İdarəsində dünən beynəlxalq hava limanında kütləvi davanın baş verib-verməməsi nə təsdiq, nə də təkzib olundu.
Qeyd edək ki, sözügedən hadisə dekabrın 25-i gecə saatlarında qeydə alınıb. Aznews.az-ın məlumatına görə, xuliqanlıq etmiş şəxslər müdafiə naziri Zakir Həsənov, rabitə naziri Əli Abbasov və keçmiş baş prokuror İxtiyar Şirinovun yaxınları arasında baş verib.
Məlumata görə, hadisə dekabrın 25-i gecə saatlarında qeydə alınıb. İki qrup arasında mübahisə hələ Rusiya paytaxtı Moskvadakı Şeremetova hava limanında başlayıb. Hər iki qrupun Azərbaycana gəlmək üçün eyni təyyarə reysinə bilet aldığı və daha sonra hava limanında tərəflər arasında mübahisə yarandığı bildirilir.
Moskvada başlayan mübahisə təyyarə Bakıda yerə endikdən sonra da davam edib. Hava limanının dayanacağında saxlanan maşınlarının götürmək üçün gələn mübahisə iştirakçıları burada yenidən əlbəyaxa olub.
Kütləvi davada bir neçə nəfərin xəsarət aldığı bildirilir ki, onların da arasında müdafiə naziri Zakir Həsənovun yaxın qohumu da var. Nazirin qohumunun ayağı sınıb, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Müdafiə nazirinin qohumunun da xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi davanın iştirakçıları arasında Rabitə və İnformasiya Yexnologiyaları naziri Əli Abbasovun kürəkəni, eləcə də keçmiş baş prokuror İxtiyar Şirinovun yaxınları da olub.
Bundan başqa davada müdafiə naziri Zakir Həsənovun qohumu, hazırda Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini olan, polis general-mayoru Elxan Həsənovun oğlu da iştirak edib. Davada xəsarət alan şəxsin kimliyi də məlumdur. Bu, müdafiə naziri Zakir Həsənovun əmisi oğludur.
Ayağı sınan və müxtəlif dərəcəli bədən xəsarətləri alan bu şəxs də Müdafiə Nazirliyində çalışır.
"Heydər Əliyev adına Beynəlxalq Hava Limanında mənim qohumlarımın döyülməsilə bağlı yayılan xəbərlər doğrudur. Dava hər kəsin gözü qarşısında, təhlükəsizlik kameralarının yaxınlığında olub. Qohumlarım ağır bədən xəsarəti alıblar. Hazırda araşdırmalar gedir".
Bunu Teleqraf.com-a açıqlamasında keçmiş baş prokuror İxtiyar Şirinov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında onun da qohumlarının iştirak etdiyi dava ilə bağlı yazılanlara münasibət bildirərkən qeyd edib
İ.Şirin deyib ki, onun qohumları olan iki şəxs həmçinin başqa vəzifəlilərin qohumudur: "Hadisə barədə qohumlarımın valideynləri də xəbərsizdir. O biri tərəf 6-7 nəfər olub. Günahkar da, zərərçəkən də bəllidir".
Gülşən Raufqızı